Şəfəqə Doğru » Manşet » “QAÇQINKOM”UN ADI RÜŞVƏT QALMAQAINDA HALLANDIRILIR

“QAÇQINKOM”UN ADI RÜŞVƏT QALMAQAINDA HALLANDIRILIR

“QAÇQINKOM”UN ADI RÜŞVƏT QALMAQAINDA HALLANDIRILIR
Məcburi köçkünlər üçün tikilən mənzillərə görə pul alan şəxs məhkəmədə kimlərin adını çəkib?

Shafaqadogrui.com  "Azadlıq”a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonu, Yusif Qasımov küçəsi 41-də yaşayan, Cəbrayıl rayonu Horovlu kəndindən məcburi köçkün Elmira Quliyeva ölkə başçısı Ilham Əliyevə, xanımı Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova, daxili işlər naziri Ramil Usubova, Bakı şəhər Baş Polis Idarəsinin rəisi Mirqafar Seyidova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

O, müraciətin bir surətini də göndərib. Elmira Quliyeva bildirir ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş binadan mənzil almaq istəyib, lakin aldadılıb. Bu işlə bağlı iki nəfər həbs olunub. Bunlar Vüsalə Mirzəyeva və Bayram Məmmədov adlı şəxsdir. Vüsalə Mirzəyeva əvvəllər Cəbrayıl Rayon Icra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində çalışıb. Bayram Məmmədov isə Texniki Universitetdə gözətçi işləyib.


Lakin Elmira Quliyev deyir ki, Bakı şəhər Baş Polis Idarəsinin baş müstəntiqi Nizami Əbilov cinayət işinin istintaqını obyektiv aparmayıb. Onun sözlərinə görə, müstəntiq işi tələsik yekunlaşdıraraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Elmira Quliyeva bildirir ki, müstəntiq bu işlə bağlı telefon danışıqlarını, audiofaktları nəzərə almayıb. Bundan başqa, Vüsalə Mirzəyeva istintaqda və məhkəmədə bildirib ki, vətəndaşlardan aldığı pulları Vəkilə Abbasova və onun həyat yoldaşı Ərəstun Abbasov adlı şəxsə verib. "Biz Vəkilə Abbasova və həyat yoldaşının da məhkəməyə dəvət olunmasını, ifadə verməsini tələb etdik. Lakin hakim Rahib Salmanov bildirdi ki, müstəntiq Nizami Əbilov istintaqın yekununda Vəkilə Abbasovanı şahid qismində dindirib və onun ifadəsini materiala əlavə edib. Biz şikayət ərizəsiylə dövlət başçısına və xanımına, güc strukturlarına müraciət edəndən sonra müstəntiq telefon və disklərdə olan danışıqların, səs yazısının müəyyən olunması üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərib”, – deyə Elmira Quliyeva əlavə edib.

Şikayətçinin sözlərindən bəlli olur ki, bu işdə Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin yüksək vəzifəli şəxslərinin adı da keçir. Bunlar komitənin sədr müavini Gəray Fərhadovla, qurumun şöbə müdiri Anar Qüdrətovdur: "Hakim Rahib Salmanov bizə dedi ki, müstəntiq bu materialdan əlavə cinayət işi başlayıb. Lakin biz zərərçəkmişlərin xəbəri yoxdur ki, bu vaxta kimi Nizami Əbilov Vəkiləyə və həyat yoldaşına, Gəray müəllim, Anar müəllim və digər şəxslərə cinayət işi başlayıb. Müstəntiqin fikri budur ki, Vüsalə Mirzəyeva və Bayram Cabbarova hökm oxunsun. Təqsirləndirilənlərin işi sübuta yetirilsin, yeni başlanan cinayət işinə də xitam verilsin. Pullarımız da Vəkilədə, Ərəstunda və digər şəxslərdə batsın”.

Elmira Quliyeva müraciət etdiyi səlahiyyətli şəxslərdən xahiş edir ki, bu cinayət işinin yenidən araşdırılmasını təmin etsinlər.

Sonda qeyd edək ki, Vüsalə Mirzəyevanın atası Saleh Mirzəyev və anası Xavər Mirzəyeva da qəzetimizə müraciət edib. Onlar Vüsalənin həbs olunduğu gündən etibarən məcburi köçkün kimi aldıqları 18 manat çörəkpulunun verilməsinin dayandırıldığını bildiriblər. Məcburi köçkün ailəsi dəfələrlə "Qaçqınkom”a müraciət etsə də onları xalq düşməni adlandırıblar. Həmçinin bildirilib ki, onların adının qarşısına komitə sədri Əli Həsənov tərəfindən qırmızı işarə qoyulub. Məcburi köçkün ailəsi il yarımdır ki, dayandırılan çörəkpulunun üzləşdikləri acınacaqlı vəziyyət və işsiz olmaları səbəbindən yenidən bərpa edilməsini xahiş edirlər.