"Rusiyadan alınan "S-400” sistemlərinin təhvil verilməsindən sonra ABŞ-Türkiyə gərginliyinin hansı məcraya yönələcəyini proqnozlaşdırmaq çətindir. Rusiyadan bu sistemlərin alınması ABŞ-Türkiyə münasibətləri baxımından həssas məsələdir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Bu məsələnin ən çox da Amerika üçün həssas olduğunu bildirən ekspertin fikrincə, Türkiyə bu addımla xarici siyasətində yeni mərhələyə qədəm qoyacaq:
"Beləliklə, Ankara daha müstəqil hərbi-siyasi fəaliyyətə başlayır. Bura qədər müəyyən xətlər var idi ki, bunu keçməyə icazə verilmirdi, amma Türkiyənin bu qərarından sonra həmin xətlər ləğv olunur. Hesab edirəm ki, "S-400”lərin təslim edilməsi, Türkiyənin xarici siyasətində əsaslı dəyişikliklərə səbəb olacaq. Əlbəttə, bunun zəncirvari reaksiyalar doğuracağı şübhəsizdir. Türkiyədən sonra digər NATO dövlətləri də öz hərbi-siyasi fəaliyyətlərini daha müstəqil müstəviyə keçirməyə cəhd edə bilərlər.
Əlbəttə, prosesin inkişafı ABŞ-ın verəcəyi reaksiyadan asılı olacaq. Yəni, bu, Rusiyadan alınan sistemlər ABŞ-ın milli maraqlarına nə qədər toxunub-toxunmayacağından asılıdır”.
İlqar Vəlizadə hesab edir ki, nə ABŞ, nə də Türkiyə öz mövqeyindən geri çəkilmək istəmir:
"Buna görə də, tərəflər çalışacaqlar ki, ortaq həll yolu tapsınlar. Bununla belə, kimsə isti münasibətlərdən danışmır, çünki artıq ABŞ və Türkiyə arasında "soyuq müharibə” başlayıb. Bu "soyuq müharibə”nin hansı istiqamətdə gedəcəyini demək hələ tezdir.
İndiki məqamda ABŞ-da Türkiyəyə sanksiyaların tətbiq edilməsi ilə bağlı müzakirələr gedir. Gərginliyin hansı məcraya yönələcəyi bu sanksiyaların xüsusiyyətindən asılı olacaq. Çox güman ki, ABŞ-ın sanksiyaları İran və Rusiyaya tətbiq edilən sanksiyalar oxşamayacaq. Bütün hallarda, söhbət ABŞ-Türkiyə münasibətlərinin məhdudlaşdırılmasından gedir. Əlbəttə, bu addım regiona təsir etməklə yanaşı, ikitərəfli münasibətlərin normallaşdırılmasının müzakirələrdən çıxarılmasına yol aça bilər”.