Şəfəqə Doğru » Manşet » Türkiyə ciddi təhlükə ilə üz-üzə - Ərdoğanın Suriya siyasəti iflas edir

Türkiyə ciddi təhlükə ilə üz-üzə - Ərdoğanın Suriya siyasəti iflas edir

Türkiyə ciddi təhlükə ilə üz-üzə - Ərdoğanın Suriya siyasəti iflas edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti həm ölkə müxalifəti tərəfindən, həm də xarici ekspertlər tərəfindən hər zaman tənqidlə qarşılanıb. Hazırda baş verənlər isə bu tənqidin heç də əsassız olmadığını göstərir.

Qeyd edək ki, Türkiyə dövlət başçısının İdlib strategiyası başlanğıcdan bu yana 3 təməl hədəfə istiqamətlənmişdi. Birincisi, hədəf 8 ilə yaxın müxaliflərin (hazırda Heyət Tahrir Şam terror təşkilatının nəzarətindədir) son qalası olan bu vilayətin Əsəd rejimin əlinə keçməməsi idisə, ikinci hədəf Əsəd qüvvələrinin mühasirəsi altında qalan İdlibə edilən hücumların qarşısının alınması və burada yaşayan iki milyondan çox dinc vətəndaşın Türkiyə sərhəddinə doğru axınının əngəllənməsi idi. Digər hədəf isə İdlibi nəzarətdə saxlamaqla Suriyada gedən proseslərdə Türkiyənin söz sahibi olmasını təmin etmək idi.

Ancaq Suriyada tək oyunçu Türkiyə deyildi. Digər bir region dövləti İran və Əsədə xaricdən dəstək verən Rusiya da Suriyadakı proseslərdə aktiv rol oynayan ölkələr idi. Hətta bu dövlətlər Əsədi iqtidarda saxlamağı bacaran dövlətlər oldular. Ərdoğan Əsədin devrilə bilməcəyini anlayınca Suriya məsələsində regional bir ittifaqın qurulmasını dəstəklədi. Astanada bir araya gələn Türkiyə, İran və Rusiya liderləri problemin Suriyanın ərazi bütövlüyü çərçivəsində və regiondan kənar qüvvələrin təsiri olmadan həll edilməsi barədə razılığa gəldilər.

Astana görüşlərini Soçi zirvəsi əvəzlədi və 2018-ci ilin sentyabrında Ərdoğan Putinlə İdlib probleminin həll edilməsi ilə bağlı 10 maddədən ibarət konvensiya imzaladı. Bu maddələrdən aşağıdakı 4 maddə hələ də yerinə yetirilməyib:

15-20 km dərinliyində silahsızlaşdırılmış bölgə yaradılmalı idi, alınmadı.
İdlibdəki radikal terrorçular, mülayim müxaliflərdən fərqləndiriləcək və məhv ediləcəkdi, olmadı.
Ağır zirehli texnika və silahlar ərazidən çıxarılacaqdı, çıxarılmadı.
Hələblə İdlibi bir-birinə bağlayan M4 və M5 magistrallarının açılacaqdı, açılmadı.
Türkiyə üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirə bilmədi. Hətta tez-tez Suriya və Rusiyadan Türkiyənin muşahidə məntəqələrinin terrorçuların fəaliyyətinə göz yumduqları barədə tənqidlər eşidildi.

2019-cu il mayın 6-dan başlayaraq Bəşər Əsədi dəstəkləyən Suriya ordusu ardıcıl hücumlarla İdlibə doğru kənd-kənd, qəsəbə-qəsəbə yaxınlaşmağa başladı. Türkiyə bu tarixdən bəri tez-tez Əsədə havadan dəstək verən Rusiya və qurudan dəstək verən İranla bu məsələ barədə danışıqlara getsə də, müttəfiqlər Türkiyənin yerinə gətirə bilmədiyi öhdəlikəri ona xatırlatdılar və İdlibin mühasirəyə düşməsinin qarşısını almadılar.

Əlbəttə ki, Türkiyənin uğursuz İdlib siyasəti və "edə bilmədikləri” gec-tez Əsədi və onu dəstəkləyənlərin səbrini daşıracaqdı. Ancaq niyə məhz indi Rusiya və İran ard-arda İdlib məsələsində Türkiyənin əlehinə bəyanatlar verdi? Niyə məhz indi İdlibdəki türk müşahidə məntəqəsi Əsəd ordusu tərəfindən mühasirəyə düşür, niyə məhz indi Əsəd qüvvələri Türkiyə hərbi konvoylarına havadan hücum edir?

