Bakı-Ankara hərbi əməkdaşlığı İrəvanı qorxuya salıb; ermənilər indi də Azərbaycan və Gürcüstanı üz-üzə qoymağa çalışır; Qazax əməliyyatı ilə bağlı erməni yalanı; politoloq: "Ermənistanda başa düşürlər ki, Azərbaycan bununla kifayətlənməyəcək”
Türkiyə və Azərbaycanın birgə hərbi təlimlər keçirməsi, Bakı və Ankara arasındakı əlaqələrin yüksələn xətlə inkişafı işğalçı Ermənistanı rəncidə edib. İrəvan özünə ən yaxın hesab etdiyi Rusiyadan bir-birinin ardınca təpkilər aldıqca və bölgədə təkləndiyini anladıqca Bakı-Ankara əməkdaşlığının nə demək olduğunu daha çox dərk edir.
Bu arada erməni mətbuatı və Rusiyanın bir sıra ermənipərəst KİV-ləri qəfildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hücuma keçiblər. İstiPress-ə istinadən xəbər verir ki, belə hücum məqalələrindən birinin müəllifi Rusiyanın ermənipərəst "Reqnum” portalının şərhçisi Stanislav Tarasovdur. Erməni Apostol Kilsəsinin İstanbul partiarxının seçkilərindən bəhs edən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu vəzifəyə öz adamı olan Aram Ateşyanı seçdirmək niyyətində olduğu vurğulanır. "Bir sıra erməni ekspertləri ehtimal edirlər ki, İstanbul patriarxı bir sıra məsələlərin həllində Türkiyə hakimiyyətinin əlində alətdir”, - deyə Tarasov vurğulayır. Məqalə müəllifi iddia edir ki, Eçmiədzin İstanbul patriarxı vəzifəsinə öz adamını seçdirmək istəyir ki, ermənilər üçün ciddi məsələlərdə Ərdoğana təsir göstərə bilsir. Tarasovun fikrincə, bu, Qarabağ məsələsi ilə bağlıdır və ermənilərin niyyəti baş tutarsa, Azərbaycan problemi təkbaşına həll etməli olacaq. Guya Türkiyədə cəmi 100 min erməni var və bu ölkə üçün erməni problemi yoxdur və s...
Rusiyanın "Vestnik Kavkaza” portalı da məsələyə toxunub və ermənilərin belə oyunlarla diqqəti Qarabağ məsələsinə yönəltmək niyyətində olduğu vurğulanıb. Portalın milliyyətcə erməni olan müəllifi Mamikon Babayan ədalət hissini itirmədən bildirib ki, erməni siyasi elitası Azərbaycan torpaqlarının işğalına "azadlıq uğrunda” mübarizə donu geyindirməyə çalışır və bu məsələyə hazırkı prezident Armen Sərkisyan da qoşulub.
Erməni prezident iddia edib ki, bəs, Azərbaycan torpaqlarının işğalı erməni xalqının çoxəsrlik azadlıq mübarizəsinin nəticəsidir və böyük gələcəyin bünövrəsidir. Mamikon Babayan isə Armen Sərksiyanın dediklərinin cəfəngiyyat olduğunu sübut edib: "Konkret olaraq hansı gələcəkdən bəhs edilir, aydın deyil”.
Ermənistanın narahatlığına səbəb olan digər məsələ Qars müqaviləsinə əsasən Türkiyənin Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə qarant olmasıdır. Ermənilər Qarabağın ardınca Naxçıvana da iddia etdikləri halda, Türk ordusunun Naxçıvanda birgə hərbi təlimlər keçirməsini gördülər və çaşqın hala düşdülər. Elə bu günlərdə Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. Plana əsasən "Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər. Müdafiə Nazirliyi xəbər verir ki, şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib. Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Naxçıvandakı Günnüt əməliyyatından sonra Ermənistanı Laçınla birləşdirən yol nəzarətə alınıb ki, bu da erməniləri ciddi şəkildə narahat edir.
