Azərbaycan xalqı ağ atlı oğlandan çox, qara maskalı oğlanın yolunu gözləyir. Xalq qara maskalı oğlanın güclü əllərini rüşvətxor, mafioz məmurların xirtdəyində görmək istəyir. İnsanalar qara maskalı oğlanın yolunu Murovda xidmət edən əsgər övladlarının yolunu gözlədikləri kimi gözləyirlər.
REKLAM
www.instagram.com
Читать дальше
Nə baş verir? Məmurların həbsi niyə ölkədə toy-bayrama çevrilib? Axı biz humanist xalqıq. Türməyə düşən düşməninə belə "Allah qapısını açsın” deyən azərbaycanlılar indi niyə onları idarə edən adamların türməyə düşməyinə sevinirlər?
Bu suala cavab verməzdən əvvəl 25-26 il əvvələ, acılı-şirinli xatirələrlə zəngin olan tələbəlik illərimə qayıtmaq istəyirəm. Qrup yoldaşlarımdan birinin atası keçmiş məmur idi, beş-altı il Yalovada vali işləmişdi. Arabir universitetə gəlir, övladının təhsili ilə maraqlanırdı. Hamı ona ehtiram göstərir, "sayın valim” deyib qabağına qaçırdı. Hansı ki, həmin vaxt kişi təqaüddəydi, hər hansı vəzifəsi, səlahiyyəti yox idi. Üstəlik, Yalova Ankara, İstanbul, İzmir də deyildi. Ağsaqqal bu hörməti necə qazanmışdı? İnsanların vəzifədən çıxmış bir insana bu qədər rəğbət bəsləməsinə səbəb nə idi?
Mən o vaxtdan hər şeylə maraqlanan, hər suala cavab tapmağa can atan adam olmuşam. Bir gün dözməyib soruşdum: "Ay Hakan, bu camaat sənin atanın xatirini niyə belə çox istəyir?”
Diqqətlə üzümə baxıb, belə dedi: "Abi, mənim atam təmiz adamdır. O, heç vaxt bizə haram tikə yedirməyib. Atam vali işləyəndə, mən liseyə avtobusla gedib-gəlirdim”.
Məşhur tamaşada deyildiyi kimi, mən göbələk deyiləm, yerdən çıxmamışam. Böyük bir nəslin təmsilçisiyəm. Vəzifədə işləyən çoxlu qohum-əqrabam olub. Dəqiq yadımdadır, o vaxt prokuror işləyən bir tanışımızən özü kimi qudurğan itini də hər gün parka maşınla aparıb-gətirirdilər...
Dövlət başçısı yüz dəfə deyib ki, məmur xalqın xidmətçisidir. Amma hələ də bəzi məmurlar axlqa öz xidmətçiləri kimi baxırlar. Açıq yazmaqda fayda var. Bəzi məmurlar dövlətin, dövlət başçısının etibarından sui-istifadə edirlər. Xalqa xidmət etməli olan adamlar, özlərinə, ailə üzvlərinə, qohum-qardaşlarına xidmət edirlər. Uzun illər zəli kimi xalqın qanını sorublar, rüşvətlə, korrupsiya ilə, talançılıqla milyonlar qazanıblar. Amma hələ də pis vərdişlərdən, yalandan və talandan əl çəkmirlər. Vaxtilə efir vasitəsilə qazanmış olduğum populyarlıq mənə ən müxtəlif təbəqələrin nümayəndələri ilə oturub-durmaq imkanı verib. Vaxtilə yüksək vəzifədə çalışmış bir tanışım vardı, arabir məni evinə qonaq aparırdı. Hələ də anlaya bilmirəm ki, cəmi bir qızı olan ailəyə 28 otaqlı mülk nəyə lazımdır? Dörd il əvvəl dilənçi bir qadını döyüb qapıdan qovandan sonra əlaqəmiz kəsildi. Bu yaxınlarda eşitmişəm ki, yeganə övladı narkotik maddələrin aludəçisidir, 6 aydı İtaliyada narkoloji dispanserdə müalicə olunur...
Hər görüşümüzdə üç-dörd saat söhbət etsək də, mən haram pulun hələ heç kimə xoşbəxtlik gətirmədiyini ona başa sala bilmirdim. Elə adamlar var ki, onları ancaq qara maskalı oğlan başa sala bilər. Həmin adamların sayı çox olduğu üçün xalq qara maskalı oğlanın tez-tez gəlməyini arzulayır...
Arzunuz çin olsun!
Seymur VERDİZADƏ //yenisabah.az//