Şəfəqə Doğru » Manşet » Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…

Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…

Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…

Gündəmdən düşməyəcəyini və hər zaman faydalı olacağını düşündüyümüz ixtisaslar var: müəllim, həkim, polis və s. Lakin bəzi hallarda insanda sual yaranır: önəmli hesab etdiyimiz bu ixtisaslar elə bir zaman gələ bilərmi ki, öz əhəmiyyətini itirsin? Elm və texnologiyanın inkişafı önəmli hesab etdiyimiz bu ixtisasları başqaları əvəzləyə bilərmi? Ümumiyyətlə, gələcəyin tələbatı hansı peşə və ixtisaslaradır?

 

Bu barədə Modern.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir.

 

"Halbuki, Qərbdə artıq gələcəyin peşələrini müəyyənləşdirirlər və bu istiqamətdə kadrlar üzrə hazırlıqlara başlayırlar. Kiçik araşdırmadan sonra əldə etdim ki, gələcəyin proqramlaşdırılması ilə məşğul olan Amerika şirkəti "Sparks&Honey” gələcəkdə indi olmayan bəzi peşələrin həddindən populyar olacağını vurğulayır. Məsələn, belə peşələrdən birinin mikroflora üzrə mütəxəssisin olacağı vurğulanır. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkibləri müəyyən edəcəklər, həmçinin, dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər.
Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn evlərin damında, qazonlarda və əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikroferma mütəxəssisləri peyda olacaq. Azərbaycanda isə bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikroferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır. Problemin kökündə dayanan ikinci əsas səbəb isə Azərbaycan ali məktəblərinin, xüsusilə də yeni açılmış özəl ali məktəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi”.

 

Kamran Əsədovun sözlərinə görə hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır.

 

"Düzdür, son illərdə Azərbaycan toplumunda ixtisas seçimi ilə bağlı dəyişikliklər baş verib. Qeyd etmək istəyirəm ki, bir vaxt dəbdə olmayan bəzi ixtisaslara girmək üçün indi çox yüksək nəticə göstərmək lazımdır. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar.
 Hesab edirəm ki, ixtisaslar müəyyən olunanda bır sıra mühüm amillər və əmək bazarı mütləq nəzərə alınmalıdır. Belə ki, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər.
Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Axı niyə biz meyvə bağlarımıza aqrotexniki xidmət göstərilməsi sirlərinə yiyələnmək üçün Hollandiya və ya digər başqa bir ölkədən mütəxəssis cəlb etməliyik? Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Nə vaxta qədər neftdən, qazdan asılı qalmalıyıq? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Sadəcə, dövrün tələblərinə uyğun olaraq həmin peşəni bilən mütəxəssis yetişdirmək lazımdır. Bu həm iqtisadiyyat üçün xeyirlidir, həm də millət üçün.
Nəyə görə adi bir şeyi düzəltmək üçün hər dəfə xaricdən pul töküb mütəxəssis çağırmalıyıq? Hesab edirəm ki, tələbat olan ixtisaslara gənclərin marağının artırılması məsələsi ali təhsil müəssisələrinin üzərinə düşür. Məhz ali təhsil müəssisələri kadr hazırlığı ixtisaslar haqqında məlumatı ictimaiyyətə mütəmadi olaraq müxtəlif vasitələrlə çatdırmalı, həmin ixtisasların maraqlı tərəflərini izah etməlidirlər. Bu, həm gənclərə ixtisas seçimində köməklik etmiş olar, həm də ali təhsil müəssisələri arasında rəqabət qabiliyyətini gücləndirər.
Bu gün Azərbaycan ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar texnologiyanın inkişafı nəticəsində lazımsız ixtisaslı təbəqənin yaranmasına gətirib çıxaracaq. O lazımsız təbəqə hansı ki, onun nümayəndələri heç bir işə düzələ bilməyəcəklər. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə alqoritmlər və robotlar insanların bütün peşələrini əllərindən alacaq. Azərbaycan ali təhsil müəssisələri bu istiqamətdə kadr hazırlığı həyata keçirilməlidir”.