Şəfəqə Doğru » Manşet » "Xalqın qəzəbi kəllə-çarxa çıxıb, çevriliş ola bilər" - Müsahibə

"Xalqın qəzəbi kəllə-çarxa çıxıb, çevriliş ola bilər" - Müsahibə

"Xalqın qəzəbi kəllə-çarxa çıxıb, çevriliş ola bilər" - Müsahibə

"Qərbdə Putin və Rusiyaya münasibət tam mənfidir. Rusiyanın zəifləməsi, dağılması və aşınması prosesi davam edir. Rusiya üçün heç bir gələcək görmürəm”.

Politoloq Zərdüşt Əlizadə belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ-da bir həftədir qaradərili Corc Floydun öldürülməsinə etiraz olaraq başlayan nümayişlər səngimir. Əvvəllər də belə qətllər olmuşdu, amma bu formada etirazlar olmamışdı. Sizcə, belə bir reaksiya bir təsadüfdür?

- ABŞ-da son 15-20 ildə dəfələrlə polisin zor tətbiq etməklə hansısa bir vətəndaşı qətlə yetirməsinə etiraz olaraq, bir çox şəhər və ştatları əhatə edən aksiyalar olub. Əlbəttə, bu hərəkatlar həmişə tədricən səngiyib və dayanıb, bir çox hallarda hakimiyyət tərəfindən yatırılıb. Çünki Amerika cəmiyyəti inqilab etmək istəmir, sadəcə olaraq, polis zorakılığına son qoyulması tələb edilir. Bu dəfə isə Corc Floydun polis tərəfindən öldürülməsindən sonra insanlar küçələrə və meydanlara çıxdılar. Təkcə qaradərili insanlar yox, ağdərililər və gənclər də etiraz üçün ayağa qalxdı. Bu olaylar xüsusi bir vəziyyətdə baş verir.

İlk növbədə, koronavirus pandemiyasının burada rolu var. Pandemiya dünyada özünü ən ağır şəkildə ABŞ-da göstərdi. Bilirsiniz ki, Amerikada artıq yüz mindən çox insan həyatını itirib. Hələlik nə hökumət, nə də cəmiyyət bu pandemiyanın öhdəsindən gələ bilir. Deyilənə görə, hətta, ölənlərin sayı 200 minə yaxındır.

İkincisi, pandemiya nəticəsində Amerikda ciddi şəkildə iqtisadi böhran başlayıb. Böhran Amerika tarixində indiyədək müşahidə edilməmiş ən yüksək həddə olan rəqəmlərlə ifadə olunur.

Üçüncüsü, Amerikada prezident vəzifəsi uğrunda ciddi rəqabət gedir. Bu, sadəcə iki namizədin rəqabəti deyil, bu, Amerika cəmiyyətində dərin kökləri olan və sanballı iki siyasi-iqtisadi cəbhənin döyüşüdür. Bir tərəfdə Amerika sənayesi və iqtisadiyyatını yüksəltmək istəyən cinah, digər tərəfdə ümumdünya maliyyə bazarlarında ABŞ-ın dünyadakı hegemon gücündən istifadə edərək, böyük pullar qazanan maliyyəçi cinah var. Bu cinahlar arasında döyüş gedir. Onların bayraqdarları kifayət qədər yaşları olan Donald Tramp və Co Baydendir. Onların arasında öldüm-dirim mübarizəsi gedir.

Unutmayaq ki, ötən dəfəki seçkilərdə həmin qlobalistlərin, maliyyəçilərin namizədi Hillari Klinton idi. Klinton seçicilər arasında Trampın qarşısında 3 milyondan çox səs qazanmışdı. Amma Amerika seçki sisteminin özəlliyi ondan ibarətdir ki, burada birbaşa seçilmək məsələni həll etmir. ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Donald Tramp Seçicilər Kollegiyasında Klintondan çox səs topladı. Nəticədə 3 milyon səslə qabaqda olan Hillari Klinton seçkili şəxslərin seçdiyi Trampı qələbə münasibəti ilə təbrik etdi.

Tramp gəldikdən sonra ABŞ-ın daxili və xarici siyasətində kəskin dəyişikliklərə nail oldu. ABŞ-ın NATO-ya münasibətində soyuqluq yarandı. Amerika bir çox beynəlxalq iqtisadi-siyasi müqavilələrdən çıxdı: Trans-Atlantik, İranla nüvə, orta və qısamənzilli raketlərin məhdudlaşdırılması və açıq səmalar müqavilələrindən. Bütün beynəlxalq münasibətlər sistemini dərindən təftiş etdi.

- Bunlar təkcə Trampın istəyi ilə baş tutdu?

- Əlbəttə, Tramp Amerikanın prezidentidir. Konqresin yuxarı palatasına isə onun təmsil olunduğu Respublikaçılar Partiyası nəzarət edir. Aşağı palatadakı Demokratların etirazlarına baxmayaraq, öz səlahiyyətlərindən istifadə edərək, bu addımları ata bildi. O, demək olar ki, əks cinahı və ya Amerika cəmiyyətini sındırır. Qarşıdakı seçkilərdə onun qələbəsi şübhə doğurmurdu. Hamı əminliklə deyirdi ki, Tramp seçkilərdə 98 faiz səslə qalib gələcək. Amma indi pandemiya və iqtisadi böhranın üstünə sosial etirazlar əlavə olundu.

