Əgər əvvəllər bir nazirlin, komitə sədrinin hadisə yerinə gəlməsi, vətəndaşların qarşısına çıxması böyük bir olay kimi qiymətləndirilirdisə, indi bu adı hala çevrilib...
Son bir ildə Azərbaycanda idarəetmə strukturunda bir çox yeniliklərə imza atılıb. Artıq daha çevik və açıq hökumət modelinə doğru bir meyl müşahidə edilməkdədir. Əgər əvvəllər bir nazirlin, komitə sədrinin hadisə yerinə gəlməsi, vətəndaşların qarşısına çıxması, hadisə ilə bağlı media önünə çıxaraq birbaşa məlumat verməsi böyük bir olay kimi qiymətləndirilirdisə, indi bu adı hala çevrilib.
Şamaxıda zəlzələ nəticəsində dağılan evlərə nazirlərin baş çəkməsi, "Diqlas”da yanğın zamanı fövqəladə hallar nazirlinin hadisə yerinə gəlməsi, iqtisadiyyat naziri Şahin Mustafayevin vətəndaşları dərhal qəbul etməsi, Nizami rayonunda qaçqınların yaşadığı ərazidə baş verən yanğınla bağlı baş nazirin müavini Əli Əhmədovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin hadisə yerində vətəndaşların problemlərini birbaşa dinləməsini qeyd etmək olar. Bu praktika problemin həlli baxımından effektiv olsa da, hər bir məsələnin nəhayətdə prezident müdaxiləsi ilə nəticələnməsi idarəetmənin aşağı qatlarının həm də fəaliyyətinin yetərsizliyindən xəbər verir.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, ölkə prezidenti 2018-ci ilin aprel seçkilərindən dərhal sonra bütün istiqamətlərdə islahatlara start verdi: "Bu islahatların vacib tərkib hissələrindən biri kimi idarəçilik sistemi və bu sistemdə kadrların fəaliyyətinin daha operativ və çevik olması da dayanırdı. Dəfələrlə dövlət başçısı ən yüksək tribunalardan məmurların Azərbaycana xalqına təmənnasız xidmət etməsini önə çəkib və özünü də bu baxımdan nümunə kimi göstərib. Dəfələrlə deyib ki, o, Azərbaycana xalqına xidmət etməkdən şərəf duyur. Dövlət başçısı kimi hər bir məmur da bu xalqa xidmət etməli, onun problemlərini dərhal aradan qaldırmaq üçün bütün imkanlardan istifadə etməlidir. Bu tələblərlə paralel olaraq bəzi addımlar da atıldı. İdarəetmədə gənc kadrlar vəzifəyə gətirildi, bu və ya digər sahədə təcrübəsi olanlar komitə sədrləri təyin olundu. Bu da hakimiyyətə yeni bir impuls verdi, yeni bir enerji gətirdi, potensialını artırdı. Dövlət başçısının çağırışlarına əməl edən bir komanda formalaşdı. Bu komanda bütövlükdə yüksək səviyyədə fəaliyyətini qurmaqdadır. Fəaliyyətini yüksək səviyyədə quran nazirlərin dəyişməsinə isə ehtiyac duyulmadı, onlar uzun müddətdir vəzifədə olsa belə, işdən kənarlaşdırılmalıdılar. Çünki öz vəzifələrinin öhdəsindən yetərincə gəlirlər”.
F.Ağamalı hesab edir ki, nazirlərin birbaşa hadisə yerinə, rayonlara getməsi də zamanın çağırışlarına uyğun addımlardır: "Hər bir nazir artıq öz sahəsi ilə bağlı bu və ya digər problem yarananda dərhal orada olur, digər fərqli yanaşmalar da tətbiq edilir. Kənd təsərrüfatı naziri rayonlara gedir, təsərrüfatlarda olur. Mart ayının əvvəlində 20-dən yuxarı deputatı da dəvət etdi. Biz iki saatdan artıq dəyirmi masa ətrafında müzakirə apardıq , təkliflərimizi verdik. Bütün bunların hamısı İnam Kərimov tərəfindən qeyd edildi, özünün reaksiyaları, sualları da oldu. Bu cür hallar əhali tərəfindən də müsbət qarşılanır. Fövqəladə hallar naziri ölkədə fövqəladə hallar yaranarkən öz komandası ilə birlikdə dərhal orada olur, məsələyə yerindəcə baxır, tapşırıqlarını verir. Bu yaxınlara ”Diqlas" ticarət mərkəzində baş verən yanğında, Şamaxıda baş verən zəlzələdə, Nizami rayonunda qaçqınların yaşadığı ərazidə yanğın olanda da biz rəhbər şəxsləri, nazirləri orada gördük. Artıq fərqli bir yanaşma var. İdarəçilik sistemi daha çevik, daha operativ qurulub, insanlarla bərabər olmaq təcrübəsi var. Son dərəcə effektli yanaşmadır. Bu təcrübə bütün nazirliklər və komitələr səviyyəsində tətbiq olunmalıdır. Əvvəlki illərdə də ayrı-ayrı nazirlik və komitələrin rəhbərləri regionlara səfərlər edirdilər, insanlarla görüşürdülər. Mən arzu edərdim ki, bu görüşlər açıq mikrofon şəklində keçirilsin. Problemi olan vətəndaşlar böyük zallara yığılsın və açıq mikrofonla hər kəs öz xahişini, təklifini səsləndirsin, nazirlər , komitə sədrləri bunu qeyd edib həlli ilə bağlı tapşırıqlar versinlər".
