Bütün hallarda Ermənistanın Dağlıq Qarabağla bağlı son gedişləri, bəyanatları bu ölkənin atəşkəsi pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalının olduqca yüksək səviyyədə olduğunu göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan hakimiyyətə gələndən bu günə qədər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində konstruktiv mövqe nümayiş etdirməməsi müşahidə edilir:
"Paşinyanın mart ayının 12-də Ermənistan Təhlükəsizlik Şurasının iclasını ilk dəfə Azərbaycanın işğal altında olan torpaqlarında keçirməsi birbaşa ATƏT-in Minsk Qrupu həmsədrlərinə və Azərbaycana qarşı çağırış idi. Paşinyan eyni zamanda danışıqlarda Dağlıq Qarabağda yaşayan erməniləri təmsil etmədiyi üçün onların da prosesdə iştirakının vacibliyini dəfələrlə vurğulayıb. Burada bəzu suallar önə çıxır: Birincisi, Nikol Paşinyan bununla özündən əvvəlki hökumətlərin Qarabağın sülh yolu ilə həlli üçün apardığı danışıqların öz hüquqi qüvvəsini itirdiyini demək istəyir? İkincisi, Paşinyan Dağlıq Qarabağ ermənilərinin onu baş nazir seçmədiklərinə görə onlara vəkillik etmədiyini bildirirsə, qondarma rejim ona danışıqlarda iştirak etmək məsələsini gündəmə qaldırmağa vəkalət verirmi? Üçüncüsü, bu gün Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı iki tərəf arasında hər hansı hüquqi razılaşma varmı? Paşinyan öncə bu suallara aydınlıq gətirmədilər”.
Politoloq vurğulayıb ki, iki gün öncə Paşinyanın Müdafiə Nazirliyində generallarla qapalı görüş keçirməsi də olduqca maraqlı məsələdir:
"Paşinyan hökuməti artıq diplomatik gedişlə bərabər hərbi müstəvini də ön plana çıxarır. Yəni o, diplomatik təşəbbüslərin hərbi yolla dəstəklənməsi təşəbbüsünü gündəmə gətirir. Bu da istər-istəməz Ermənistanın hərbi əməliyyatlara başlamaq ehtimalının yüksək olmasını göstərir”.