Şəfəqə Doğru » Manşet » Deputat: “Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər” - MÜSAHİBƏ

Deputat: “Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər” - MÜSAHİBƏ

Deputat: “Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər” - MÜSAHİBƏ

Cavanşir Paşazadə:"Vaxtilə Heydər Əliyevin arxasınca danışanlar, indi fürsət düşən kimi onu tərifləyirlər”


"50-60 yaşında olan insanlar daha çox yaltaqlanırlar”


"Deputat maaşım bir az da çox olsa, daha yaxşı olar”

 

Milli Məclisdə 75 saylı Lənkəran – Masallı seçki dairəsini təmsil edən deputat Cavanşir Paşazadə Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Masallı, Lənkəran seçiciləri əsasən hansı problemləri ilə bağlı sizə müraciət edirlər? 

- Əsas müraciətlər kənd təsərrüfatı ilə bağlıdır. Çünki insanlar neçə illərdir ki, ya Bakıya gəlib taksi sürücüsü, ya da tikintilərdə işləyirlər. Axır zamanlar isə tikintilər müəyyən səbəblərə görə dayandırılıb. Bunun nəticəsində də iş yerləri azalıb. İş yerlərinin azalmasından sonra insanlar məcbur olur ki, yaşadıqları kəndlərə qayıtsınlar. Bu zaman da onların yeganə imkanları kənd təsərrüfatı, pay torpaqları, məhsulların əkilməsi, becərilməsi və satışı ilə bağlı olur.

Əvvəllər qazın, suyun olmaması ilə əlaqədar suallar verilirdi. İndi isə sual qoyulur ki, məhsulun  alıcısı kimi olacaq?! "Hansı məhsulu əkək ki, normal qiymətə sataq və ya Kənd Təsərrüfatı Nazirliyi bunu necə həll edəcək” sualı qoyulur. Bununla bağlı verilən kreditlər, həmin kreditlərin faiz məsələsi gündəmdə duran suallardır. Bunların hər biri kənd camaatı, seçici üçün önəmlidir.

Mən fermer təsərrüfatı, kiçik kooperativlər yaratmağın tərəfdarıyam. Cənub bölgəsində pay torpaqları çox da deyil. Məsələn, 10, 20, 50 sot, 1 hektardır. 1 hektara traktoru salmaq isə çətindir. Yəni ora girəndə başqa torpaqdan keçmək çətin olur. Çünki başqa torpaqda fərqli məhsul yetişdirilir.

Buna görə də 10-15 nəfər birləşsə və nəticədə fermer təsərrüfatı yaradılsa, bu təsərrüfata kreditlər verilsə, onlara şərait yaradılsa, bu zaman kənd təsərrüfatı sahəsi daha da inkişaf edəcək. Həmçinin, neftdən asılılığımız azalacaq. Bu da insanların həm yaşayış, həm sosial həyatına müsbət təsir göstərəcək. 

- Cənub bölgəsində erkən nikahların çox olması fikirləri səsləndirilir. Bu iddialarla razısınız? 

- Erkən nikahlar Azərbaycanın bütün regionlarında mövcuddur. Əvvəllər belə hallar daha çox idi. İndi isə təhsil səviyyəsinin yüksəlməsi, qızların, oğlanların oxumağa meylinin artması bu  problemi aradan qaldırıb.  


- Ümumiyyətlə, erkən nikaha baxışınız necədir? 

- Qanunla müəyyən olunmuş nikah yaşı var. Valideynlərin razılığı ilə qanunla müəyyən edilmiş qaydada cütlüklər nikaha girir ki, bu, normaldır. Nikah nağlamaq qanunla olan şeydir, nikah qanuniliyi bildirir. Əgər dövlət nikahı yoxdursa, iki cütlüyün bir yerdə yaşaması uyğun deyil. 

- Cavanşir müəllim, nə zamansa bankdan kredit götürmüsünüz? 

- Xeyr, belə bir şey olmayıb. 

- Hansı sahəni daha yaxşı bilirsiniz? 

- Mən iqtisadçıyam, kənd təsərrüfatını yaxşı bilirəm. Həm də tikinti sahəsi üzrə təhsil almışam. 

