İstanbul Suriyada təhlükəsiz bölgənin qurulması üçün 2 kritik zirvəyə ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, gələn ay Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə birlikdə Türkiyəyə səfər edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi zirvəsi formatında qonaq edəcəyi həmkarlarına təhlükəsiz bölgənin əhəmiyyətini şəxsən özü izah edəcək. Görüşdə həmçinin Suriyadakı son vəziyyət, Astana formatı və İdlibin taleyi müzakirə ediləcək. Türkiyənin təhlükəsiz bölgə təklifinə hər iki dövlətdən dəstək istənəcək.
Astana formatı da davam edəcək
Yenə Türkiyə, İran və Rusiyanın təşəbbüsləri ilə başladılan Suriya mövzulu Astana formatı bu ay qaldığı yerdən davam edəcək. 3 ölkənin nümayəndələri Qazaxıstanın paytaxtı Nur-Sultanda 13-cü dəfə görüşəcək. Başda konsitutsiya komitəsi olmaqla, Suriya məsələsi müzakirə ediləcək. Texniki heyətin də iştirak edəcəyi zirvədə İdlib Gərginliyi Azaltma Bölgəsi, əsir və girovların taleyi, blokada altındakı bölgələrə humanitar yardımların problemsiz çatdırılması gündəm olacaq.
4-lü zirvə
Türkiyənin avqustun sonu, sentyabrın əvvəllərində daha bir zirvəyə ev sahibliyi etməsi gözlənilir. Ötən il İstanbulda baş tutan və Rusiya, Fransa, Almaniyanın iştirakı ilə keçirilən Suriya zirvəsinin ikincisinin gerçəkləşdirilməsi üçün hazırlıqlar görülür. Suriya məsələsinin genişmiqyaslı şəkildə müzakirəsi planlaşdırılan zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makron fikir alış-verişi edəcək.
Liderlər Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü pozan İŞİD və Əl-Qaidə təşkilatları ilə bağlı bütün qurumlar, qruplar, şəxslər, təşəbbüslərin aradan qaldırılması məqsədilə terrorla mübarizədə qətiyyətlərini ortaya qoyacaqlar.