"Gürcüstanın siyasətində bu ölkədə yaşayan erməni faktoru nə qədər önəmli rol oynasa da, burada Azərbaycan faktoru da kifayət qədər ciddidir. Ancaq ermənilərin mövqelərini nəzərə almaqla siyasət qurmaq, yaxşı hal və mövqe deyil. Xüsusən də, Gürcüstan ərazisində erməni qatilə abidənin qoyulması və burada gürcü rəsmilərinin iştirakı Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər”.
Politoloq İlqar Vəlizadə belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycan xalqı ilə danışmağa hazırdır. Maraqlıdır ki, Paşinyan Azərbaycan xalqı ilə nə danışmaq istəyir? Yəqin ki, onun səsləndirdiyi fikirlərin bir izahı var...
- Paşinyan daxili təzyiqlərlə üzləşəndə bir, xarici təzyiqlərlə üzləşəndə isə tamam başqa bəyanat verir. Bu onun nə qədər zəif olduğunu göstərir. Əlbəttə, Paşinyan bu məsələdə vahid dəsti-xətt seçməlidir, ortaq məxrəcə gəlməlidir. Sabah daxili konyunktura ondan tələb edəcək ki, daha radikal addımlar atsın. O da ya daxili konyunkturanın güdazına gedəcək, ya da onun tələblərinə uyğun hərəkət edəcək. Amma bu, Dağlıq Qarabağ münaqişəsi ətrafında mənfi tendensiya yarada bilər. Çünki biz faktiki olaraq, zəifləmiş qarşı tərəflə qarşılaşırıq. Biz onunla razılaşma əldə etsək, kim qarantiya verə bilər ki, Paşinyan sabah bu mövqeyindən geri çəkilməyəcək? Bu, məyusedici haldır, digər tərəfdən isə Ermənistan daxilindəki real vəziyyəti göstərir.
Bu, eyni zamanda Ermənistanda kimlərin hakimiyyətə gəlməsindən xəbər verir. Populist adamın ciddi bir prosesdə iştirak etməsi ancaq mənfi nəticələr yarada bilər.
- Amma özü haqda belə bir təəssürat da yaradır ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq, onunla dil tapmaq mümkün ola bilər. Buna görə Ermənistan mediasında tez-tez tənqidlərə məruz qalır.
- Əslində Azərbaycan Paşinyanla dil tapa bilər. Çünki Paşinyan Qarabağ müharibəsində iştirak etməyib. Eyni zamanda, müharibənin nəticəsinin məsuliyyətini daşımır. Köçəryan və Sərkisyandan fərqli olaraq, əli azərbaycanlı qanına batmayıb. Onun digərlərindən fərqi budur ki, sülhə can atır və müharibə adamı deyil, ən azı hərbçi deyil. Köçəryan və Sərkisyan isə müharibədə iştirak etmiş adamlardır. Serj Sərkisyan isə ümumiyyətlə, hərbçi idi, həmin dönəmdə Ermənistanın müdafiə naziri postunu tuturdu. Paşinyanı isə onlardan fərqli olaraq, "sülh adamı” saymaq olar. Yəni, müəyyən əsaslar var ki, Azərbaycan tərəfi onunla dil tapa bilsin. Amma hər şey konkret addımlardan asılıdır. Lakin Paşinyan gələcəkdə də indiki kimi təzadlı bəyanatlar səsləndirsə, vəziyyət çətinləşəcək. Ümumiyyətlə, Paşinyan kimi adamlarla danışmaq çox çətindir. Belə adamlar bu gün bir, sabah başqa söz deyirlər.
- Bəs bu ziddiyyətlər nədən irəli gəlir?
- Bunlar onun populistliyindən irəli gəlir. Populist adamların əsas məqsədi hansısa problemi həll etmək yox, insanların rəğbətini qazanmaqdır. Belə adamlar adətən, şüarlar səsləndirirlər, siyasi şoular düzəldirlər ki, gündəmdə qalsınlar. Bununla da cəmiyyətdən özlərinə siyasi dəstək qazanırlar. Buna görə Paşinyan da populist addımlardan çəkinmir. Amma reallıq tamam başqadır. Paşinyan reallıqla hesablaşsa, populizmdən imtina etsə, öz gücünü təsdiq edə biləcək. İndiyə qədər isə öz siyasi iradəsini və siyasi gücünü təsdiq edə bilməyib. Elə bir epizod da yaranmayıb ki, o, bir mövqedə dayansın və ictimai rəyin kəskinliyinə baxmayaraq, oradan geri çəkilməsin.
- Gürcüstan Prezidenti Salome Zurabişvili İrəvanda olarkən, qondarma soyqırımı abidəsini ziyarət etdi, ermənilərə qardaşlıq mesajları verdi. Bundan az əvvəl isə Bakıda olarkən, bizə daha yaxın olduğu təəssüratını yaratdı. Yəni, niyə Gürcüstan konkret seçim etmir?
