Uşaqpulunun bərpası ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyimiz mexanizm indi də gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir.
Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu təkliflərin qəbul olunması və ya necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardan asılıdır:
"Digər tərəfdən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçirib. Konkret olaraq uşaqpulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq. Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır.
Əslində, 2015-ci ildəki devalvasiyalardan sonra problemli kreditlərə güzəştlərin tətbiq olunması ilə bağlı mexanizm hökumətə və ictimaiyyətə təqdim edəndə çoxları kreditlərə kompensasiya veriləcəyinə inanmırdı. Amma sonda reallaşdı. İnanmaq istərdik ki, uşaqpulunun bərpası ilə bağlı təklifimiz də yaxın zamanlarda qəbul olunacaq. CESD mexanizmi təqdim edəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də digər ölkələrdə 17 yaşadək uşaqpulunun olub-olmaması ilə bağlıdır”.
Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilmirmi və bu mexanizmlər necədir?
Ekspert qeyd edib ki, CESD mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrənib:
"Qeyd etmək lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə uşaqpulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın "analıq kapitalı” adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifad edilir.
Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaqpulunun bərpasının maliyyə bazası var”.