Dünyada və o cümlədən Azərbaycanda koronavirusa yoluxma, bu virusdan ölüm halları artmaqda davam edir. Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 13 milyon 259 min 250 nəfər, bu virusdan ölənlər isə 576 min 15 nəfər idi.
İndiyə qədər dünyada koronavirusa yoluxanların 7 milyon 726 min 310 nəfəri müalicə alaraq sağalıb.
Azərbaycanda durum ötən həftələrdən fərqlidir. Ekspertlər hazırkı vəziyyəti əvvəlki günlərlə müqayisədə müsbət qiymətləndirirlər. Belə ki, iyulun 13-də açıqlanan rəsmi rəqəmlərə görə, Azərbaycanda yoluxanların sayı 529 nəfər, sağalanlar isə 547 nəfər olub. Bu statistika göstərir ki, artıq sağalanların sayı yoluxanlarını sayını keçib. Həkimlər hesab edirlər ki, bu, müsbət haldır.
Onu da bildirək ki, Azərbaycanda yoluxanların arasında xeyli sayda tibb işçisi də var. Onlardan xüsusilə də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin həkimlərinin durumu daha ağırdır. Şöbənin müdiri Cavid Paşayev də koronavirusa yoluxub və onun səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb. C. Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ağır koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub.
Sərt karantin rejiminin başa çatmasına təxminən 6 gün qalır və epidemiyanın yoluxma səviyyəsi ehtimal yaradır ki, daha bir həftə uzadıla bilər. Həkimlər də hesab edirlər ki, karantin rejimi ayın sonuna qədər uzadılmalıdır. Çünki sağalanların sayında artım olsa da, yoluxanların sayı 500-dən aşağı düşmür. Lakin rəsmi şəxslər və o cümlədən ekspertlər hesab edirlər ki, Azərbaycanda yoluxma sayının stabil saxlanılması karantin rejiminin tətbiq edilməsi sayəsində mümkün olub. Hesab edilir ki, karantin tətbiq edilməsəydi bu say günlük 2 mindən yuxarı olardı.
Onu da bildirək ki, bu ay dünyada koronavirusa yoluxanların günlük sayında ciddi artım olub. Belə ki, bu ay günlük yoluxma 220 mindən yuxarı qeydə alınıb ki, daha öncə bu cür göstərici qeydə alınmayıb. Dünyada koronavirusdan ölənlərin günlük sayında isə azalma baş verib. Hazırda ölüm sayı günlük 4 min nəfərə yaxındır.
Dünyada olduğu kimi, Azərbaycanda da koronavirus bir çox sahələrə zərər verib. Xüsusilə də xidmət sektorunda vəziyyət daha da acınacaqlıdır. Xidmət sektorunun içərisində isə turizm sahəsi daha da böyük çökmə yaşayıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,0 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0 faizi dəmir yolu və avtomobil, 30,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bununla belə, Azərbaycan dövləti pandemiyanın zərərlərinin qarşılanması üçün lazımi tədbirlər görür.
"Yeni Müsavat”