Şəfəqə Doğru » Manşet » Şagirdlərin hesabına ən son model «Honda Pilot»da gəzən məktəb direktoru…

Şagirdlərin hesabına ən son model «Honda Pilot»da gəzən məktəb direktoru…

Şagirdlərin hesabına ən son model «Honda Pilot»da gəzən məktəb direktoru…
Sevinc Rəsulova Ceyhun Bayramovun yardımı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat almağa çalışır 

Ümumi sektorun müdiri qudası, 290 saylı orta məktəbin direktoru Rahidə İsmixanovanı ciddi cəhdlə müdafiə edir 1994-cü ilin yanvar ayından fəaliyyətə başlayan Səməd Abdullayevin adına 290 saylı orta məktəbdə yaşanan neqativ hallar, eyni zamanda adıçəkilən təhsil müəssisəsinin direktoru Rahidə İsmixanovanın yol verdiyi nöqsanlar artıq şagird və valideynlərlə yanaşı, əksər müəllimlərin də etirazına səbəb olub. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbə qeyd edir ki, qudası, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdiri Sevinc Həmid qızı Rəsulovanın himayəsinə arxalanan Rahidə İsmixanova heç kimdən və heç nədən çəkinmədən orta məktəbi özünün tətbiq etdiyi «qayda»larla idarə edir. Beləliklə, hazırda 290 saylı orta məktəbdə təlim-tərbiyədən, eyni zamanda təhsildən əsər-əlamətin qalmadığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, qudasına arxayın olan məktəb direktoru özbaşına əməllərdən çəkinmir: «Deyilənlərə görə, sözügedən orta məktəbdə təlim-tərbiyə, müəllim-şagird münasibətləri düzgün tənzimlənmədiyindən Rahidə İsmixanovanın rəhbərlik etdiyi təhsil ocağında vaxtaşırı ciddi narazılıqlar baş qaldırır. Elə bu səbəbdən də valideynlər, həmçinin şagirdlər əsas günahı birbaşa məktəb direktorunda görürlər. Bildirilir ki, 290 saylı orta məktəbdə şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılır. Məsələn, qeyd olunur ki, qarşıdan gələn son zənglə əlaqədar olaraq məktəb direktoru Rahidə İsmixanova artıq indidən sinif rəhbərlərinə şagirdlərdən pul yığmağı tapşırıb. Məsələnin maraqlı tərəfi ondadır ki, son zənglə bağlı başlanan yığım kampaniyasına 11-ci siniflərlə yanaşı, digərləri, həmçinin ibtidai siniflər də cəlb olunub. Onu da nəzərinizə çatdırım ki, 290 saylı orta məktəbin məzunları son zəngi restoranların birində keçirmək istədiklərini bildirsələr də, Rahidə İsmixanova buna qəti şəkildə etiraz edib və prosesin onun nəzarəti altında baş tutacağını bildirib. Deyilənlərə görə, məktəb direktoru bu yolla ən gəlirli məqamı əldən verməməyə, yəni son zəng üçün yığılan vəsaitin kənara getməməsinə çalışır». Mənbə qeyd edir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdiri Sevinc Rəsulova qudasını cəddi cəhdlə müdafiə etdiyindən Rahidə İsmixanova özünü külli ixtiyar sahibi kimi apırır: «Deyilənlərə görə, o, dara düşən kimi dərhal qudasının adından istifadə edir, Sevinc Rəsulovaya müraciət etməklə üzləşdiyi problemləri dərhal yoluna qoyur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdirinə gəlincə, o, idarənin sabiq Nailə Rzaquliyevanın ən yaxın adamlarından biri kimi xarakterizə olunur. Bundan başqa, Sevinc Rəsulovanın idarənin hazırkı müdiri Məhəbbət Vəliyevaya ilə yola getmədiyi də bildirilir. Qeyd olunur ki, Sevinc Rəsulova təhsil nazirinin müavini Ceyhun Bayramovun yardımı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat almağa çalışır. Elə bu səbəbdən də o, Məhəbbət Vəliyevayanın əleyhinə gizli kampaniya aparır». Bu arada, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdirinin bəzi məktəb direktorları və müəllimləri layiq olmadıqları halda fəxri fərmanlarla təltif etdiyini deyən məlumatlı şəxs bildirir ki, əslən Şəmkir rayonundan olan Sevinc Rəsulova 1994-1998-ci illərdə Nəsimi rayonu 8 saylı orta məktəbdə müəllim, 1998-2006-cı illərdə Nəsimi rayonu 133 saylı məktəbdə müəllim, fənn metodbirləşmə sədri, direktor müavini vəzifələrində işləyib: «2006-cı ildə isə o, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdiri vəzifəsinə təyin olunub. Elə həmin gündən Bakı məkiəbləriinin ağrılı-acılı günləri başlayıb. Çünki Sevinc Rəsulova paytaxtın əksər orta məktəb direktorlarının boynuna «əlavə yük» qoyub. Bu isə sonda müəllim və şagirdlərin xeyli xərcə düşməsinə səbəb olur. Əgər Təhsil Nazirliyi və digər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdiri Sevinc Rəsulovanın və onun qudası, şagirdlərin hesabına qara rəngli ən son model «Honda Pilot» markalı avtomobildə gəzən 290 saylı orta məktəbin direktoru Rahidə İsmixanovanın yol verdiyi nöqsanlar aşkar edilə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.