Vergilər Nazirliyində müəmmalı hadisələr cərəyan etməkdədir. Nazir Mikayıl Cabbarovun komandası nazirliyin bütün strukturlarında ciddi narazılıqlar yaratmaqda davam edir.
Əslində, çoxdan müşahidə etdiyimiz bu mənzərə son vaxtlar açıq şəkildə özünü büruzə verməkdədir. Müxtəlif mənbələrdən aldığımız informasiyalar onu deməyə əsas verir ki, Mikayıl Cabbarovun etimad göstərərək Vergilər Nazirliyində yüksək postlara təyin etdiyi bir sıra şəxslər süni narazılıqlar yaratmaqla, naziri ustalıqla hədəfə gətirirlər.
Daxil olan məlumatlara görə, Vergilər Nazirliyindən olan şikayətlərin böyük əksəriyyəti aparılan kadr siyasəti ilə bağlıdır. Belə ki, keçmiş nazir Fazil Məmmədovun dövründən qalan kadrların bir qismi nazirlikdən uzaqlaşdırılsalar da, digər qismi müxtəlif vasitələrlə fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlikdə aparılan struktur dəyişiklikləri zamanı yüzlərlə təcrübəli vergi əməkdaşları da islahatların qurbanına çevrildilər. Yaranmış vəziyyətdən ustalıqla bəhrələnən bir sıra vəzifəli şəxslər vaxtilə aralarında narazılıqlar olan onlarla vergi əməkdaşının haqsız yerə işdən çıxarılmasına nail ola bildilər.
Maraqlı məqam orasıdır ki, bütün baş verən neqativ halların təqsirkarı kimi nazir Mikayıl Cabbarov önə çəkilir və təşəbbüsün onun tərəfindən həyata keçirildiyi iddia olunur. Əslində nə baş verir? Redaksiyamıza daxil olan məlumatların, yerlərdən gələn informasiyaların təhlili zamanı təzadlı məqamların şahidi oluruq. Təhlillər onu göstərir ki, aparılan kadr islahatlarının əksəriyyətindən nazir Mikayıl Cabbarovun sadəcə xəbəri belə yoxdur.
Onun etimad göstərərək ətrafına topladığı bir çox kadrlar şəxsi münasibətlər zəmnində ambisiyalarını boğa bilmirlər və haqlı narazılıqların yaranmasına zəmin yaradırlar. Əldə etdiyimiz məlumatlara görə bir çox bacarıqlı, cavan, peşəkar vergi işçiləri barəsində nazirə verilən şər və böhtan xarakterli, qərəzli, qeyri-dəqiq məlumatlar sonda həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib. Baş verən haqsızlıqlarla barışmayan və işlərini itirən vergi əməkdaşları məhkəmələrə və ölkə başçısına müraciət etməkdə davam edirlər. Son vaxtlar bu şikayətlərin daha da artması onu deməyə əsas verir ki, vəziyyət ciddi xarakter alıb.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, ölkədə aparılan islahatların fonunda həyata keçirilən struktur dəyişiklikləri heç bir halda o qurumlarda çalışan işçilərin ixtisarı ilə nəticələnməməlidir. Islahatlar zamanı sərəncama götürülən kadrlar digər işlərlə təmin olunmalıdırlar. Bu məsələnin bir tərəfi.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, hər il Vergilər Nazirliyi vakant yerlərə işçi qəbulu ilə bağlı müsabiqələr həyata keçirir. Bu müsabiqələrdən keçən cavan kadrlar Vergilər Nazirliyinin müxtəlif strukturlarında müvafiq işlərlə təmin olunublar. Bu proses təqdirəlayiq hal hesab olunsa da, sərəncama götürülən və iş yerlərini itirən cavan, təcrübəli və peşəkar vergi işçilərinin kənarda qalması başadüşülən deyil. Görəsən bu ideyanı nazir Mikayıl Cabbarovun "qulağına pıçıldayan” və özünü "ağıllı” hesab edənlər kimlərdir?
Ölkədə ictimai-siyasi sabitliyin kifayət qədər həssas olduğu bir dönəmdə yüzlərlə vergi əməkdaşlarını işlərindən azad edərək "küçələrə tökmək”, onların ailələrini və uşaqlarını maddi sıxıntılarla üz-üzə qoymaq hansı beyinlərin "məhsulu”dur? Bu azmış kimi, iş yerlərini itirən peşəkar kadrların nazir Mikayıl Cabbarovla birbaşa görüşünə imkan verməyən və bunu əngəlləyən "kadr”lar kimin tapşırıqlarını yerinə yetirirlər?
Əldə etdiyimiz məlumatlara görə işlərindən haqsız yerə azad olunan bir qrup vergi əməkdaşı Prezident İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra onlar nazirliyə dəvət olunublar və müvafiq işlərlə təmin ediliblər. Bu nə deməkdir?...
Belə çıxır ki, müxtəlif formalarda hüquqları pozulan və haqsızlıqlara məruz qalan vətəndaşlar məcburiyyət qarşısında qalaraq, son çıxış yolu kimi dövlətin başında duranlara müraciət etməlidirlər. Əgər belədirsə, onda nazir Mikayıl Cabbarovun vəzifəsi yalnız vergi yığmaqdan ibarətdirmi?
Prezident İlham Əliyev və xanımı Bakı şəhəri də daxil olmaqla, ən ucqar regionlarda belə sadə vətəndaşlarla təmasdan yayınmırlar. Onlar vətəndaşlarla təmasa girərək problemləri yerindəcə həll edirlər.
Nazir Mikayıl Cabbarov isə müxtəlif adlar altında işlərini itirən keçmiş vergi əməkdaşlarını nəinki qəbul edərək dinləməyib, hətta peşəkar kadrların "soyqırım”ına şərait yaradıb. Biz iddia etmirik ki, yaranmış situasiyanın yeganə səbəbkarı məhz nazir Mikayıl Cabbarovdur.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu və ya digər formada narazılıqların ortaya çıxmasının təşəbbüskarları nazirin ətrafına yığdığı "məsləhətçiləri”dir. Bu barədə nazirliyin dəhlizlərində belə gedən söz-söhbətlərdən Mikayıl Cabbarovun xəbərsiz olması müəmmalıdır. Əgər doğrudan da onun baş verənlərdən xəbəri yoxdursa, biz qələmə aldığımız bu məqalə ilə nazir Mikayıl Cabbarovun diqqətini baş verən xoşagəlməz hadisələrə yönəltmək istəyirik.
Bir daha vurğulamaq istəyirik ki, hər bir Azərbaycan vətəndaşı kimi biz də Vergilər Nazirliyi tərəfindən həyata keçirilən islahatları dəstəkləyirik, sağlam və şəffaf vergi mühitinin formalaşmasının tərəfdarıyıq. O cümlədən, uzun illər vergi sistemində çalışaraq mənfi imic formalaşdıran, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan şəxslərin nəinki işindən azad olunmasını, hətta onların cəzalandırılmasını belə tələb edirik. Amma bu proseslər zamanı cavan və peşəkar kadrların səbəbsiz yerə işdən çıxarılması yolverilməzdir.
Ümid edirik ki, Vergilər Naziri Mikayıl Cabbarov bizim toxunduğumuz məqamlara diqqət edəcək və qiymətli vaxtından zaman ayıraraq onları qəbul edərək dinləyəcək, işlərini itirən şəxslərin hüquqlarını bərpa edəcək. Bu baş verərsə hazırki vəziyyətin yaranmasında birbaşa "xidmətləri” olan şəxslərin fəaliyyəti tam çılpaqlığı ilə özünü biruzə verəcək.
Mövzu kifayət qədər geniş olduğu üçün bu sahədə araşdırmalarımızı davam etdiririk. Növbəti yazılarımızda konkret faktlara müraciət edərək, nazir Mikayıl Cabbarovun diqqətini baş verənlərə yönəltməyə cəhd edəcəyik.
Qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Mənbə: Stimulxəbər.az