Bakının Nərimanov rayon sakini Xəyalə Fəxrəddin qızı Orucovanın sosial media səhifələrindən birində yayılmış videomüsahibəsində onun ailəsinə sosial yardım təyin edilməməsinə görə şikayəti və yardımın təyin olunmasına görə rüşvət istənilməsi barədə qeyd etdikləri əsaslı deyil.
Bizimxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, həmin videomüsahibə ilə əlaqədar müvafiq araşdırma aparılarkən müəyyən edilib ki, X.Orucova ailəsinə sosial yardım alınması üçün sonuncu dəfə 2018-ci ildə elektron qaydada müraciət edib.
X.Orucova videomüsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi qeyd etdiyi Mirzə Nəbiyev adlı şəxsin ondan sosial yardım və ya pensiya təyin edilməsi müqabilində rüşvət istədiyini qeyd edir. Bununla əlaqədar diqqətə çatdırırıq ki, nə nazirlikdə, nə də DSMF sistemində Mirzə Nəbiyev adlı şəxs ümumiyyətlə işləmir.
Sağlamlıq imkanları məhdud uşağına görə aylıq təqaüdü (50 manat) ala bilməməsi ilə bağlı dediklərinə gəldikdə isə, bildiririk ki, X.Orucova həmin təqaüdü almaq üçün elə bu ay, yəni avqustun 9-da müraciət edib və müraciət etdikdən qısa müddət sonra da həmin aylıq təqaüd təsis edildiyi aprel ayından etibarən 5 ay (aprel, may, iyun, iyul və avqust) üzrə toplam olaraq 250 manat məbləğində onun kart hesabına köçürülüb.
Ona görə də videomüsahibədə X.Orucovanın ailəsinə sosial yardım təyin edilməsi üçün ondan rüşvət istənilməsi və sağlamlıq imkanları məhdud uşağa qulluğa görə aylıq təqaüdü ala bilməməsi ilə bağlı səsləndirdiyi iddialar əsassızdır”, – deyə nazirlik rəsmisi qeyd edib.