Bərdə sakini Vüqar Həsənov beyin iflici keçirib, yataq xəstəsidir, işləmək qabiliyyətini itirib. Anaxeber.info məlumat verir ki, V.Həsənov ağır şəkərli diabetdən də əziyyət çəkir, iki azyaşlı övladı olan vətəndaşın gəlir yeri yoxdur. Amma ona əlillik dərəcəsi təyin olunmur ki, pensiya ayrılsın. Bərdə Rayon Mərkəzi Xəstəxanasına sənədləri təqdim edən V.Həsənova cavab verilməsi yubanır.
O, prezidentə, I vitse-prezidentə və əmək və əhalinin sosial müdafiəsi nazirinə video müraciətində köməklik göstərilməsini xahiş edib: "Səhiyyə Nazirliyində "soyqırımı” gedir. Kimin pulu yoxdursa pensiya üzünə həsrətdir.
Mən beyin iflici keçirmişəm, deyirlər ki, sağalmısan. Əgər sağalmışamsa, niyə sənədimdə iş qabiliyyətini itirib yazılıb. Mən dövlət rəhbərliyindən xahiş edirəm ki, kömək edin, pensiya ilə birtəhər kommunal xərclərimi ödəyim”.
V.Həsənov iki övladını imkansızlıqdan məktəbə göndərə bilmir, yoldaşı evdar qadındır, işləmir və 4 nəfərlik ailə ağır şəraitdə yaşayır. V.Həsənov əlillik dərəcəsi təyin olunmasını gözləyir.