Şəfəqə Doğru » Manşet » Gədəbəyin icra başçısı dəyişsə də... - Problemlər dəyişməz olaraq qalır

Gədəbəyin icra başçısı dəyişsə də... - Problemlər dəyişməz olaraq qalır

Gədəbəyin icra başçısı dəyişsə də... - Problemlər dəyişməz olaraq qalır
Artıq neçə illərdir ki, əslən Gədəbəy rayonundan olan və vaxtilə rayonun mərkəzi hissəsində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Əliyev Oqtay Qara oğlunun M.Quliyev küçəsində 0.006 ha torpaq sahəsi üstündə yerləşən 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyekti (mağazası) 12 fevral 2015-ci il tarixdə, RİH-nin sabiq başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, hətta bir kimsə bu yöndə məlumatlandırılmadan darmadağın olunur. Onu da bildirək ki, belə bir qanunsuz addım Oqtay Qaraoğlu Bakı şəhərində müalicədə olarkən atılır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, adı çəkilən bu şəxs 08 iyul 2008-ci il tarixdə şəxsi mülkiyyətində olan obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon 11 saylı Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış alsa da, qarşı tərəf belə bir sənədlərin varlığına əhəmiyyət vermir və Oqtay Qaraoğluna məxsus obyekti darmadağın edirlər. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. Bütün bunlar qəbul olunmuş Konstitusiyamızda açıq-aşkar şəkildə qeyd olunsa da, nədənsə qarşı tərəf belə bir halların varlığını nəzərə almırlar və düşünüb-daşındıqları addımlarını da atırlar. O halda meydana belə bir sual çıxır ki, Azərbaycan Respublikasının vətəndaşı olan Əliyev Oqtay Qara oğlunun konstitusion hüquqlarının tapdaqlar altına atılmasına səbəb nədir? Bəlkə o, bu ölkənin vətəndaşı deyil, ona görə də ona qarşı belə bir aqressiya həyata keçirilir? Daha faciəli hal odur ki, sabiq icra başçısı Ramiz Yediyarov başda olmaqla, onun bu yöndə vermiş olduğu şifahi tapşırıqları "canı-qəlbdən” yerinə yetirən, həmçinin RİH Aparatında hüquq təhsili olmadan hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovla bərabər, şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov da, zərərçəkən şəxsə bir qəpik olsun belə kompensasiya ödəmirlər və ödəməkdən də imtina edirlər. Vurulmuş maddi və mənəvi ziyana görə Oqtay Qaraoğlunun kompensasiya almaq həm onun haqqıdır, həm də vətəndaş hüququdur. Ona qarşı belə bir addımların atılması, əslində bu şəxsin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması deməkdir.
Əldə etdiyimiz məlumatlara görə, 15 fevral 2015-ci il tarixdə belə bir addım atıldıqdan sonra, Oqtay Əliyev Gədəbəy rayonuna gedir və RİH Aparatıda Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini daşıyan Elxan Vəliyevin qəbulunda olur. O, həmin vaxt adı çəkilən vəzifə sahibinə "Bu nə biabırçılıqdır başıma gətirmisiniz?” deyə sual verir. Həmin an sabiq icra başçısı Elxan müəllimin iş otağına daxil olur və Oqtay Əliyevin iştirakı ilə birlikdə müzakirə apardıqdan sonra, müəyyən razılıq da əldə olunur. Yəni, adı çəkilən vəzifə sahibləri zərərçəkən şəxsə rayonun Heydər Əliyev prospektində yerləşən ticarət mərkəzindən 18 kvm sahəsi olan mağaza təklif etsələr də, Oqtay Qaraoğlu nəinki təklif olunan mağazadan, hətta ona təklif olunan mağazanın açarını ələ götürməkdən belə imtina edir. O, hətta bu haqda yazılı ərizə də yazıb qarşı tərəfə təqdim edir. O halda Elxan müəllim Oqtay Qaraoğlunun ərizəsini qəbul edir və ona "Biz həmin mağazanı sataq və əldə olunan pul vəsaitini sənə kompensasiya şəkilində verək” deyir. 