Bu suallara cavab vermək üçün aşağıdakı hadisələrin tarixi ardıcıllığına diqqət yetirmək kifayətdir:

7 avqust 2019-cu ildə Türkiyə və ABŞ Suriyada "ortaq təhlükəsizlik bölgəsi” yaradılması ilə bağlı razılaşma imzalayırlar.

15 avqustda Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yaradılan təhlükəsizlik bölgəsi ilə bağlı açıqlama verir: "Suriyanın Şimal-Şərqinin təcrid edilməsinə yönələn fəaliyyətlər narahatlıq doğurur”.

18 avqustda İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi açıqlama verir: "Suriyanın Şimal-Şərqində yaradılması planlaşdırılan təhlükəsiz bölgə Suriyanın ərazi bütövlüyünə açıq bir təhdiddir. Bu mövzuda əldə edilən razılaşmalar təhrikedicidir və narahatlıq doğurur”.

19 avqustda Türkiyənin İdlibdə hərəktədə olan hərbi konvoyu Suriya ordusu tərəfindən hava hücumuna məruz qalır.

20 avqustda Əsəd qüvvələri Rusiya qırıcılarının hava dəstəyi ilə Xan Şeyhun vilayətini işğal edir və Türkiyənin regionda yerləşən 9 saylı hərbi müşahidə məntəqəsi mühasirəyə düşür. (Xan Şeyhun İdlibə açılan qapı hesab olunur)

Hadisələri ardıcıl düzdükdə belə bir nəticəyə gəlirik ki, İdlibdə Ərdoğan siyasətinin iflası Soçidə verdiyi sözləri yerinə yetirməməsindən çox, Suriyanın Şimal-Şərqində ABŞ-la əldə etdiyi razılaşmanın nəticəsidir.

Görünən odur ki, Türkiyə, Rusiya və İranın formalaşdırdığı Suriya probleminin həlli ilə bağlı Astana sistemi süquta doğru gedir. Sabah Ərdoğan son bir ümid kimi Putinlə görüşə gedir. Lakin qeyd etmək lazımdır ki, Ərdoğan Rusiyaya "əliboş” gedir. Türklər demişkən "görünən kənd xəritə istəməz”. Türkiyə İdlibi nəzarətdə saxlaya bilmədi. Və sabahkı görüşdə Putin böyük bir ehtimalla türk əsgərinin təhlükəsizliyinin təmin edilməsi üçün ərazidən çıxarılmasını təklif edəcək...

İdlibdə son yaşayananlar Türkiyə maraqları üçün ciddi təhdidləri özündə ehtiva edir. Xan Şeyhunun da Əsəd qüvvələrinə təslim olmasından sonra İdlibdən qaçanların sayı 100 mini keçib. 10 minlərlə İdlib qaçqını Türkiyə sərhədlərinə doğru axın etməyə başlayıb. 2 milyondan çox suriyalını ölkəsində qonaq edən Türkiyə üçün yeni qaçqın axını ciddi təhlükə hesab edilir.

Eyni zamanda, Xan Şeyhunun ələ keçirilməsi ilə 9 saylı Türk müşahidə məntəqəsi mühasirəyə düşdü. Artıq İdlibə edilən hücumlarda Türk əsgərinin təhlükəsizliyinin təmin edilməsi daha çətin olacaq. Həmçinin Türkiyə sərhədləri yaxınlığında baş veşən hərbi əməliyyatlar Türkiyənin təhlükəsizliyi üçün də təhdid hesab edilir.

Həmçinin Türkiyə sərhədi yaxınlığında yerləşən İdlibin Əsəd qüvvələrinin nəzarətinə keçməsi Türkiyənin Suriyadakı proseslərdə aktor kimi iştirak etməsinə son qoyulması mənasına gəlir. Hadisələrin necə inkişaf edəcəyi əsasən Putin-Ərdoğan görüşündən asılıdır. Putinin Soçi razılaşması ilə bağlı sonuncu açıqlaması Türkiyəyə artıq bu razılaşmanın müddətinin bitməsi mesajı idi. Putin açıq bir şəkildə "Soçi razılaşmasından öncə İdlibin 50%-nə terrorçular nəzarət edirdisə, artıq 90%-nə nəzarət edir”- deyərək müttəfiqi Türkiyəni tənqid etdi və Əsədin İdlibə hücumuna razı olduğunu bildirdi.

Sabah Ərdoğan İdlib məsələsində Putini son dəfə razı salmağa çalışacaq. Görüşün nəticələri İdlibin və bəlkə də regiondakı dövlətlərin taleyi üçün kritik dəyişikliklərə səbəb ola bilər...

Nicat İSMAYILOV