Bakı Şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi hakim qarşısına çıxarılır. O, külli miqdarda dələduzluqda ittiham edilir.
Shafaqadogru.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rufullayeva Azad Sultan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında bildirib ki, Azad Rufullayevin cinayət əməli məhkəmə istintaqı dövründə də sübuta yetirilib. Buna görə də prokuror Azad Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesin davamında Azad Rufullayevin vəkili müdafiə çıxışı edib.
Vəkil bildirib ki, bu işdə Azad Rufullayev günahsızdır. Müdafiəçinin dediyinə görə, Azad Rufullayev bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Azad Şərifovla heç bir biznes planı qurmayıb, ona heç bir vəd verməyib.
Çıxışının davamında vəkil söyləyib ki, Azad Şərifovu aldadan Əjdər adlı şəxsdir: "Müdafiə etdiyim şəxs yalnız Şərifovla Əjdəru tanış edib. Bundan sonra görülən işlərdən onlar məlumatlı olub. İndi Əjdər ölkədə yoxdur, axtarışa verilib. Amma Azad Rufullayev həbs edilib. Əjdərin etdiyi əməlin cəzasını müdafiə etdiyim şəxs çəkməməlidir. Əjdər məsuliyyətə cəlb edilsə, məlum olacaq ki, Azad Rufullayev günahsızdır. Amma indiki halda müttəhim kürsüsünə Azad Rufullayev çıxarılır.
Cinayət işi materiallarında da görünür ki, biznes qurmaq üçün müəyyən işlər görülüb. Birlikdə Iraqa gediblər. Danışıqlar olub, icarəyə ofis götürülüb. Bu adamlar biznes quraraq pul qazanmaq istəyiblər. Amma gözlədikləri məbləği qazana bilməyiblər. Hamı da bilir ki, biznes riskli işdir. Buna görə pulu tələb etmək olmaz axı.
Bu işdə maraqlı bir məqam da var ki, Azad Şərifovun Baş prokurorluğa verdiyi müraciətə xüsusi nəzarət ştampı vurulub. Maraqlıdır, Azad Şərifov kimdir? Biz bildiyimiz qədər bu ştamp dövlət əhəmiyyətli işlərdə olur".
Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu deyərək onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Bildirək ki, Azad Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzinin vəzifəli əməkdaşı olub. Bu dələduzluq işi ilə bağlı qalmaqal yaranan zaman o, öz ərizəsi ilə işdən çıxıb.
İttihamda göstərilir ki, Azad Rufullayev Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib.
İttiham aktında göstərilir ki, zərərçəkmiş Azad Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat alınıb.
Vəzifəli şəxsə rüşvət verməkdə də ittiham edilən Azad Rufullayev heç bir ittihamla razılaşmır. İttihamda göstərilir ki, Azad Şərifovdan alınan 456 min manatın 300 mini ayrı-ayrı vəzifəli şəxslərə işin görülməsi üçün rüşvət kimi verilməli imiş.
Azad Rufullayev deyir ki, bu işdə yalnız Əjdər adlı şəxslə Azad Şərifovu tanış edib. Sonra isə tərəflər arasında biznes qurmaq üçün danışıqlar olub. Plana əsasən Azad Şərifov İraqda təsərrüfat mallarının satılması üçün mağaza açmaq istəyib.
Mağaza açılsa da qazancı nəzərdə tutulan kimi olmayıb və buna görə də tərəflər arasında narazılıq yaranıb. Bundan sonra Şərifov Rufullayev və digər şəxslərdən şikayətçi olub.
Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.