Prezident İlham Əliyev "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, "Valyuta tənzimi haqqında” qanunun 1-ci maddəsinin 12-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin hissədə "qurum” dedikdə, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 12-ci hissə əlavə edilir:
"12. "Maliyyə bazarlarına nəzarət orqanı” – maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.
7-ci maddənin 3-cü və 4-cü hissələri aşağıdakı redaksiyada verilir:
"3. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) maliyyə bazarlarına nəzarət orqanının, digər rezidentlər isə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesabı aça bilərlər.
4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, bu hesablar üzrə əməliyyatların aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.”.
10-cu maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:
"Bu hesabların açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, onlardan istifadə edilməsi qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Valyuta tənzimi haqqında” qanun layihəsini imzalamadan Milli Məclisə geri göndərmişdi. Parlamentin növbəti iclasında prezidentin etirazı qəbul edilərək layihəyə dəyişiklik edilmişdi.