- Bu sualın cavabını gürcü rəsmilər daha yaxşı bilərlər. Amma Gürcüstan fikirləşir ki, Ermənistan onun qonşusudur və öz ərazilərində kompakt şəkildə yaşayan kifayət qədər erməni var. Bu faktor da Gürcüstanın siyasətində müəyyən rol oynayır. Onu da nəzərə almaq lazımdır ki, Gürcüstanda yaşayan ermənilər kifayət qədər fəaldır. Bu və digər səbəblərdən Gürcüstan daha ehtiyatla davranmağa çalışır. Əlbəttə, buna baxmayaraq, Gürcüstan hakimiyyətinin bir sıra davranışları bizdə suallar yaradır. Gürcüstan rəsmiləri dəfələrlə bəyanatlarla çıxış ediblər ki, separatizmə qarşıdırlar, separatçılığın qurbanlarından biridirlər. Hətta, GUAM çərçivəsində Azərbaycanla yanaşı, Ukrayna və Moldovanı da separatizmə qarşı birgə mübarizəyə çağırırlar. Amma konkret məsələlərə, məsələn, Qarabağ məsələsinə gəlincə, tamam başqa mövqedən çıxış edirlər. Bu da təəssüf doğurur. Buna görə də bu suala cavabı ilk növbədə gürcü rəsmilər verməlidir.
Başqa sözlə, Gürcüstanın siyasətində bu ölkədə yaşayan erməni faktoru nə qədər önəmli rol oynasa da, burada Azərbaycan faktoru da kifayət qədər ciddidir. Ancaq ermənilərin mövqelərini nəzərə almaqla siyasət qurmaq, yaxşı hal və mövqe deyil. Xüsusən də, Gürcüstan ərazisində erməni qatilə abidə qoyulması və burada gürcü rəsmilərinin iştirakı Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər. Amma Tiflisdən heç bir reaksiya yoxdur. Biz istər dövlət, istərsə də diaspor səviyyəsində bu və bu kimi məsələlərə diqqət yetirməliyik. Biz müəyyən mesajlar verməliyik ki, həm Gürcüstan hakimiyyəti, həm də cəmiyyəti belə hallara reaksiya versin.
- Eyni anda ABŞ və Avropa İttifaqından Türkiyəyə təzyiqlər edilir. Sizcə, bu təzyiqlər iddia olunduğu kimi təkcə Türkiyənin Rusiyadan "S-400” raketləri alması ilə bağlıdır?
- Axır vaxtlar Avropa Parlamentinin üzvləri Türkiyəyə qarşı əsassız iddialar irəli sürürlər. Bu, başadüşülən deyil. Onlar iddia edirlər ki, Türkiyədə demokratik ənənələr pozulur, demokratik islahatlar aparılmalıdır. Amma Türkiyədə son illərdə keçirilən bütün seçkilər və Konstitusiya dəyişikliyi açıq səsvermə nəticəsində olub. Siyasi partiyalar da hakimiyyətə qarşı açıq mübarizə aparırlar. Ərdoğanın özü də mitinqlərdə iştirak edir, regionlara səfər edir. Hakim partiya digər siyasi partiyalarla koalisiya yaradır. Bu o deməkdir ki, azad rəqabət var, fəallıq var. Ərdoğandan tutmuş, AKP funksionerlərinə qədər bütün partiya insanlarla birlikdə mitinqlərdə iştirak edirlər. Ən əsası da seçkilərdən sonra nəticələri müxalifət partiyaları da qəbul edirlər, etirazla qarşılamırlar. İndiyədək belə hal olmayıb ki, hansısa müxalifət partiyası bəyanat yayaraq, seçkilərin nəticələrini tanımadığını bildirib.
Əgər müxalifət demokratiya məsələsində hakimiyyətə etiraz etmirsə, o zaman Avropa Parlamenti bunu haradan çıxardı? Yəni, Türkiyənin daxili işlərinə məntiqsiz formada qarışırlar. Bu da ona görə baş verir ki, Türkiyə son illərdə həm Avropa, həm regional siyasətində fərqli mövqedən çıxış edir. Özünün heç kəsin siyasi alətinə çevrilməsinə imkan vermir. İranla, Rusiya ilə, Mərkəzi Asiya ölkələri ilə normal münasibətlər qurur, baxmayaraq ki, mürəkkəb vəziyyətdədir, özünü xarici risklərdən qoruya bilir. Bu da xarici siyasi qüvvələri narahat edir. Onların əsas məqsədi Türkiyəni zəif ölkə kimi görməkdir.
Avropa həmişə Türkiyəyə öz ucuz mallarını satmaq istədiyi bazar kimi baxıb. Buna görə də Türkiyəni qüdrətli ölkə kimi görmək istəmirlər. Çünki güclü Türkiyəni özləri üçün təhlükə kimi qəbul edirlər. Digər tərəfdən də, məsələyə xristian təəssübkeşliyindən baxırlar. Yəni, sən xristian deyilsənsə, bizim ailənin üzvü ola bilməzsən. Avropanın bəzi siyasətçiləri bunu açıq formada etiraf edirlər. Bu ziddiyyətlərin fonunda belə mənzərə yaranır. Düşünürəm ki, Avropanın mövqeyi dəyişməsə, vəziyyət olduğu kimi qalacaq.