Məlum olduğu kimi, ötən həftə prezidentin fərmanı əsasında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunan hərbi qulluqçular üçün sığorta haqlarının ödənişi prosesinə başlanıb. Lakin çoxlu sayda şəhid ailəsi həmin sığortanı ala bilmədikləri üçün narazı qalıb.
Məlum olub ki, ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də, nazirlikdən onlara bildirilib ki, prosesi icra edən "Azərsığorta” onların adını siyahıya salmayıb. Bu səbəbdən bir qrup şəhid ailəsi Milli Məclisin önünə gedərək bu barədə etirazlarını deputatlara bildiriblər. Deputatlar isə parlamentin iclasında məsələni gündəmə gətirib, öz etirazlarını ifadə etdilər.
Deputat Zahid Oruc qeyd edib ki, 4800-dən artıq şəhid ailəsinə "yox” cavabı verilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır.
İndi çoxlarını bu sual düşündürür: problemin yaranmasında günahkar "Azərsığorta”dır, yoxsa başqa qurumlardır?
Mövzu ilə bağlı millət vəkili Zahid Oruc "Yeni Müsavat”a danışıb: "Bu məsələ bir çox aspektlərə malikdir. İlk növbədə problemi çözərkən onun mənəvi tərəflərini hər zaman yüksək tutmalıyıq. Hər zaman şəhid və onun ailəsinin əməlinin qiymətləndirilməsindən danışarkən hətta haradasa onun ailə üzvünə keçmişdə ödənilən vəsaitlər olubsa da, bu gün verilən reaksiyalar hansısa hökumət qurumunun və yaxud sığorta təşkilatının timsalında ictimailəşən fikirlərdə hörmət gözlənilməlidir. Sığorta ödənişlərinin vaxtilə qanunvericilik bazası mövcud olmayıb, bir qədər fərqli şəkildə həyata keçirilib, yalnız hərbi qulluqçuların sığorta ödənişləri 2000-ci illərdən sonra reallaşdırılıb. Bu məsələnin çözümü üçün ölkə rəhbəri müqəddəs xarakter daşıyan, önəmli məzmun kəsb edən addım irəli sürüb. Yəni 90-cı illərin həyatına aid olan məsələnin çözümünə dair qərar verib, bunun üçün maliyyə vəsaiti ayrılıb. Aidiyyəti qurumların da borcudur ki, bu prosesi ünvanlı aparsın, daim cəmiyyətin məlumatlandırılmasını həyata keçirsin, müxtəlif qurumların fəaliyyətini birgə reallaşdıra bilsin və ən sonda bu məsələnin cəmiyyət üçün örnəyi bərqərar etsinlər.
Heç bir şey şəhidin yerini vermir. Onun həyatı sığorta oluna bilən deyil. Sadə xalq dilində desək, qanpulu olan sığorta pulu şəhid anasının, ailəsinin düşüncəsində şəhidin özünə xərclənməsi kimi qəbul olunur. Halbuki biz çox yaxşı bilirik ki, dünyada elmi nailiyyətlər ən yüksək səviyyəyə gəlsə də, dini inkar etsələr də, dünyanın hansı nəzəriyyələrlə yarandığı mövqeyi bu gün qalib də gəlsə, bütün alimlər birləşib bir damla qanı yarada bilmir. Yəni nəticə çıxır ki, qanın qiyməti yoxdur. Bu səbəbdən onu 11 min manatla da ölçmək mümkün deyil.