Deputat Fazil Mustafa da vurğuladı ki, əksər problemlərin dövlət başçısına qədər gedib çıxması və onun tərəfindən nəzarətə götürülməsi mərkəzləşmənin çox güclü olmasının nəticəsidir: "Mərkəzləşmə çox güclü olduğundan bütün problemlər yerindəcə həll edilə bilmir. Çünki məktəbə müəllimi direktor götürmür, Təhsil Nazirliyi göndərir. Sonrakı məsələlərdə də eyni qaydada mərkəzləşmə davam edir. Nazirliyin özü də özünə aid olan bəzi funksiyaları yerinə yetirmək səlahiyyətində malik olmur, o da mərkəzləşmiş qaydada həll olunur. Bunun üçün Nazirlər Kabinetinin məsələyə münasibətini gözləməlidir. Nazirlər Kabineti də bəzi məsələləri həll edə bilmir. Bu mərkəzləşmənin yaratdığı problemdir. Biz ilk növbədə bu mərkəzləşmə problemini çözməliyik, faydalı tərəflərini saxlamalı, faydasız tərəflərini aşağıya doğru aparmalıyıq. Mərkəzdənqaçma prinsipi ilə aşağıların səlahiyyətini artırmalıyıq. Bunun üçün ilk növbədə bələdiyyə sistemi gerçək mahiyyət daşımalıdır. Bələdiyyələr real quruma çevrilməlidir. Normal seçkilərlə lokal səviyyəli liderlərin seçilməsi ilə yerli problemlərin həllini mərkəzləşmiş qaydada həll etmək metodundan imtina etmək mümkün olacaq. Yerli problemlərin hamısının prezident səviyyəsində həllinə ehtiyac qalmayacaq, bələdiyyə səviyyəsində həll olunacaq. O baxımdan söhbət mərkəzləşmə ilə bağlı problemdən gedir. Bunu həll etməsək, çətin olacaq”.
F.Mustafa hesab edir ki, nazirlərin bu açılımı da effekt vermir: "Yaxşı olar ki, nazirlər elektron qaydada az məsrəflə daha vətəndaşın problemlərini dinləmək imkanı verən bir formatdan istifadə etsinlər. Əks halda, rayonlara gedib 10-15 nəfərlə görüşmək, bu qəbulun formal olaraq gerçəkləşməsi deməkdir. Bu əhalinin çox cüzi hissəsini əhatə edir. Bunlar çox zaman seçilmiş insanlar olur və məsələləri də rayon səviyyəsində qoymurlar. Ona görə də, vətəndaşların qəbulu modelinin modernləşməsinə ehtiyac var. Elektron qaydada bir qəbulda min nəfəri qəbul etmək imkanı yaradır, vətəndaşlar da evindən çıxmadan şikayətlərini çatdıra bilirlər. Həmçinin hesabatlılıq məsələsi çox önəmlidir. Qurumlar bilməlidirlər ki, ən azından Milli Məclisə hesabat verirlər. Bələdiyyələrin, Nazirlər Kabinetinin hesabatları çox zaman formal xarakter daşıyır. Büdcə müzakirələrində son vaxtlar müsbət tendensiya var, ancaq o da istənilən səviyyədə həyata keçirilmir. Bu kimi məsələləri birlikdə həll etmək yollarını tapmaq lazımdır. Parlamenti də bu məsələdən kənarlaşdırmaq olmaz. Məsələn, son məhkəmə islahatlarında ümumiyyətlə parlamentin rolu nəzərə alınmayıb. Hamının prosesə cəlb olunması ilə məsələni çözmək mümkündür”.
Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat”