Şəfəqə Doğru » Manşet » Ölkədə süni qiymət artımı yaradanlar kimlərdi...

Ölkədə süni qiymət artımı yaradanlar kimlərdi...

Ölkədə süni qiymət artımı yaradanlar kimlərdi...

Ölkədə əməkhaqlarının artırılması ilə bağlı son sərəncamlardan sonra istehlak mallarının da qiymətində artım müşahidə edilir. İstehlakçılar bahalaşmanı bir çox çeşiddə məhsullar alarkən daha "yaxşı” hiss edirlər. Təkcə iyul-avqust aylarının müqayisəsində iri mağazalarda, supermarketlərdə ərzaq və qeyri-ərzaq məhsullarının 10-15 qəpik bahalaşdığı aydın görünür. İlk baxışda cüzi görünən rəqəmlər son nəticədə vətəndaşın cibidən gedir...

 

"Süni qiymət artımı gözlənilən idi”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bahalaşma gözlənilən idi:


"Hələ əməkhaqlarının artırılması ilə bağlı Prezident sərəncamlarından sonra süni bahalaşma olacağını bildirmişdik. Sentyabrın 1-dən etibarən maliyyə bazarlarına təxminən 2,5 milyard manata yaxın vəsait buraxılıb. Bildiyiniz kimi, maaşı artımı olmamışdan sahibkarlar qiymətləri bahalaşdırmağa başlayırlar. Bunların da hamısı obyektiv deyil, subyektiv qiymət artımıdır. Bu gün də elə bir vəziyət yaranıb. Biz də, ailə üzvlərimiz də, vətəndaşlar da bu bahalaşmanı hiss edir. Ona görə də süni qiymət artımına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir”.

 

"Bahalaşma olacaqdısa, maaşlar niyə artırılırdı?!”

 

V.Əhmədov vətəndaşın maaşının artan hissəsinin süni şəkildə ondan alındığını vurğulayıb:

"Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə artırılırdı?! Vətəndaş artımı hiss etməyəndən sonra bunun əhəmiyyəti olmaz axı! Ona görə də İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər aparmalıdır. Mən həmişə demişəm bahalaşma obyektiv və subyektiv ola bilər. Əgər mal-məhsul xaricdən dollarla alınıb gətirilirsə, milli valyutada dəyişiklik olursa, bu, obyektiv bahalaşmaya səbəb olur. Biri də var, subyektiv səbəbdən vətəndaşın cibinə girmək. Yerli məhsulun qiyməti niyə tez-tez dəyişməlidir?.. Mən sərəncamlardan sonra inflyasiyadan yox, qiymət artımından narahat idim. Təəssüf ki, bu da baş verməkdədir. Ona görə də müvafiq qurumlar ciddi addımlar atmalıdır”.

 

Dövlət Xidməti araşdırır...

 

Məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə Dövlət Xidməti tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir:

"Belə ki, daha çox istifadə olunan istehlak malları üzrə ölkənin bütün regionlarını əhatə edən gündəlik qiymət monitorinqi aparılır, nəticələri təhlil edilir. Baş vermiş qiymət dəyişikliklərin səbəbləri araşdırılır və nəticələrinə uyğun olaraq tədbirlər görülür.

Bununla yanaşı, ayrı-ayrı əmtəə bazarlarında hökmran mövqeyə malik təsərrüfat subyektlərinin fəaliyyətinə antiinhisar qanunvericiliyinə uyğun nəzarət həyata keçirilir”.


"Süni qiymət artımı qeydə alınmayıb”

Rəsmi məlumatda bildirilib ki, aparılmış monitorinq və nəzarət tədbirləri zamanı süni qiymət artımı halları qeydə alınmayıb:

"İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Süni qiymət artımı müəyyən edildiyi təqdirdə bu cür hallara yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.