Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin "Report"a eksklüziv müsahibəsi:
- Anar müəllim, özünəməşğulluq proqramının həyata keçirilməsində məqsəd nədir?
- Özünəməşğulluq proqramı cənab Prezidentin təşəbbüsü əsasında həyata keçirilir. Bu proqramın icrasına 2016-cı ildən başlanılıb. Yeni "Məşğulluq haqqında” qanun qəbul olunub, həmin qanunda da özünəməşğulluq proqramı işsiz vətəndaşların məşğulluğunun təmin olunmasına kömək göstərilməsi məqsədi ilə aktiv məşğulluq tədbiri kimi nəzərdə tutulub.
- Proqramla bağlı builki vəziyyət necədir?
- Cari ildə bu məqsədlər üçün dövlər büdcəsindən 36 milyon manat vəsait ayrılmışdı. Vəsait İşsizlikdən Sığorta Fondunun büdcəsində nəzərdə tutulmuşdu. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlər görülüb. Təxminən 7800 nəfər bu proqrama cəlb olunub. Özünəməşğulluq proqramına daxil olacaq şəxslərin sayı bu il 7 dəfə artırılıb.
Hazırda nazirlik tərəfindən aktivlərin paylanılması prosesi həyata keçirilir. Biz düşünürük ki, ilin sonuna kimi paylanılacaq aktivlərin sayı 6 minə yaxınlaşacaq. Bu proqram növbəti illərdə də davam etdiriləcək.
- Bəs gələn ilin büdcəsində özünəməşğulluq proqramı üçün nə qədər vəsait ayrılıb?
- Gələn ilin təsdiq olunmuş büdcəsindən bu məqsədlər üçün 42 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait hesabına biz planlaşdırıq ki, 8 minə yaxın işsiz vətəndaşı özünəməşğulluq proqramına cəlb edək.
- Nazirlik proqramın həyata keçirilməsi üçün hər hansı qurum və təşkilatla əməkdaşlıq edirmi?
- Bu proqram çərçivəsində müxtəlif qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla əməkdaşlıq həyata keçirilir.
- Sağlamlıq imkanları məhdud olan şəxslər də özünəməşğulluq proqramına daxildirmi?
- Təbii ki... Növbəti ildə 500-ə yaxın əlilliyi olan şəxsin bu proqrama cəlb olunması nəzərdə tutulub.
- Proqramın fəaliyyət istiqaməti necədir?
- Fəaliyyət istiqaməti müxtəlifdir. Vətəndaşlara seçdikləri istiqamət üzrə məşğulluq mərkəzlərində müvafiq məsləhətlər verilir. Regionlarda bağçılıq, maldarlıq, eyni zamanda xidmət sahələrində də özünəməşğulluq məsələləri var. Həmçinin istehsalla bağlı da layihələr var.
- Sosial şəbəkələrdə və mətbuatda özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən narazı olan vətəndaşların şikayətlərinə rast gəlinir. Vətəndaşlar onlara özünəməşğulluq proqramı çərçivəsində xəstə mal-qara verildiyini bildirərək həmin heyvanların fotolarını çəkib paylaşırlar. Bu məlumatlar nə qədər doğrudur? Vətəndaşlara verilən heyvanlar nəzarətdən keçirilirmi?
- Biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq. Hər bir özünəməşğulluğa cəlb edilən əməkdaşa bu aktivlər verilərkən keyfiyyəti nazirlik tərəfindən yoxlanılır.
Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Aktivlər vətəndaşlara təhvil verilərkən onların keyfiyyəti ilə yanaşı vətəndaşların məmnunluğu, fikirləri da nəzərə alınır. Vətəndaş aktivlərin keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir. Heç bir halda kiməsə aktivlərin məcburi şəkildə verilməsi halı yoxdur. Bu sahədə bütün imkanlar yaradılıb, vətəndaşlar öz istəklərinə uyğun olaraq şirkət tərəfindən təklif olunan aktivləri seçməkdə sərbəstdir.
- Bəs problem yarananda vətəndaşlar kimə və ya hara müraciət edə bilərlər? Vətəndaşın narazı qaldığı mal-qaranın dəyişdirilmə imkanı varmı?
- Hər hansı bir problem olduqda biz problemi, səbəbləri ciddi şəkildə araşdırırıq. Bu il vətəndaşlara 21 minə yaxın mal-qara paylanılıb. Verilən mal-qara ilə bağlı hər hansı problem yarananda müvafiq aktivlərlə dəyişdirilib.