Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları Seyid Abbasa məxsus obyektdə baş verənləri niyə görməzdən gəlirlər?
«Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir». Bunu Ombudsman Elmira Süleymanova aprelin 13-də Milli Məclisdə (MM) təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, ailə-məişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır: «Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur”. Ombudsmanın də qeyd etdiyi kimi, həqiqətən də son illər istər Bakıda, istərsə də bəzi rayonlarımızda yüngül həyat tərzi keçirən qadınların cəm olduğu məkanların sayı xeyli artıb. Təbii ki, qadın ticarətinin geniş vüsət aldığı bu tip obyektlərin sərbəst fəaliyyət göstərməsində aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarının səhlənkarlığı da az rol oynamır. Bəzi polis rəisləri aşkar şəkildə əxlaqsızlıq yuvalarına «krışalıq» edirlər. Bunun nəticəsində bədənini pul qarşılığında satan qadınlar həmin obyektlərə gedib müştəriləri ilə cinsi əlaqəyə girirlər. Sabirabad rayonunda yerləşən «Çənlibel» istirahət mərkəzi də təyinatı üzrə fəaliyyət göstərmir. Bu barədə ötən günlərdə xəbər vermişdik. Shafaqadogru.com Gundelik-baku.com-a istinadən xəbər verir ki, daxil olan yeni məlumatlarda bildirilir ki, Sabirabadın mərkəzi bazarının sahibi Seyid Abbasa məxsus olan istirahət mərkəzində qadın ticarəti bir saat belə olsa səngimək bilmir: «Bura bir növ regional əxlaqsızlıq yuvası sayılır. Belə ki, Şirvan, Saatlı, Hacıqabul, Salyan və Neftçala rayonlarının sakinləri məhz bura gəlib əxlaqsız qızlarla intim əlaqəyə girirlər. İstirahət mərkəzində hər gün sıxlıq müşahidə olunur. Müştərilərin çoxu əvvəlcədən yer sifariş edib gəlirlər. Burda otaqların qiyməti müxtəlifdir. Məsələn, bir otaqlı kottecin 3 saatı 40 manatdan başlayır. Daha şəraitli otaqların 3 saat üçün nəzərdə tutulan qiyməti isə 60-70 manat civarında dəyişir. Əgər müştəri gecəni səhərə kimi burda qalmaq istəyirsə, o zaman 100 manat ödəməlidir. Sabirabad və ətraf rayonlarda «Çənlibel» təhlükəsiz məkan kimi tanınır. Çünki polis əməkdaşları obyektin fəaliyyətinə müdaxilə etmir. Seyid Abbas isə hər yerdə deyir ki, heç kim mənim obyektimi bağlaya bilməz, mən lazım olan şəxslərə aylıq verirəm». Məlumatlı mənbənin söylədiklərinə görə, «Çənlibel»in tikintisi zamanı mövcud qanunlara əməl edilməyib: «Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyekt yolun mühafizə zolağında tikilib. Əslində, burda obyektin tikintisinə icazə yoxdur. Lakin Seyid Abbas yerli icra hakimiyyəti orqanının rəhbər şəxsləri ilə anlaşaraq buranı tikdirib. Obyektin aylıq gəliri 100 min manatlarla ölçülür. Amma bu qədər qazancın müqabilində dövlətə lazım olan miqdarda vergi keçirilmir. Bundan başqa, «Çənlibel»də işləyən xadimə və ofsiantların heç birinin əmək müqaviləsi yoxdur. Mərkəzin rəhbəri işçilərə görə Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmir. Bir sözlə, Seyid Abbas nə qanun tanıyır, nə də müvafiq normalara əməl edir». Sözsüz ki, belə bir çirkab yuvasının heç bir maneə olmadan fəaliyyət göstərməsi rayon sakinləri tərəfindən hiddətlə qarşılanır. Odur ki, Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev cənabları dərhal «Çənlibel»in fəaliyyətini dayandırmalıdır. Əks halda, rayonda mənəvi problemlər dərinləşə bilər. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.