"Hökumət manatın möhkəmlənməsində maraqlı deyil və bundan çəkinir. Bazar şərtləri manatın məzənnəsini ABŞ dollarına qarşı 1.40 AZN-ə qədər möhkəmləndirə bilər”.
Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, bugünkü konyunktur manatın möhkəmlənməsi istiqamətində ciddi təzyiqlər formalaşdırır:
"Faktiki hazırkı faktorlar manatın möhkəmlənməsinə təsir edəcək faktorlardır. Məsələn, əgər bu gün Azərbaycan hökuməti manatın məzənnəsini hazırkı səviyyədə qalması fikrindən daşınarsa və "üzən məzənnə” rejiminə keçərsə, məzənnədə dəyərsizləşmə müşahidə oluna bilər. Buna ilk günlər psixoloji faktorlar və insanlarda olan narahatlıq səbəb ola bilər. Amma fundamental faktorlar qısa müddətdən sonra məzənnənin möhkəmlənməsinə gətirib çıxaracaq. Bazar şərtləri manatın məzənnəsini ABŞ dollarına qarşı 1.40 AZN-ə qədər möhkəmləndirə bilər. Çünki bu gün həm dünya bazarlarında neftin qiyməti, fiskal hesablamalarda hökumətin müəyyən etdiyi qiymət, idxal-ixrac arasında yaranmış saldo və eyni zamanda tədiyyə balansının göstəriciləri bu gün manatın möhkəmlənməsi üçün əsaslar yaradıb. Bu mühit 2017-ci ilin sonlardan formalaşıb. Amma hökumət hazırkı şərtlər daxilində manatın möhkəmlənməsində maraqlı deyil və bundan çəkinir. Çünki ötən dövr ərzində manatın məzənnəsini resurs asılılığından xilas edə bilməmişik. Bu gün də manatın məzənnəsinin formalaşmasında 85 faiz əsas rolu neftin dünya bazarlarındakı qiyməti oynayır. Bu isə hökumətin nəzarətindən kənarda baş verən proseslər fonunda formalaşan qiymətlərdir. Bu baxımdan da hökumət bu gün möhkəmlənən manatın qısa müddət sonra dünya bazarlarında baş vermiş hər hansı bir dalğalanmanın təsiri nəticəsində sürətlə yenidən ucuzlaşması və bu voloterliyin Azərbaycan iqtisadiyyatına vurduğu zərərdən çəkinir. Baxmayaraq ki, manat möhkəmlənə bilər, amma bunun qarşısı Mərkəzi Bank tərəfindən alınır”.
Rəşad Həsənov "üzən məzənnə”yə tam keçidin nə zaman mümkün olmasına dair proqnozunu da açıqlayıb:
"Nə vaxt neftin qiyməti düşərsə, tədiyyə balansında mənfi saldo yaranarsa, o zaman böyük ehtimalla "üzən məzənnə”yə keçidlə bağlı qərar veriləcək. Çünki ötən dövr ərzində bazarı "üzən məzənnə” rejiminə hazırlaya bilmədik. Demək olar ki, sabit məzənnə rejimində fəaliyyət göstərmək istiqamətində ciddi işlər görülmədi. Buna görə də nə qədər ki, neftin qiyməti yüksəkdir bu dövr ərzində manatın məzənnəsini "üzən valyuta” rejiminə keçilməsi ilə bağlı qərarın qəbul edilməsi gözlənilmir. 2017-ci ildə strateji yol xəritələrinin öhdəliklərinə uyğun olaraq "üzən məzənnə” rejimi tətbiq edilməli idi. Neftin qiymətində yaranmış konyunktura imkan verdi ki, bu, olmasın. Strategiyaya dəyişiklik edildi və müvafiq öhdəlik 2020-ci il üçün müəyyən edildi. Amma 2019-cu ilin ikinci yarısından etibarən aidiyyəti rəsmi qurumlar, o cümlədən Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinin növbəti illər üçün hazırladığı makro proqnozlarda yenə də manatın məzənnəsinin sabit qalacağı öz əksini tapdı. Bu onu deməyə əsas verir ki, nə qədər neftin qiyməti əlverişlidir, bu müddət ərzində hökumət manatın məzənnəsinin 1.70 ətrafında saxlamağa çalışacaq”.
Yeganə Oqtayqızı
Cebhe.info