Şəfəqə Doğru » Manşet » Bahar Muradova bəzi şəhid ailələrinin narazılığına münasibət bildirib

Bahar Muradova bəzi şəhid ailələrinin narazılığına münasibət bildirib

Bahar Muradova bəzi şəhid ailələrinin narazılığına münasibət bildirib

 "Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qanunda hansısa dəyişiklik etməsinə ehtiyac yoxdur". 

Shafaqadogru.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclissədrinin müavini Bahar Muradova deyib. 

Şəhid ailələrinin bununla bağlı etirazlarına münasibət bildirən vitse-spiker vurğulayıb ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilmiş 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesi qanunauyğun şəkildə aparılır: "Cənab Prezidentin bu məsələ ilə bağlı müvafiq fərmanı var. Eyni zamanda Milli Məclis bununla bağlı qanun qəbul edib və sənəddə bütün aspektlər nəzərə alınıb. İcra orqanları bu qanuna əsaslanaraq fərmandan irəli gələn vəzifələri yerinə yetirməkdədilər. Tək-tək hallara gəldikdə isə, biz buna dəfələrlə münasibət bildirmişik. Parlamentin bununla bağlı hansısa qanuna dəyişiklik etməsinə ehtiyac yoxdur".

B.Muradova əlavə edib ki, bu baxımdan ayrı-ayrı şəxslərin məsələləri fərdi şəkildə araşdırılmalıdır: "Lazım gəldikdə, müvafiq icra və məhkəmə orqanları vasitəsi ilə ədalət bərpa olunmalıdır. Mən birmənalı olaraq bu şəxslərin haqlı və ya haqsız olduğunu söyləyə bilmərəm. Bunu bu işə cavabdeh olan icra və məhkəmə orqanları müəyyənləşdirməlidirlər".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.