- Azərbaycanın taxıldan asılılığı hələ də davam edir, yerli məhsul daxili tələbatı ödəməyə yetərli deyil. Necə edək ki, taxıl idxalı azaldılsın?

Bundan 15-20 il qabaq kənd təsərrüfatında buğdanın yetişdirilməsi neçə faiz idi, indi nə qədərdir! Rəqəmlər arasında yerlə göy qədər fərq var. Dövlət başçısı bununla bağlı çoxlu işlər görür. Bununla yanaşı, müəyyən işlər də görmək olar. 

- Bəs görülməli olan işlər hansılardır? 

- Məsələn, yerli camaat üçün yaxşı şərait yaradılsın ki, onlardan daha artıq məhsul alınsın, bu zaman daha effektiv nəticələr əldə olunar. Xaricdən taxılın tonu 200 dollara alınır.. Biz hesablama aparsaq, yanacağın, texnikanın dövlətdən alındığını nəzərə almalıyıq. Əldə edilən qazancdan vergini də dövlətə verirlər. 
Yerli istehsalçılara şərait yaradılsa, həm də nə qədər iş yeri açılır. Bunların gəlirini hesablasaq, istehsal olunan 1 ton taxılın dəyəri 190 dollara bərabər olacaq. Bu, kənardan məhsul almaqdan daha sərfəlidir. Yerli fermerlərdən bu formada istifadə olunsa, böyük təsərrüfatlar yaratmaq mümkündür. Böyük təsərrüfata da böyük kreditlər vermək lazımdır. Bu kreditlərin faiz dərəcəsi isə aşağı olmalıdır. 


- Digər problem, yerli icra orqanlarının yalançı statistika hazırlayıb mərkəzə göndərməsidir. Məsələn, əkilməyən torpaqların əkilən ərazi kimi qeydiyyata alınması, yalan statistikalar həmin rəqəmləri hazırlayan rayonların özünə hansı zərərləri vurur? 

- Yalan statistika hansı rayondan verilirsə, elə həmin yerə ziyan dəyir. Fərz edək ki, bir regionda statistika üzrə 10 min hektar ərazidə kənd təsərrüfatı məhsulları əkilirsə, ondan gəlir nə qədər olursa, vergisi həmin rayona hesablanır. Dövlətdən ayrılan büdcədə də bunlar nəzərdə tutulur.

Yalan statistika hazırlananda isə həmin rayonun müəllimləri maaşları vaxtında ala bilmir, pensiyalar vaxtında verilmir. Və yaxud şəhər ya da rayonda yenidənqurma işləri üçün vəsait çatmır. Statistika düz olmayanda həmin regionun büdcəsi də yaxşı olmur. Siz düz deyirsiniz ki, yalançı statistika üzərində işləyənlər var. Kənd təsərrüfatı naziri yerlərdə görüşlər keçirdi, bu məsələlər orada səsləndirildi. 

- Sıravi insanlar bəlkə də bunun fərqində deyil, iqtisadiyyata necə ziyan dəydiyini hesablaya bilmir, rüşvətlə məsələni həll edir. Ancaq dövlət məmurları artıq bunu bilir ki, yalan hesabatlar ziyan gətirəcək. Bəs nədir məmurları belə istiqamətə yönləndirən səbəblər? 

- Yerində olmayan məmurlar var. Onlar yalnız bu günü düşünür. Bu, onların məsuliyyətsizliyindən irəli gəlir. Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər. Onlar həm cənab Prezident, həm də Allah qarşısında günahkardırlar. 

- Ölkə başçısı İlham Əliyev tərəfindən genişmiqyaslı islahatlara start verilib. Amma bəzi müxalifət qüvvələri bu islahatları öz adlarına bağlayırlar, daha doğrusu səbəbkarın özləri olduğunu düşünürlər. Məsələn, mitinqlərin burada rolunu qeyd edirlər. Bu haqda nə deyə bilərsiniz? 

- Azərbaycanda keçirilən islahatlar cənab Prezidentin proqramına əvvəldən daxil idi. Bu proqramda hansı işlər görüləcəksə, onlar qeyd olunub. Dövlət başçısı xalqa açıq olan məsələləri öz çıxışlarında səsləndirib. İslahatlar gedir və bunun müxalifətə, mitinqlərə heç bir aidiyyatı yoxdur.

