Son vaxtlar bir sıra deputatlar və ekspertlər qaz, işıq və su üçün tətbiq olunan limitlərin ləğv olunması tələbi ilə çıxış edirlər.
Onlar nəzərdə tutulan limitlərin minimal olduğunu və iki ay ərzində bitdiyini, bundan sonra əhalinin həmin enerji daşıyıcılarını ikiqat baha qiymətə almağa məcbur olduqlarını qeyd edirlər. Bu isə onsuz da ağır vəziyyətdə yaşayan yoxsul əhalinin durumunu daha da pisləşdirir.
Məsələ ilə bağlı parlament səviyyəsində də təkliflər irəli sürülüb. Amma məsələyə reaksiya verməli olan Tarif Şurası hələ ki, susur.
Onun əvəzinə isə kasıb əhalinin maraqlarını düşünərək irəli sürülən təklifə deputat Aydın Hüseynov cavab verib. O, öz "arqument”ləri ilə limitlərin ləğv olunmasına qarşı çıxıb. Sherg.az-a açıqlamasında deputat iddia edib ki, limitlərin tətbiqi hər kəsin qaz və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaradıb:
"Əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı tədbirlər getdikcə daha da çoxalacaq. Məlumdur ki, elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır. Əhalinin gəliri artıqca bu problemlər öz-özlüyündə həll olunacaq. Doğrudan da limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı. Əlbəttə, maliyyə imkanlarımız artıqca vətəndaşlarımız üçün sosial tədbirlər də çoxalacaq. Lakin qaz və elektrik enerjisi ilə bağlı limitlərin ləğvi real deyil”.