Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq çıxarışların ("kupça”) verilməməsi orada yaşayan KİV əməkdaşlarının narazılığına səbəb olub.
Bəzi saytlarda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə istinadən həmin mənzillərin "xidməti ev” kimi təqdim olunması məsələni bir qədər də mübahisələndirib. V.Səfərli mətbuata sonrakı açıqlamasında fikirlərinin yanlış anlaşıldığını və yaxın günlərdə sakinlərə "kupça” veriləcəyini vurğulayıb. Bununla belə, mövzu ətrafında açılan müzakirələrdən sonra jurnalistlər ölkə başçısına müraciət ünvanlayıb, problemi onun diqqətinə çatdırıblar.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, mənzillər Prezidentin jurnalistlərə əvəzsiz hədiyyəsidir:
"Bu sözləri Prezident açılış mərasimində bildirib. Ona görə jurnalistlərə verilən mənzil məsləsinin qabardılması, müzakirəyə çıxarılmasının əleyhinəyəm. Dövlət başçısı humanist bir addım ataraq, insanların mənzillə təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayırıb. Hər bir insanın ev sahibi olmağa, normal şəraitdə yaşamağa haqqı var. Hamımız evsizlik problemi yaşamışıq, bu periodlardan keçmişik. Ona görə ev alan insanları nələrdəsə ittiham etmək, bunu "qələmi satmaq” kimi qiymətləndirmək yersizdir. O başqa məsələ ki, kimsə nəyəsə görəsə əqidəsindən dönürsə, peşəsindən asılı olmayaraq, bunu normal qəbul etmək olmaz. Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli o, jurnalist deyil və bunu bütün jurnalistlərə şamil etmək olmaz. Əgər jurnalist ağır şəraitdə yaşayır və dövlət başçısı tərəfindən mənzillə təmin olunursa, burada pis niyyət axtarmaq lazım deyil. Prezidentin açılışda iştirakı zamanı "kupça” söhbəti olmamışdı. İndi yersiz maneə yaradıb, lazımsız müzakirələr açmağın yeri yoxdur. Ona görə də istər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, istərsə də aidiyyatı olan digər qurumlar tez bir zamanda sənədləşmə işlərini tamamlayıb sakinlərə çıxarış verməlidirlər”.
Parlamentari "xidməti ev” məsələsinə də münasibət bildirib:
"Deyirlər bunlar "xidməti ev”dir. Xidməti ev hərbidə olur. Məsələn, hərbçilərə verilir və hərbi müddəti başa çatdıqdan sonra ev geri təhvil alınır. Jurnalistlər daimi yaşayış yeri olan insanlardır. Onlara verilən mənzilləri "xidməti ev” adlandırmaq doğru deyil. Bu məsələ haradan çıxdı, mən anlaya bilmirəm... Prezident humanist addım atıb, jurnalistlərə ev hədiyyə edibsə, aidiyyatı qurumlar da üzərinə düşəni etməyə borcludurlar. Çirkin söhbətlərlə gözəl işlərə kölgə salmaq olmaz”.