Cənab Prezident şəhid ailələrinə dəstək üçün böyük bir proqram həyata keçirdi. Maaşların artırılması, minimum əməkhaqqı məbləğinin qaldırılması ilə bağlı mühüm sərəncamlar verdi. Müxalifət isə "biz təzyiq göstərdik, o da etdi” deyir. Burada bir məsəl yada düşür: "Malımı verim yaxşı olum, yoxsa verməyim pis olum?”. Guya cənab Prezident müxalifətin hay-küyünə görə islahatlar aparır? Əlbəttə ki, xeyr. Başa düşmək lazımdır ki, islahatlar dövlət başçısının proqramında öz əksini tapıb. Ölkə başçısı bundan sonra da işlər görəcək.

Bəziləri deyir ki, guya hay-küy etdiklərinə görə Mehman Hüseynovun barəsində açılan əlavə cinayət işinə xitam verildi. Halbuki, bu, hay-küyə görə olmadı. Sadəcə araşdırma aparıldı, gördülər ki, burada qanunsuzluq var, ona görə də xitam verildi. 


- Cavanşir müəllim, haqqınızda elə də geniş məlumata rast gələ bilmədik. Ona görə də bu sualı veririk: 1990-cı illərdə nə işlə məşğul olmusunuz? 

- 1990-cı illərdə çay fabrikinin direktoru olmuşam. 

- Çox belə fikirlər səsləndirilir ki, 90-cı illərdə çölə çıxmaq olmurdu, hərc-mərclik idi və sair. Şəxsən siz belə hadisələrin şahidi olmuşdunuzmu?
 

- Bəli. 

- İstərdik bu haqda bir az geniş danışasınız.
 

- SSRİ zamanında düşünürdük ki, vətən üçün hər şey etmək lazımdır. İnsan başqa cür düşünmürdü. Sonra gördük ki, qəbul etdiyimiz dövlət, partbiletini gəzdirdiyimiz ölkə bizə güllə atdı, xalqımızı qırğına verdi. Sonrakı dövrlərdə siyasətlə aldatmağı, yalanları gördük, artıq inam tamamilə itdi.

Düzdür, Azərbaycan Xalq Cəbhəsi böyük işlər gördü. Ancaq dövlətçilikdən, idarəçilikdən başı çıxmayanalar da vəzifələrə gətirildi. Siyasətdən, idarəçilikdən başı çıxmayan adamı gətirib dövlət başçısı etdilər (Əbülfəz Elçibəyi nəzərdə tutur-red). Dövlət artıq olum və ölüm arasında qaldı.

O dövrlərdə Azərbaycanın bir dövlət kimi tarixdən silinməsinə az qalmışdı. O boyda SSRİ-nin dağılması gözümüzün qabağında oldusa, Azərbaycanın məhv olması nə idi ki?!

Bizim nəsil bir neçə il ölkəyə rəhbərlik edən səriştəsiz insanları da gördü. Sonra ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi.

Heydər Əliyev Moskvadan gələndə Bakıda ona şərait yaratmadılar. O da başını götürüb Naxçıvana getdi. Lakin Naxçıvanda Heydər Əliyevin siyasi həyatı qığılcım kimi yanmağa başladı. Naxçıvanın Ali Sovetinin sədri seçildi. Naxçıvandan yaranan qığılcım sonra məşələ çevrildi. Sonra bütün Azərbaycana yayıldı. O Azərbaycan ki, bütün dünyada öz sözünü deyir. Bu gün Azərbaycan bayrağı dünyanın əksər yerində dalğalanır. Azərbaycan bayrağı bayraqlar arasındadır. 

- Bəyənmədiyiniz AXC hakimiyyəti zamanında şəxsən özünüzə qarşı hansı qanunsuzluq edilmişdi? 

- Çox şeylər edilib. SSRİ dövründə mən Xarkova, türmələrə məhsul verirdim. Bu məhsul ixracı sonradan yarıda kəsildi, verdiyim məhsulun pulu onlarda qaldı. Yalvar-yaxarla müəyyən qədər bərpa etdik. Xalq Cəbhəsində də bir şey var idi – çay sahələrini məhv edirdilər. O zaman mən xahiş etdim, baş nazir, nazir müavinləri ilə görüşdüm. 


