Noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp İranın dünya bazarına neft və neft məhsulları çıxarmasının qarşısını alan sanksiyanın müddətini uzatmaq haqqında sərəncam imzalayıb.
Bununla yanaşı, ABŞ Prezidenti Dövlət Departamentinə, maliyyə və energetika nazirliklərinə sərəncamın icrası ilə əlaqədar məktub göndərib və xüsusi tapşırıqlar verib.
D.Trampın məktubunda deyilir: "Dünyada kifayət qədər neft istehsal olunur və dünya bazarı İran nefti olmadan da keçinə bilər”.
Məktubda, həmçinin qeyd olunur ki, bu sərəncam aparılan dərin təhlillərdən sonra verilib. Lakin məktubda Ağ Evin bu qərarının dünya bazarında neftin qiymətinə necə təsir göstərəcəyi qeyd olunmayıb.
Tehran mətbuatı isə yazır ki, sanksiyalara baxmayaraq, İran dünya bazarına neft çıxaracaq və onun alıcıları artıq sifarişlər veriblər.
İran mediasının iddiasına görə, İranın dünya bazarına neft çıxarmaq imkanlarının məhdudlaşdırılması neftin qiymətinin yüksəlməsinə gətirib çıxaracaq ki, bu da bir çox dövlətlərin narazılığına səbəb olacaq: "ABŞ isə bu narazılıqların qarşısını almaq üçün həmin dövlətlərə kömək etmək məcburiyyətində qalacaq, bu da onun iqtisadiyyatına mənfi təsir göstərəcək. ABŞ-ın böyük iqtisadi potensialı var və bir müddət bu yardımlarla neft idxal edən dövlətləri razı salacaq. Lakin perspektivdə ABŞ-a qarşı etirazlar artacaq. Çünki yardımların davamlı olması ABŞ büdcəsində kəsirin yaranmasına səbəb olacaq. Yəni, ABŞ İrana qarşı sanksiyalar tətbiq etməklə heç nə əldə edə bilməyəcək. Digər tərəfdən müttəfiqləri ilə münasibətləri daha da kəskin xarakter alacaq. Noyabrın 4-də yeni sanksiyalar da qüvvəyə minəcək. ABŞ-ın bu sanksiyalarla nə qazanıb, nə itirəcəyini isə zaman göstərəcək".