Goranboyda aparılan qızıl əməliyyatı ilə bağlı bəzi ilginc məqamlar ortaya çıxıb. Məlum olub ki, artıq məsələ ilə bağlı cinayət işi açılıb və bəzi məmurların cəzalandırılması istiqamətində işlər aparılır.
Hadisə ilə bağlı rayon polis şöbəsində saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev hüquq-mühafizə orqanlarına tapşırıqlar verib. Lakin onun sözünə qulaq asan olmayıb. Hətta rayon polis şöbəsinin rəisi ilə icra başçısı arasında mübahisənin yarandığı barədə də məlumatlar var.
Bildirilir ki, N. Quliyev əməliyyat zamanı saxlanılan köməkçisi Fuad Əliyevin sərbəst buraxılmasına nail olsa da, digər şəxslərin azadlığa çıxmasına müvəffəq ola bilməyib.
O da qeyd olunur ki, hazırda polis şöbəsində saxlanılan "Azəryolsevis”in əməkdaşı Misir Ələkbərov Azərbaycanın ən sanballı oliqarxlarından birinin qardaşıdır. Həmin oliqarx isə nazirlərdən birinin ortağı, yaxın adamıdır. Əməliyyatda saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra başçısının rəislə "danışıqlar”ı zamanı həmin nazirin də adı çəkilib. Lakin polis rəisi nazirliyin göstərişi olmadan belə bir addım ata bilməyəcəyini deyib. Elə bu da rəislə icra başçısının mübahisəsinə səbəb olub.
Bu arada Azpolitika.info saytı məlumat yayıb ki, bu məsələyə görə rayonda vəziyyət kifayət qədər gərgindir. Hətta icra başçısının bu səhvinə görə postdan uzaqlaşdırılacağı barədə şayiələr dolaşır.
Həmin hadisənin iştirakçısı olduğu deyilən, icra başçısının köməkçisi Fuad Əliyev yenidən məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. O, Dövlət Təhlükəsizlik Xidmətinin rayonda belə bir əməliyyat apardığını təsdiqləyib: "Əməliyyat keçirilib. Bizə məlumat verildi ki, burada qazıntı işləri aparılır. Biz bilmirik ki, orada qızıl, yoxsa gümüş çıxarırlar. Goranboy Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verib. Aidiyyətı orqanlar da öz işlərini aparırlar. Məlumatla bağlı araşdırma aparılıb. Düzdür, hadisə yerinə gedib baxmamışıq. Lakin bizə çatan məlumata görə, nə isə etmək istəyiblər, amma vaxtında qarşısı alınıb”.
F.Əliyev əməliyyat zamanı heç bir məmurun həbs olunmadığını iddia edib. Başçının köməkçisi hazırda iş başında olduğunu, onunla bağlı heç bir problem olmadığını deyib:"Mən dünən işdə deyildim. Amma bu gün işə qayıtdım ki, başqa problemlər yaranmasın. Mənim həqiqətən heç bir problemim yoxdur, hazırda işimin başındayam. O əməliyyatla da heç bir əlaqəm yoxdur”.
İcra başçısının nümayəndəsi bu işlə heç bir əlaqəsinin olmadığını desə də, aidiyyəti qurumlar bu işdə günahı olan adamların cəzalandırılması istiqamətində fəaliyyətə başlayıblar.
Məsələ diqqətimizdədir, əlavə məlumat veriləcək.
Xatırladaq ki, iyunun 12-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib. Məlumata görə, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub. Yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Saxlanılanlar arasında əməliyyat vaxtı icra başçısının əraziyə nömrəsiz avtomobillə gəlmiş Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.