Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətinin geriləməyə başladığı və bu bölgənin son illərdə Rusiyanın nəzarətinə buraxıldığı bildirilir. Bir sıra siyasi təhlilçilərə görə, Vaşinqtonun son illərdə Cənubi Qafqazda üstünlüyünü xeyli dərəcədə itirdiyi, Rusiyanın isə təsir imkanlarını artırdığı müşahidə edilir.
Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a şərhində bildirdi ki, ilk baxışda bu cür görünsə də əslində ABŞ-Qərb son bir ildə Cənubi Qafqazda mövqelərini bir qədər də möhkəmlədib: "Ermənistanda birbaşa Rusiyanın əlaltısı olan Serj Sərkisyan rejimi iş başından getdi və Qərbin dəstəyi ilə Rusiya ilə heç də isti münasibətləri olmayan, daha çox qərbmeylli siyasətçi kimi tanınan Nikol Paşinyan, ”Qərbin uşaqları" olan komanda hakimiyyətə gəldi. Bu hadisə şübhəsiz ki, Rusiyanın bölgədə əvvəlki mövqelərində müəyyən laxlamaya səbəb oldu. Hətta Rusiya Ermənistanı itirməmək üçün Paşinyanın bir müddət nazı ilə oynamalı oldu. Son aylarda isə Moskva müxtəlif yollarla təzyiq metodunu işə salmaqla Ermənistanı öz orbitində saxlamağa çalışır. Gürcüstanda isə hazırkı hakimiyyət NATO, Avropa İttifaqına inteqrasiya kursuna davam edir. Gürcüstan Avropa İttifaqına, NATO-ya üzv olmağa get-gedə yaxınlaşır. Bu ölkədə NATO-nun təlimləri keçirilir.
Azərbaycana gəldikdə, ABŞ-ın Azərbaycanla sıx əməkdaşlığı davam edir. Bu əməkdaşlıq bir çox mühüm sahələri əhatə edir. Azərbaycanla Avropa İttifaqı tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Azərbaycanın Rusiyanın patronajlıq etdiyi Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olacağı barədə bir müddət əvvəl çox geniş yayılmış iddiaların heç biri gerçəkləşmədi. Bir sözlə, qeyd etdiklərimizə əsaslansaq və digər bir sıra amillərdən çıxış etsək görərik ki, ABŞ-ın Cənubi Qafqazı Rusiyaya buraxdığı barədə deyilənlər o qədər də ciddi arqumentlərə əsaslanmır".
Politoloqun sözlərinə görə, yaxın zamanlarda da Cənubi Qafqazın Rusiyaya buraxılacağı gözlənilmir: "Çünki ABŞ-ın təhlükəsizlik konsepsiyası var. Bu konsepsiyada ABŞ və onun müttəfiqləri üçün bir nömrəli təhlükənin Rusiyadan gəldiyi açıq bəyan edilir. Ona görə də bu konsepsiyanın tələblərinə uyğun olaraq, Rusiyanın ətrafında ABŞ başda olmaqla, NATO böyük bir təhlükəsizlik çənbəri qurmağa çalışır. Bu təhlükəsizlik çəmbəri artıq Skandinaviya respublikalarından tutmuş, Baltikyanı respublikalardan keçərək Polşa, Macarıstan və Bolqarıstana qədər uzanır. Yəni Baltik dənizindən Qara dənizə qədər həm raketdən müdafiə sistemləri ilə, həm müxtəlif qoşun növlərinin, eləcə də quru qoşunlarının yerləşdirilməsi ilə bu çənbərin qurulması başa çatıb. Amerikanın konsepsiyasının məğzində Rusiyanı tam həlqəyə alan, onu bütün sərhədi boyu mühasirəyə alacaq təhlükəsizlik çənbərinin tam şəkildə qurulması dayanır. Bu çənbərin ən önəmli hissələrindən birini də Cənubi Qafqaz bölgəsi əhatə edir və edəcək. Amerika bu saat Rusiyanı beynəlxalq terrorizmdən də təhlükəli hesab edir. Əgər tutaq ki, Barak Obamanın hakimiyyətinin ilk dövrlərində, Klintonun hakimiyyətinin son dövrlərində Amerika üçün ən təhlükəli məqam beynəlxalq terrorizm idisə, indi ABŞ və NATO üçün ən təhlükəli məqam Rusiya amili hesab edilir. Rusiyanın yavaş-yavaş artan gücü fövqəldövlətə çevrilmək iddialarıdır ki, bu da ABŞ-ın və onun müttəfiqlərinin prinsipial konseptual maraqlarına qətiyyən uyğun gələ bilməz. Bunu ABŞ rəsmiləri açıq bəyan edirlər. ABŞ-ın konseptual planına görə, Rusiya ətrafında qurulan çənbər Cənubi Qafqazla davam edəcək və Orta Asiya respublikaları boyunca uzanmaqla Qırğızıstanda başa çatmalıdır. Əgər bu plan reallaşdırılmayacaqsa, Ağ Ev tərəfindən Rusiyaya hansısa bir sahədə güzəştlərə gediləcəksə, Pentaqon, Dövlət Departamenti, Senat, Konqres və digər mühüm orqanlar sözügedən planın həyata keçməsinə cəhd edəcəklər və buna nail olacaqlar. ABŞ onun üçün mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqazı Rusiyaya buraxmayacaq. ABŞ Rusiyanın dünyanın bütün nöqtələrində, bütün istiqamətlərdə təqibini davam etdirəcək. Amerikanın köklü maraqları var və onu dünyanın bir nömrəli dövlətinə çevirən həmin maraqlardır. O köklü maraqlardan kim kənara çıxıbsa, mərkəzdənqaçma qüvvəsi kimi həmin adamlar uzaqlaşdırılıb. ABŞ-ın bu siyasətini dəyişməyə heç kimin gücü çatmayacaq”.