ABŞ-ın ölkəmizdəki sabiq, Gürcüstandakı indiki səfirindən prinsipial mövqe; Vaşinqton eyni sərtliyi erməni işğalçıları və separatçılarına da göstərsəydi; politoloq: "Müharibə təkcə səngərlərdə getmir...”
Qarabağ məsələsində ABŞ-ın təşəbbüskarlığı öz əlinə almaq planları barədə yazmışıq. Bir sıra siyasi ekspertlərə görə, konfliktin həlli üçün Vaşinqtonun əlində fərqli, lakin daha təsirli rıçaqlar var. Lakin Azərbaycan üçün birinci dərəcəli önəmli olan sual budur ki, görəsən, ABŞ Dağlıq Qarabağ ixtilafını ədalət, beynəlxalq hüquq çərçivəsində çözə biləcəkmi, yoxsa Rusiya kimi ilk növbədə özünün regional maraqlarını əsas götürəcək?
Bəzi gəlişmələrə diqqət edək.
"Rusiya öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalı, Gürcüstan öz ərazisi üzərində nəzarəti tam bərpa etməlidir”. "Yeni Müsavat”ın məlumatına görə, bu sözləri dünən ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Ross Uilson Acariya televiziyasına müsahibəsində deyib.
Jurnalist səfirdən Gürcüstanın ərazi bütövlüyünün necə bərpa ediləcəyi və işğal altındakı ərazilərdə yaşayan insanların gələcək taleyini necə təsəvvür elədiyini soruşub. Amerikalı diplomat deyib: "İlk növbədə onu bildirim ki, bu məsələdə ABŞ-ın mövqeyi qətidir. Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq miqyasda tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır, işğal altındakı ərazilərin müstəqilliyini tanımır, həmçinin də başqa dövlətin həmin ərazilərdə öz silahlı qüvvələrini yerləşdirməsini tanımır. Aydındır ki, Rusiya Gürcüstandan öz qoşunlarını çıxarmalı, məsələ ilə bağlı danışıqlar bərpa olunmalı və Gürcüstan öz ərazisi üzərində nəzarəti tam bərpa etməlidir. Bu, həm də Rusiya və Qafqaz regionunda hamı üçün vacibdir. Konfliktin nizamlanması Gürcüstanın və bütün regionun həyatında yeni bir səhifənin başlanğıcı olacaq”.
*****
"Yeni Müsavat” xatırladır ki, Ross Uilson 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. Lakin biz Qarabağa mövzusunda ondan eyni sərt və prinsipial mövqe müşahidə eləmədik. Təbii ki, istənilən ölkənin səfiri təmsil elədiyi dövlətin mövqeyini ifadədə edir. Özündən əlavə heç nə demir. Ross Uilson da elə.
Əfsus ki, Qarabağ məsələsində ABŞ-dan analoji prinsipiallığı görmədik və görmürük. "Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı, Azərbaycan öz ərazisi üzərində nəzarəti tam bərpa etməlidir”, yaxud "Ermənistan işğalçıdır” kimi bəyanatları indiyədək Ross Uilson daxil, heç bir amerikalı səfirin dilindən eşitmədik. Yalnız şablon ifadələr. Ən yaxşı halda "ABŞ Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır” kimi yayğın mövqe gördük.
Bu azmış kimi, ABŞ Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyana vaxtaşırı Ermənistandakı səfirliyi vasitəsilə viza verərək onun sərbəst şəkildə Birləşmiş Ştatlara girişinə və orada anti-Azərbaycan sayıqlamaları ilə çıxış etməsinə imkan yaradır. Halbuki Abxaziya, Cənubi Osetiya, Krım separatçılarının liderlərinə qarşı Vaşinqton çoxdan sərt qadağalar tətbiq edir.
Üstəlik, ABŞ Konqresi təcavüzkar Ermənistanın əvəzinə, işğala məruz qalan Azərbaycana qarşı tətbiq elədiyi bədnam "907-ci düzəlişi” hələ də ləğv eləməyib. ABŞ-ın ermənipərəst konqresmenləri isə Dağlıq Qarabağa zaman-zaman səfərlər ediblər. Doğrudur, Tramp dönəmində bu qeydə alınmayıb, amma Saakyan iki dəfə ABŞ-da olub.
