Rusiyada 1 yanvar 2019-cu ildən vergi və gömrük rüsumlarında olan artım ümumi olaraq, Rusiyadakı inflyasiya proseslərinə də təsir göstərəcək.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bunun əksi mümkün deyil:
"Yəni Rusiyada inflyasiyanın sürətlənməsi digər sahələr üzrə də qiymət artımının davam etməsinə səbəb ola bilər. Rusiyada inflyasiya son 1 ildə səngimişdi. Amma bu qərarlardan sonra Rusiyada qiymət artımının yenidən sürətlənməsi gündəmə gələcək. Şimal qonşumuzda böyük inflyasiya rəqəmlərini görə biləcəyik”.
İqtisadçı vurğulayıb ki, Cənubi Qafqazda Rusiyada gedən dəyişikliklərin daha çox təsir edə biləcəyi ölkə Ermənistandır:
"Rusiyadakı qiymət artımları Ermənistanda daha böyük təsirlərə malikdir. Çünki həm iqtisadi münasibətlərə, həm də Ermənistanın ərazisində olan biznes və iqtisadi aktivliyin böyük bir hissəsinin rus şirkətləri vasitəsi ilə həyata keçirildiyinə, həm də idxal-ixrac əməliyatlarında Ermənistanın ən böyük tərəfdaşının Rusiya olmasına görə bu qiymət dəyişikliyi Ermənistanda daha ağır nəticələnə bilər. Nəzərə alın ki, Ermənistan ən çox məhsulu Rusiyadan idxal edir”.
N.Cəfərli qeyd edib ki, hətta Ermənistanın milli valyutasının dəyərdən düşüb-düşməməsi rus rublunda gedən proseslərdən asılıdır:
"Rusiyada iqtisadiyyatda qiymət artımı və inflyasiya sürətlənəndə, bu, kəskin şəkildə Ermənistan dramına da təsir göstərir”.
N.Cəfərli bildirib ki, qiymət artımlarının Rusiyada xaotik vəziyyət yaradacağına inanmır:
"Rusiya əhalisi zaman-zaman sosial məsələlərlə bağlı etiraz aksiyaları keçirib. Doğrudur, bu etirazların həcmi və sayı o qədər də çox deyil. Son illərdə də Rusiyanın müxtəlif şəhərlərində məhz sosial məsələlər - qiymət artımı, təqaüdlərin aşağı olması ilə bağlı kiçik etirazlar olub. Əgər inflyasiya daha da sürətlənsə, yəni qiymət artımının sürəti həddindən artıq yüksək olsa və bu, Rusiya vətəndaşlarının gündəlik güzəranına təsir göstərsə, təbii ki, etirazların artması mümkündür. Amma bu etirazlar lokal xarakter daşıyacaq və kütləviləşmək ehtimalı yoxdur. Çünki Rusiyada müxalif düşünən insanları, kəsimləri birləşdirəcək, hakimiyyətə rəqib olacaq siyasi qüvvə yoxdur. Digər tərəfdən, 2019-cu ildə Rusiyada çox böyük siyasi dalğalanmanın olacağına da inamım azdır. Çünki hələ Rusiyada seçki ili deyil. Ümumi etirazlara hər hansı formada təkan verə biləcək siyasi proseslər də yoxdur”.
Qeyd edək ki, Rusiyada əlavə dəyər vergisi 1 yanvar 2019-cu ildən 20%-ə qədər artıb. Bu isə su, elektrik enerjisi, təbii qaz, benzin, dizel yanacağı, ictimai nəqliyyatda gedişhaqqı, tütün və tütün məmulatları da daxil olmaqla, bütün qiymətlərin bahalaşmasına səbəb olub.