- Hansı baş nazir? 

- Heç birinin adını çəkmərəm. Baş nazirə dedim ki, çay plantasiyası elə bir sahədir ki, neçə illərlə məhsul verir. "Sovet hökuməti dəli olub, axmaq olub, hər nə olub, amma bu çay sahələrini salıb, indi də Azərbaycana qalıb” dedim. Bu həm zavod, həm də iş yeri idi. Dedim ki, çay plantasiyalarının məhv olmasına şərait yaratmasınlar. Baş nazir mənə dedi ki, çay təsərrüfatını başqa şeylə - sarımsaqla əvəz edəcəklər. Çay hara, sarımsaq hara?! 

- Əvəz etdilər?

- İndi dövlət yenidən çayçılığın inkişafı üçün vəsait ayırır. Yenidən çay əkilir. Əgər sarımsaq olmasaydı, çayçılıq vaxtında yaxşı inkişaf edəcəkdi. 

- Zaman-zaman həssas məqamlarda qardaşınız, şeyxülislam  Allahşükür Paşazadə haqqında bəzi neqativ məlumatlara rast gəlirik. Bu informasiyalar kimlər tərəfindən ortaya atılır? 

Cənab Prezidentin işlərinə kölgə salmaq istəyənlər, Azərbaycanı gözü götürməyənlər, tərbiyəsiz-tərbiyəsiz hərəkətləri edənlər haradan gəlir?! Siz dediyiniz adamlar da oradan ortaya çıxırlar. Onlar dövləti zəiflətməyə çalışırlar. 

- İdmanla aranız necədir?

- Boş vaxtım olan kimi, çalışıram ki, ondan yaxşı yararlanım. Səhər də işimə görə tez dururam. Çalışıram ki, üzməklə, idmanla məşğul olum. Yürüşdən də istifadə edirəm. 


- Gələn il parlament seçkiləri keçiriləcək. Növbəti parlament seçkilərində də deputatlığa namizədliyinizi verməyi düşünürsünüz? 

Yeni Azərbaycan Partiyasının əsgəriyəm. Nə tapşırıq versələr, yerinə yetirəcəyəm. Əgər namizədliyimi verməyi tapşırsalar, deputatlığa namizəd olacağam. Razı olmasalar "get evə” desələr, bunu edəcəyəm. 

- Bəs sizin öz istəyiniz nədir? 

- Mənim istədiyim dövlətə, dövlətçiliyə dəstək olmaqdır. Bütün imkanlarımı səfərbər edib bunu əsirgəmərəm. 

- Özünüzü siyasətçi hesab edirsiniz? 

- Bayaq dediyimiz dövrləri yaşayan insan, 15 ildir deputat olan biri müəyyən qədər siyasətçidir.


- Siyasətdən danışmışkən, vaxt var idi ki, Heydər Əliyevə qarşı çıxan, başqa siyasətçiləri dəstəkləyənlər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun tərəfinə keçdilər. Siyasi cəbhədə tez-tez yer dəyişənlərə münasibətiniz necədir? 

- Bunlar bizim gözümüzün qabağında olub. Siz dediyiniz insanlar bu gün də yaşayır, bəziləri də pensiyadadır. Vaxtilə ulu öndərə qarşı çıxanlar bu gün fürsət olan kimi Heydər Əliyevi, İlham Əliyevi tərifləyirlər.

Amma stenoqramlarda onların Heydər Əliyevin arxasınca nələr danışdığının hamısı var. Heydər Əliyevə qarşı olanlar Heydər Əliyev Milli Məclisə gələndə ayaqlarını yerə çırpırdılar. Bu gün onların içərisində deputat olanlar da var.

İndi bu ola bilər ki, kimsə vaxtında səhv düşünüb, sonra fikrini dəyişib. Təbii ki, düz deyirsiniz, bunlar olmamalıdır. Amma vaxta, dövrə də baxmaq lazımdır.

Ulu öndər hakimiyyətə gəldikdən sonra bir neçə il ərzində də ona qarşı təhlükələr oldu. Dövlət çevrilişinə cəhdlər baş vermişdi. O insanlar da bu gün yaşayır. İndi durub başqa cür danışırlar. Allah sizə də qismət edib ki, onların o üzünü də, bu üzünü də gördünüz. Allah bu dünyada onları rüsvay edir. 