Maraqlı bir detal. Bir müddət öncə Azərbaycanın Sərhəd Xidmətinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Ermənistanın təxribatının qarşısı alındı və Qazax istiqamətindəki strateji yüksəkliklər ələ keçirildi. Erməni tərəf isə bir müddət susandan sonra iddia edir ki, guya bu ərazilər Gürcüstana məxsusdur. Ermənilər Günnüt əməliyyatını da yarım il təkzib etmişdilər, sonra isə dedilər ki, bu ərazilər keçmiş hakimiyyətin dövründə alınıb. Erməni tərəf Gürcüstan-Azərbaycan birgə təlimlərinin keçirilməsindən də narahadır. Bu mənada Bakı ilə Tiflis arasında gərginlik yaratmağa cəhdlər göstərilir. Bundan əvvəl ermənilər Keşikçidağ məbədi ilə bağlı da Gürcüstan və Azərbaycan arasında nifaq yaratmağa çalışmışdılar.
Ölkəmizdə keçirilən "TurAz Qartalı - 2019" birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir. Rəsmi məlumata görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.
Üstəlik, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir. Ermənistanı dövlət olaraq tanımayan Pakistanın bu təlimlərə qatılması adi məsələ deyil, ermənilər də bunu yaxşı başa düşür.
Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a dedi ki, Azərbaycan və Türkiyənin güclənməsi, hərbi qüdrətini artırması bütün hallarda Ermənistanı narahat edir: "Mən illərdir qeyd edirəm ki, Türkiyənin hərbi bazalarının Azərbaycan ərazisində yerləşdirilməsinə ehtiyac var. Fikir verin, son günlər ermənilər özləri də bu mövzunu gündəmə atıblar. Ermənilər qorxuya düşüblər ki, Türkiyə Naxçıvanda hərbi baza qursa, bu, Ermənistan üçün ciddi problemlər yaradacaq. Elə bizim də məqsədimiz Ermənistanın problemlərini artırmaqdır. Bu baxımdan Türkiyə-Azərbaycan strateji ittifaqını daha yüksək səviyyəyə qaldırmaq, ən azı bir hərbi bazanı Naxçıvanda rəsmən yerləşdirmək həm Azərbaycan, həm də Türkiyənin strateji maraqlarına xidmət edir. Buna görə də bəli, Ermənistan qorxu içindədir, vəziyyətdən çıxış yolu axtarır”. Politoloq qeyd etdi ki, Azərbaycanın öz torpaqlarının bir hissəsini geri qaytarması da düşmənin həyəcanını artırır: "Aprel savaşı nəticəsində işğaldan təmizlənən torpaqlar, Naxçıvan və Qazax istiqamətində azad etdiyimiz ərazilər düşmən üçün göz dağıdır. Ermənistanda başa düşürlər ki, Azərbaycan bununla kifayətlənməyəcək. Ona görə də çıxış yolları axtarırlar. Bizsə, Ermənistanın problemlərini günbəgün artırmalıyıq”.