Parlamentdə bu məsələ gündəmə gələrkən bizim də yanaşmamız ondan ibarət oldu ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi burada məsələnin bir hissəsini həll edir və qətiyyən onları günahlandıracaq bir mövqe bildirilmədi. Hamının düşüncəsi ondan ibarətdir ki, nazirlik də israrlıdır ki, şəhid ailələri onlara üz tutanda məsələnin çözümü xoş mərama xidmət etsin. Bu səbəbdən bizim birinci növbədə ünvanımız dövlət kommersiya sığorta təşkilatıdır. Şəhid ailələrinə belə bir elektron cavab verilib ki, "siz hansısa zamanda bu vəsaiti almısınız”. Düşünürəm ki, cavab bu cür olmamalı, əksinə, geniş şəkildə müzakirələr edilməli, ailələrin özləri ilə görüşüb onlara izah edilməlidir. Yoxsa bunu yalnız hansısa informasiya vasitəsilə vermək doğru deyil. Düşmən tərəfinin istəyi olardı ki, milyonlarla vəsait ayrılsın və həmin vəsaiti ehtiyacı olan şəhid ailələri ala bilməsin, bundan narazı qalsın. Hesab edirəm ki, dövlət kommersiya sığorta təşkilatı borcludur ki, uzun illər ərzində onlara ünvanlanan ittihamları da cavablandırsın, məsələ ilə bağlı ölkə rəhbərinin sərəncamını ideal səviyyədə icra etsin ki, cəmiyyətimizdə narazılıq yaranmasın. Bu axı onların borcudur. Söhbət heç bir halda kimlərsə humanitar yardımdan getmir, dövlət başçısı qərar verib və hər kəs bunu yüksək dəyərləndirir, sərəncamı da icra etmək sığorta təşkilatının işi, məsuliyyətidir.
Dünyanın hər yerində sığorta qurumları fors-major hallarda insanların dadına çatır, köməyinə yetirlər. Bu sığorta qurumu isə sanki tam əksinədir, sanki qazanan tərəf kimi çıxış edir. Nəinki şəhid ailələri ilə bağlı məsələlərdə, o cümlədən digər sektorlarda da sığorta ilə bağlı problemlər var. Əminəm ki, əgər bu məsələni başqa təşkilat öz üzərinə götürsəydi, onun həllini daha yaxşı həyata keçirərdi, nəticəsindən bir vətəndaşımız belə narazı qalmazdı".
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə qeyd etdi ki, şəhid ailələrinə sığorta verilməsi ilə bağlı məsələ artıq 5 ildir ki, davam edir: "Burada şəhid ailələrinə sığorta pullarının verilməsində yaranmış problemə görə birinci günahkar birbaşa ”Azərsığorta"dır, ikinci isə həmin dövrlərdə rayon icra hakimiyyətlərində çalışan yarıtmaz məmurlardır. O dövrdə sənədləri hazırlayıb təqdim edən şəhid ailələrinə deyirdilər ki, onun dəyəri 5 "şirvan”dır (o dövrdə 50 min manat), ona görə də şəhid ailələrinin də çoxu bu məsələnin arxasınca getməmişdilər. Sonradan həmin pullar mənimsənilmişdir.
2007-ci ilə qədər olan şəhid ailələrinin hər birinə 11 min manat verilməlidir. Həmin şəhidlərin arasında 800 nəfər polis işçisi var, bu nə qədər böyük vəsait tutur ki, onları siyahıdan çıxardırlar. Ağdamın işğalı zamanı onlar döyüşüb şəhid oldular, onların da adı salınmayıb. Bu, düzgün deyil, ədalətsizlikdir. Xocalıda qalıb, sadə ov tüfəngi ilə kəndin müdafiəsinə qalxıb şəhid olanlar var, indi onların ailələrinə bu sığorta verilmir. Eləcə də 2007-ci ildən sonra bu pulu ala bilməyənlərə sığorta mütləq verilməlidir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov da mövzu ilə bağlı açıqlama verərək bildirib ki, artıq narazı vətəndaşların bir qisminin müraciəti araşdırılıb:
"Vətəndaşların narazılığı ondan ibarətdir ki, ”Azərsığorta" şirkəti məlumatları səhv verib. Lakin qeyd etdiyimiz kimi, narazı vətəndaşlar nazirliyə müraciət edərlərsə, operativ araşdırma aparacağıq. Necə ki, artıq bir qrup narazı vətəndaşın müraciəti araşdırılıb və onların vaxtilə sığorta ödənişi aldığı barədə sənədlər təqdim edilib".