*****
Beləliklə, "ikili standart” siyasəti növbəti dəfə ortadadır. Söz düşmüşkən, Azərbaycan prezidenti İlham Əliyev Davosda olarkən bu məsələyə də diqqət yönəldib. Rusiyanın "Rossiya 1" telekanalına müsahibədə o deyib: ”Qaydaların olmaması və ya onların pozulması, əlbəttə, nəticələr doğurur. Yəni etimad sarsılır, ölkələr arasında qarşılıqlı münasibətlərin səviyyəsi aşağı düşür. Əksinə, bu, müəyyən münaqişələrə, mürəkkəbləşmələrə, bir çox ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Bugünkü mənzərəni müşahidə etmək kədərlidir, xüsusən də bu, bayaq dediyim kimi, həm beynəlxalq münasibətlərə, həm iqtisadi problemlərlə bağlı məsələlərə aiddir".
Bundan öncə İlham Əliyev dəfələrlə bəyan edib ki, qlobal güclər yeri gələndə BMT TŞ-nin qətnamələrini bir neçə saat ərzində reallaşdırıb. Qarabağ qətnamələri isə 25 ildən çoxdur kağız üzərindədir...
*****
Qarabağ məsələsinə münasibətdə "ikili standart” yanaşmasının davam elədiyi vaxtda Azərbaycana özünün hərbi və iqtisadi-siyasi gücünü, beynəlxalq miqyasda nüfuzunu artırmaqdan savayı yolu almır. Paralel surətdə işğalçı Ermənistanın beynəlxalq miqyasda ifşası yönündə dövlət və diaspora olaraq, səylərimizi birə-üç artırmalı, xristian Qərb dünyasına "bir köynək” yaxın olan düşmən ölkəyə qarşı bu yöndə informasiya və əks-təbliğat savaşına xüsusi diqqət ayırmalıyıq.
Təbii ki, əlverişli fürsət düşən kimi, aprel uğurunu təkrar edib Ermənistanın başqa yolunun qalmadığını da ona və havadarlarına anlatmalıyıq - özü də 2016-cı ilin apreli ilə müqayisədə daha geniş miqyasda. Ancaq unutmayaq ki, hərbi qələbənin diplomatik qələbəyə çevrilməsi üçün başqa şərtlər də tələb olunur.
Yeri gəlmişkən, yaxşı xəbərdir ki, bu günlərdə Almaniyada fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarımız Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə aksiya keçirib, alman ictimaiyyəti və dövlətinin diqqətini erməni təcavüzünə, Qarabağ probleminin düyünə düşən həllinə cəlb ediblər. Bu cür aksiyalar həm keyfiyyət və həm də kəmiyyət baxımından artmalıdır - ələlxüsus da Qarabağ məsələsinin daha çox diqqətdə olacağı 2019-cu ildə.
Politoloq Arzu Nağıyevin haqlı qeyd elədiyi kimi, artıq müharibə yalnız səngərlərdə getmir (moderator.az). "Biz həm XİN səviyyəsində bu problemin həlli ilə məşğul oluruq. Bununla yanaşı, uğurlu informasiya müharibəsi aparmaq da mühüm şərtlərdən biridir. Üçüncü amil isə diaspor təşkilatlarının gücü, onların Azərbaycanın maraqları ətrafında hansı səviyyədə birləşməsidir. Diaspor təşkilatları Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllində daha çox səy göstərməlidir” - politoloq vurğulayıb.
*****
Başqa bir yaxşı xəbər odur ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistana qarşı 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Məlumatı Ermənistanın keçmiş baş prokuroru, AİHM-də bu ölkənin keçmiş nümayəndəsi, keçmiş deputat Gevork Kostanyan açıqlayıb.
"Təəssüf ki, məndə olan məlumata görə, Azərbaycan Qarabağ münaqişəsi kontekstində Ermənistana qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri birləşdirir. Daha çox narahatlıq doğuran iddianın 50 milyard dollarlıq iqtisadi komponentidir” - Kostanyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslarla müqavilələr bağlayır, yəni vəkillər komandası formalaşdırır. Bunu düşmən ölkəyə qarşı yeni cəbhə də adlandırmaq olar. Yada salaq ki, AİHM Qarabağ münaqişəsi kontekstində indiyə qədər Laçından olan bir qrup azərbaycanlı məcburi köçkünün iddialarına baxıb.
Beləcə, Azərbaycan bütün mümkün istiqamətlər üzrə işğalçını sıxışdırmaq xətti götürməsi təqdirəlayiq və ümidvericidir. Bura işğalçı ölkədə hakimiyyətdən salınan Xocalı canilərinə (Köçəryan, Sərkisyan, Ohanyan və b.) qarşı Beynəlxalq Məhkəmədə iddiaların qaldırılması da əlavə olunarsa, yaxşı olar. Qarabağa həqiqətinə yanaşmada "ikili standart” siyasətini yalnız bu yolla neytrallaşdırmaq mümkündür...
Siyasət şöbəsi,
"Yeni Müsavat”