Politoloq Məhəmməd Əsədullazadə də bildirdi ki, Türkiyə -Azərbaycan birgə hərbi təlimləri Cənubi Qafqazda yeni geosiyasi bir nizam yaradır: "Təbii ki, bundan narahat olan işğalçı Ermənistandır. Ermənistan hakimiyyəti artıq anlayır ki, Ankara-Bakı tandemi bu gün İrəvan - Moskva oxunu xeyli zəiflədib və zamanla proses Azərbaycanın lehinə dəyişir. Ankaranın ölkəmizlə quru və hava hərbi təlimləri belə bir təlimlərində Naxçıvanda keçirilməsi Yerevanda böyük rezonansa səbəb olur. Onlar hər iki ölkənin belə bir miqyasda keçirdiyi təlimləri gözləmirdilər. Ermənistanın ən qorxduğu məqam Türkiyənin Naxçıvanda hərbi baza yaratması, yaxud müharibə başlayarsa buradan Ermənistana zərbə vurmağıdır. Hesab edirəm ki, Türkiyə NATO-nun üzvü olmasına baxmayaraq, müharibə başlayarsa Azərbaycanın yanında yer alacaq. Hətta öz qoşunlarını Naxçıvanda yerləşdirə bilər. Türkiyə əvvəlki illərdəki kimi NATO diktəsi ilə hərəkət edən ölkə deyil. Qeyd edim ki, əgər NATO diktəsinə qalsaydı bu gün Türkiyə-Azərbaycan təlimlərinə imkan verilməzdi. Məhz Türkiyənin müstəqil bir oyunçu kimi regional gücə çevrilməsidir ki, bu gün hər iki ölkənin birgə işğalçını lərzəyə salan hərbi təlimləri baş verir”. Ekspertimiz qeyd etdi ki, Türkiyənin Naxçıvanda hərbi təlimləri Ermənistana mesajdır: "Çünki işğalçı ölkə daima bu ərazilərə iddia irəli sürüb. Ona görə də bu kimi təlimlərdən ermənilər öz xəyallarının puç olmasından dolayı narahatdırlar. Çox narahatdırlar ki, Rusiyada artıq onları müdafiə etməyə bilər. Əgər Ermənistan Naxçıvanla sərhəddə təxribatını genişləndirsə, Türkiyədən zərbə alacaq. Bu gün Türkiyə Suriya, İraqda öz maraqlarını güclü surətdə qoruyur, öz qoşunları ilə həmin ölkələrdədir. Ermənistan anlamalıdır ki, yeni nizam formalaşır və Türkiyə Azərbaycanın yanında olacaq. Bu təlimlərin məqsədi Ermənistana mesajdır”.
M.Əsədullazadə əlavə etdi ki, Rusiya rəhbərliyi Qarabağ münaqişənin həlli üçün danışıqların bu ölkədə keçirilməsində maraqlı deyil: "Çünki Kreml Paşinyan və Əliyev görüşünü ona görə təşkil etmir ki, onlar erməni ”inqilabçısını" qəbul etmir. Bundan sonrada aktiv şəkildə Putinin birbaşa iştirakı ilə belə bir görüşün keçiriləcəyi gözlənilmir. Əvvəllər hər üç dövlət başçılarının mütəmadi belə görüşləri keçirilərək Qarabağ münaqişəsi müzakirə olunurdu. Qeyd edim ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin Ermənistan və Azərbaycana səfərində biz danışıqların intensiv keçirilməsini və Moskvanın vasitəçiliyi ilə liderlərin görüşünün təşkili barədə hər hansı mesajı görmədik". Ekspertin fikrincə, Patruşevin səfərində Azərbaycana Avrasiya İttifaqına üzv olmağı və KTMT müşahidəçi statusu təklif edilib: "Məhz Ermənistanın veto hüququndan istifadə etməməsinin Patruşev İrəvan səfərində razılaşdırılıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində dəyişikliklər edilib və buraya tərəfdaş ölkələrin müşahidəçi kimi üzv olması öz əksini tapıb. Təbii ki, bu dəyişikliklər edilərkən Azərbaycan nəzərə alınıb. Əgər Moskva Qarabağla bağlı hər hansı bir ciddi addım atmırsa, ya atacağı təqdirdə ölkəmizin Rusiyanın layihələrinə qoşulması müqabilində iki, ya üç rayon boşaldılırsa, buna qəti şəkildə getmək olmaz. Moskva ilə bu istiqamətdə danışıqlar aparılırsa, ilk növbədə yeddi rayon qaytarılmalıdır. Hazırda cəbhədə nisbi sakitlik buna yönəlib”.
Bakı isə növbəti dəfə Ermənistanı xəbərdar edib. "Ermənistan dərk etməlidir ki, hazırda işğal altında olan Azərbaycan torpaqları Azərbaycanın nəzarəti altına qayıdacaq və regionun iki icmasının sülh içində birgə yaşayışı təmin olunacaqdır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter” səhifəsində qeyd edib. XİN sözçüsü əlavə edib ki, münaqişənin başqa həll yolu yoxdur, vasitəçilər və dünya ictimaiyyəti bunu yaxşı bilir.
Elşad Paşasoy,
"Yeni Müsavat"