Gələn ilin dövlət büdcəsində yaşayış minimumu 180 manat götürülüb. Hökumət bu rəqəmi təqdim edərkən hansı meyarlara əsaslanıb? Hazırki zəruri ərzaq və gündəlik tələbat mallarının qiymətləri ilə ehtiyac meyarı arasında uyğunluq varmı?
Strateq.az-ın bu barədə sorğusunu Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli cavablandırıb. Onun fikirlərini oxuculara təqdim edirik:
"2015-ci ilin iki şok devalvasiyasından sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumi isə 2016-cı ildə 5 manat, 2017-ci ildə 19 manat, 2018-ci ildə 18 manat artırılıb. Gələn il üçün isə cəmi 7 manat artırılır. Yəni 2019-cu il üçün yaşayış minimumunu ölkə üzrə 7 manat artırmaqla 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Qiymətlərin indiki səviyyəsində müasir insanın gündəlik tələbatlarının xeyli dərəcədə dəyişdiyini nəzərə alsaq, təbii ki, 180 manat yetərli deyil. Yaşayış minimumunu 7 manat artırmaqla, onu real minimum ehtiyacların səviyyəsinə çatdırmaq olmaz. Ona görə də 180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır.
İndikatorlar bir qədər dəyişdirilib, amma yetərli deyil. Məsələn, təkcə onu qeyd etmək yetər ki, ailə üçün cəmi 1 saat internet nəzərdə tutulur. Bazardakı hazırkı qiymətlər və qiymətlərin daim artdığını nəzərə almaqla və indikatorları təkmilləşdirib, müasir normativlərə uyğun daha real ehtiyac meyarı və yaşayış minimumu hesablanılsa, gələn ilin yaşayış minimumu məbləği 180 manat yox, azı 270 manatdan aşağı olmamalıdır.
"Yaşayış minimumu haqqında” Qanunun 4.4. maddəsində deyilir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Deməli, yaşayış minimumundan az götürülən 143 manatlıq ehtiyac meyarının iqtisadi əsası yoxdur və ləğv olunmalıdır.
"Yaşayış minimumu haqqında” Qanunun 5.1. maddəsinə görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Qanunun bu maddəsi də yaşayış minimumundan az götürülən ehtiyac meyarının iqtisadi əsasınının olmaığını bir daha təsdiq edir. 10 il bundan əvvəl – 2008-ci ildə yaşayış minimumu ilə minimum əmək haqqının nisbəti "Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun idi. Minimum əmək haqqı hətta yaşayış minimumundan 7 faiz yüksək idi.
Bu il minimum əmək haqqı 130 manat olmaqla 173 manatlıq yaşayış minimumundan 33 faiz azdır. Dəyişiklik olmasa, gələn ilə bu fərq 38 faizə çatacaq. Bu, sözügedən qanun pozuntusudur. Ona görə də "Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun olaraq hökumət öhdəlik götürməlidir ki, məsələn, qarşıdakı 2-3 il ərzində minimum əməkhaqqını ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldəcək. Bu çox vacib məsələdir. Çünki aztəminatlı təbəqənin maaşlarının və s. artırlması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir”.