Belə bir şərtlər daxilində müəyyən razılaşmaların əldə olunduğu bir vaxtda heç bir hüquq təhsili olmayan, amma Gədəbəy RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən, hətta bugünə kimi buraxdığı çoxsaylı "çp”ləri ilə ad-san çıxaran Zülfüqar İsgəndərov meydana çıxır. Yəni, o, sabiq icra başçısı Ramiz Yediyarova bildirir ki, "Oqtay Əliyevin həyat yoldaşının bizimlə yaxın qohumluq əlaqələrimiz var. Həm bu baxımdan, həm də daşıdığım vəzifəyə görə mən bu problemi həll edə bilərəm” deyir. Söylənilənlərə görə o, həmin vaxtlarda Oqtay Qaraoğlunun yaxın qohum-əqrəbasına zəng edib "Siz heç də narahat olmayın, mən bu işi üzərimə götürmüşəm, lazım olan köməkliyi də göstərəcəyəm” deyə vəd verir. Həmin vaxtlarda zərərçəkən şəxs Zülfüqar İsgəndərovdan altüst edilmiş mağazasının içərisində olmuş ərzaq mallarının, avadanlıqların və s. harada olmasını ondan soruşur. O halda o, şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramovla birlikdə Oqtay Qaraoğlunu rayon mərkəzindən təqribən 15 km aralı məsafədə yerləşən köhnə "Avtobaza”nın həyətinə aparıb, ora atılmış mallarını və avadanlıqlarını ona göstərirlər. Həmin vaxt zərərçəkən şəxs görür ki, malları və avadanlıqları olduqca yarasız vəziyyətdədir. Belə bir vəziyyətə salındığından o, ərzaq mallarının, avadanlıqlarının şəkillərini çəkir və üz-üzə qaldığı problemlər haqda, çox keçmir ki, bir çox media qurumlarında tənqidi açıqlamalar da dərc etdirir. Hətta, vəziyyət o həddə gəlib çatır ki, şikayətçi probleminin həlli ilə bağlı DİN-nin rəhbərliyinə də müraciət ünvanlayır. Ünvanlanmış müraciətdən sonra DİN-nin əməkdaşları Gədəbəy rayonuna ezam olunur və belə bir problemlə bağlı RPŞ-də müzakirələr aparılır. Müzakirələr başlamazdan öncə şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramov, şəhər bələdiyyəsinin sədri və heç bir hüquq təhsili olmadan RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov da RPŞ-nə dəvət olunurlar. Ümumi müzakirələr zamanı DİN-i əməkdaşının yanında Zülfüqar İsgəndərov bir daha yalan vədlərini açıqlayır. Yəni, o, elə bir yalan açıqlama danışır ki, onun açıqlamasından sonra DİN-nin əməkdaşı Oqtay Qaraoğluna zəng edir və "Axı, sizə RİH-i tərəfindən 54 kvm-lik sahəsi olan obyekt verilib” deyir. Zülfüqar İsgəndərovun belə bir yalan açıqlamasından sonra aparılan araşdırmalar zamanı bəlli olur ki, bu şəxsin qeyd etdiyi obyek Gədəbəy rayon sakini Səfərov Vaqif Qara oğluna məxsusdur. Hansı ki, həmin obyekt DƏDRX-i tərəfindən verilmiş Çıxarış və digər lazımi sənədlər əsasında, adı çəkilən şəxsin şəxsi mülkiyyətindədir. Bu da bir daha Zülfüqar İsgəndərovun hansı əməl, hansı əqidə sahibi olmasını aşkara çıxarır.

Təqribən beş-altı gün bundan öncə Gədəbəy RİH Aparatında zərərçəkən şəxsin üz-üzə qaldığı problemlərlə bağlı bir daha müzakirələr aparılır və icra başçısı cənab İbrahim Mustafayev tabeçiliyində olan şəxsə Zülfüqar İsgəndərovla əlaqə saxlamağı, ondan Oqtay Qaraoğlunun problemi ilə bağlı vəziyyətin nə yerdə olduğunu soruşmağı tapşırır. Elə ki, adı çəkilən şəxs həmin vaxt kənarda olduğundan onunla telefon bağlantısı yaradılır, o halda hüquq şöbəsinə rəhbərlik edən şəxs ünvanlanan suallara "Biz bankla razılığa gəlmişik” deyə cavab verir. Az sonra o da bəlli olur ki, heç bir hüquq təhsili olmadan RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov növbəti dəfə "quş buraxır”. Yəni, bank tərəfi heç bir razılığın əldə olunmadığını və adı çəkilən şəxsin cəfən danışıqlar danışdığını bildirir.
Bu gün Oqtay Əliyevin əsas tələbi yalnız şəxsi mülkiyyətində olan və 12 fevral 2015-ci il tarixdə Gədəbəy RİH-nin sabiq başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, hətta bir kimsə bu yöndə məlumatlandırılmadan darmadağın olunmuş obyektinə, yararsız vəziyyətə salınmış, "itbat edilmiş” ərzaq məhsullarına və bir çox avadanlıqlarına görə kompensasiyasını əldə etməkdir. Bu şəxs istəyir ki, ona qanuni əsasla verilməli olan kompensasiyasını əldə etsin və ilk növbədə "Rabitə Bank”a olan bocunu ödəsin, həm də girovluqda qalan mənzilini girovluqdan çıxara bilsin. Çünki, adı çəkilən şəxs bu gün ailəlikcə Bakı şəhərində kirayədə yaşayır və dolanışıq vəziyyətini də heç cür təmin edə bilmir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
GundemXeber.az