Amerika mediasını izləyirəm, orada fikirlər səsləndirilir ki, başqa ölkələrdə "maydan”larla siyasi hakimiyyətləri dəyişməyə nail olan Amerika qurumları indi "Maydan” texnologiyasını ABŞ-da tətbiq edərək, Trampı devirmək istəyirlər. Trampa Yanukoviçin, Ayaz Mütəllibovun taleyini yazırlar. Hamı bilir ki, ayrı-ayrı ölkələrdə baş verən inqilabi proseslərdə ABŞ-ın rolu olub. Amerika qurumları bəzən açıq, bəzən də gizli şəkildə bu inqilabi proseslərdə iştirak edib. 1992-ci ildə Azərbaycanda xalq yürüş edəndə Əbülfəz Elçibəyin bəyanatını kim yazmışdı? Türk kəşfiyyatı yazmışdı. Yəni, Amerika və onun müttəfiqləri üçüncü dünya ölkələrində özlərinə uyğun olmayan rəhbərlərin devrilməsində fəal iştirak edirlər.

Amerika mediasına görə, Minneapolis şəhəri və digər ştatlarda baş verən iğtişaşların törədilməsində Amerikanın bir sıra qurumları iştirak edir. Əminliklə demək mümkün deyil, amma hər halda Amerikada vəziyyət gərgindir. ABŞ-ın hakim zümrəsinin bir cinahı Trampın seçilməməsi üçün əlindən gələn hər şeyi edir. Bunda zavallı Corc Floydun qətlindən də istifadə edirlər. Koronavirusdan, işsizlikdən, böhrandan, ictimai ədalətsizlikdən qəzəblənən Amerika cəmiyyətinin qəzəbi vurub kəllə-çarxa çıxıb. Belə etiraz edə bilən kütləni də həmişə yönəldirlər.

Bizdə də Ayaz Mütəllibov yaxşı prezident deyildi, ondan narazı olan adamlar çox idi. Amma onu devirmək üçün bu narazılıqdan istifadə edib yönəltdilər. Nəticədə ondan qat-qat yaxşı olmayan Xalq Cəbhəsi hakimiyyətə gəldi. Elçibəyi də müəyyən siyasi texnologiyalarla hakimiyyətdən uzaqlaşdırdılar.

Tramp da bəyan edib ki, Amerika dövlətinin gücündən intəhasız tərzdə istifadə edib, etirazçıları əzəcək. Bunu edə bilər, o, qətiyyətli adamdır. Əvvəl-axır yatırdacaq, amma bu zaman ölüm halları çox olsa, bu, Trampın nüfuzuna ağır zərbə olacaq. Bəzən də açıq şəkildə deyir ki, insanları qızışdırıb ortaya salan Baydenin tərəfdarlarıdır. Mən buna inanmıram, çünki Amerika cəmiyyətində narazılıq üçün böyük əsaslar var.

- Baydendən söz düşmüşkən, o, Tramp üçün nə qədər ciddi rəqibdir?

- İndiki halda bu seçkilərin nə ilə nəticələnəcəyini kimsə deyə bilməz. Bura qədər Trampın qələbəsi şübhə doğurmurdu. Amma indi koronavirus, işsizlik, iqtisadi böhran və iğtişaşlar Trampın seçilməsini şübhə altına salır. Amma hələ məlum deyil. Bununla belə, açıq etiraf etmək lazımdır ki, Bayden çox zəif rəqibdir. İlk növbədə, yaşı 78-ə çatır. Tramp da cavan deyil, onun da yaşı 70-i keçib. Hər halda Baydenə nisbətən daha qabaqdadır. Əlbəttə, bunun əhəmiyyəti yoxdur, əsas odur ki, Amerikanın hakim zümrəsinin iki cinahı arasında ölüm-dirim mübarizəsi gedir. Hansı qalib gələcək? Amerika demokratik dövlətdir, hər şey ola bilər. Vətəndaş müharibəsindən tutmuş, ağır böhranlara qədər bir çox yollardan keçib.

- Tramp Rusiya Prezidento Putini "G7”-nin sammitində iştirak etmək üçün Amerikaya çağırdı. Nə düşünürsünüz, Rusiya prezidenti gedəcəkmi?

- Təkcə Putini yox, bir sıra dövlətlərin başçılarını da dəvət edib. Digər yandan, bu "G” formatlarının heç bir əhəmiyyəti yoxdur: istər "G7” olsun, istər "G10” olsun, istərsə də "G20”... Bu, yalnız hansısa siyasi xadimə öz sanbalını daxili səhnədə nümayiş etdirmək üçün bir bəhanədir. Əslində isə "G7”-də heç bir qərar qəbul olunmur, "G20”-də də belədir. Bu formatlar yalnız fikir mübadilələri, söhbətlər, özlərini camaata göstərmək üçün istifadə olunan vasitələrdir. Putinin dəvət edilməsində də heç bir ciddi işarə görmürəm. Qərbdə Putin və Rusiyaya münasibət tam mənfidir. Rusiyanın zəifləməsi, dağılması və aşınması prosesi davam edir. Rusiya üçün heç bir gələcək görmürəm.