- Elə adamlar qorxuludur? 

- Təbii ki, qorxuludur. Dövlətə həmişə əks adamlar olub. Fikir ayrılığı ola bilər, amma bu, dövlətə qarşı çevrilməməlidir.

O başqa şey ki, kimsə hökumətin siyasətini bəyənməsin. Amma tərbiyəsizlik, təhqir yolverilməzdir. Bu gün biz belə halların şahidi oluruq. Ailəsi olan başqasının ailəsinin, arvadı olan başqasının arvadının, qızı olan başqasının qızının, gəlini olan başqasının gəlininin adını tutmaz. Yox, tutarsa, bu, tərbiyəsizlikdir. Bu gün onlardan törəmələrdir ki, gedib orada oturublar. Təbii ki, qorxuludurlar. 

- Rəqəmlərlə, savadlı şəkildə təhlillər aparmaqla fikir səsləndirmək çox yaxşıdır. Amma Azərbaycanda bunun "fövqündə” yaltaqlıq ənənəsi də yaranıb. Bu insanlar nə gözləyir?

- Yaltaqlıq sovet məktəbidir, sovet tərbiyəsidir. Siz indiki gənclərdə bunu az görərsiniz. 50-60 yaşında olan adamlar daha çox yaltaqlanırlar. Bu da müvəqqətidir, keçib gedəcək. 


- İstərdinizmi yaltaqlıq qanunla qadağan olunsun? 

- Belə bir qanun hazırlanarsa, mən də onun lehinə səs verərəm. 

- Spiker Oqtay Əsədovla münasibətləriniz necədir? 

- Oqtay Əsədov sadə adamdır, zarafatı da, yumoru da sevir. Oqtay müəllim, ünsiyyətcil biridir.  Milli Məclisin sədri olmazdan qabaq da onunla ünsiyyətimiz var idi. Milli Məclisin sədri kimi hər bir fikrimizə, təklifimizə reallıqla qulaq asan və imkan dairəsində yerinə yetirən adamdır. 

- Deputat obrazı cəmiyyətdə daha çox neqativ kimi təqdim edilir. Siz bir vətəndaş kimi Milli Məclisin fəaliyyətindən razısınız? 

- Niyə də razı olmayım?! Deputatları isə cəmiyyətdə neqativ tanıdırlar. Deputatların borcu işini yerinə yetirib qanunlar qəbul etməkdir. Xalqla dövlət arasında körpü yaratmaq, xalqın sözünü dövlətə çatdırmaqdır. Qanunlar Azərbaycan xalqı, onun daha yaxşı yaşaması üçün qəbul olunur. Təbii ki, Azərbaycan deputatı 15 il bundan əvvəlkindən fərqi çox böyükdür. 

- Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüsünüz. Özünüməşğulluq proqramı çərçivəsində bəzi kəndlilərə verilən heyvanların xəstə olduğu haqda iddialar var. Həqiqətən də xəstə heyvanlar verilir? 

- Çox insan yaxşı şeyləri deməz. Fərz edək ki, 1010 nəfər var. Onun 1000 nəfərində yaxşı, 10 nəfərində pisdirsə, yaxşılarının səsi çıxmaz. Amma 10 nəfərin səsi elə çıxar ki, o, 1500 nəfərə bərabər olar.

Ola bilər ki, həmin sakin heç heyvandarlıqla məşğul olmayıb. Ola bilər ki, tövlədən kənarda saxlamalı olduğu heyvanı tövlədə saxlayır, ya da tövlə malıdır, çölə aparır. Ümumiyyətlə dövlətin bu sahədə verdiyi imkanları, görülən işləri heçə döndərmək Allahın yanında da düzgün deyil. Kiminsə problemi varsa, aidiyyatı quruma müraciət etsin.

- Deputat maaşınız sizi qane edirmi? 

- İnsana nə qədər çox versən, ondan da çox istəyər. Deputat maaşımla yaxşı yaşayıram. Ancaq deputat maaşım bir az da çox olsa, daha yaxşı olar.

 

Aqşin KƏRİMOV

Mirmahmud KAZIMOĞLU