Şəfəqə Doğru » Manşet » Tovuzla sərhəddə iflas olan düşmən Rusiya bazarlarında da mövqelərini itirir - GƏLİŞMƏ

Tovuzla sərhəddə iflas olan düşmən Rusiya bazarlarında da mövqelərini itirir - GƏLİŞMƏ

Tovuzla sərhəddə iflas olan düşmən Rusiya bazarlarında da mövqelərini itirir - GƏLİŞMƏ
Ermənistan bu ilin iyulunda Tovuzla sərhəddə törətdiyi hərbi təxribatının altını çəkməkdə davam edir. Məsələ ondadır ki, onsuz da iqtisadiyyatı və əhalisinin dolanışığı kritik vəziyyətdə olan düşmən ölkə bu yandan da Tovuz avantürasına görə Rusiyadakı soydaşlarımızın ermənilərə qarşı açdığı iqtisadi müharibə səbəbi ilə maliyyə zərbələri yeməkdədir.

"Moskvada bizi azərbaycanlıların bazarlarından bayıra atıblar”.

Bunu Ermənistan İxracatçılar İttifaqının sədri Raffi Mxçyanın 1in.am informasiya portalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistandan ixrac olunan malların satılması artıq ciddi problemə çevrilib.

"Belə bir durumla Tovuz hadisələrindən sonra rastlaşdıq. Paytaxtda bizi azərbaycanlıların bazarlarından bayıra atıblar. Bu, bizim üçün siqnal olmalıdır. Lakin təəssüf ki, ayrı-ayrı sahibkarlarımız hansısa kanallar vasitəsilə yalnız fərdi şəkildə azərbaycanlıların bazarlarına daxil ola bilirlər. Onları qınamıram. Mən öz dövlət qurumlarımızı günahlandırıram. Düzgün reaksiya vermirlər, hələ də Rusiyanın paytaxtında öz məhsullarımızı sata biləcəyimiz meydan yaratmamışıq”, - deyə Mxçyan narahatlıqla qeyd edib...

*****

Ermənistan indi həm də ağır demoqrafik problem yaşayır. Baş nazir Nikol Paşinyanın bir neçə gün öncə 2050-ci illə bağlı elan elədiyi absurd hədəflər (Ermənistan əhalisinin sayını 5 milyona çatdırmaq, ÜDM-ni 20, əmək haqlarını 7 dəfə artırmaq, hətta orta ömrün uzunluğunu 90 ilə çatdırmaq) sözsüz ki, sırf təbliğati gedişdən və narazı ictimai rəyi "gümrahlaşdırmaq” cəhdindən savayı bir şey deyildi. Çünki bu göstəricilərə nail olmaq, demoqrafik durumu yaxşılaşdırmaqdan ötrü üçün ölkədə iqtisadiyyat normal axarına düşməli, yetərli sayda iş yerləri açılmalı, güzəran-dolanışıq orta səviyyəyə qalxmalıdır.

Bundan ötrü isə işğalçı ölkə üçün açar problem olan Qarabağ ixtilafı nizamlanmalı, iki əsas qonşu dövlət - Türkiyə və Azərbaycanla əlaqələr normallaşdırılmalıdır. Bu da ki, hələ üfüqdə belə görünmür. O səbəbdən Ermənistanda 2018-ci ildəki hakimiyyət çevrilişindən sonra da ölüm faizi doğum faizini üstələməyə davam edir, ermənilər azalır - o cümlədən əli silah tutanlar.

Məsələn, demoqraf Artak Markosyanın Novostink.net-ə bildirdiyinə görə, 2019-cu ildə ölkədə əhali sayı 2018-ci illə müqayisədə daha 6100 nəfər azalıb. "Üstəlik, 2020-ci ildə doğum tempinin daha da azalması gözlənilir ki, bu da 90-cı illərdə anadan olmuş vətəndaşların nikah yaşına girməsi ilə - təxminən yarım milyon insanın Ermənistandan getdiyi dövrlə əlaqədardır”, - deyə o vurğulayıb.

*****

Məhz bunun nəticəsidir ki, Ermənistan illərdir öz işğalçı ordusuna xroniki çağırışçı problemi yaşanır. Silahlı qüvvələri kompelktləşdirmək və işğal rejimini davam etdirmək üçün yaşlı adamlardan, hətta qadınlardan ibarət "könüllülər batalyonu” yaradılır, Yaxın Şərqdən - Livan və Suriyadan muzdlu erməni terrorçuları və hətta PKK-çılar cəlb olunur.

Yeri gəlmişkən, bu arada Suriyanın şimalında 2 il öncə yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib. Bu barədə Türkiyə mətbuatı yazıb (Virtulaz.org).

Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın şimalında, YPG-nin nəzarətində olan bölgələrdə erməni briqadası ötən ilin mayında qurulmuşdu. Üç batalyondan (təxminən 750 nəfər) ibarət olan "Nubar Ozanyan” briqadasının sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin briqadanın bir batalyonu - 250 döyüşçü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib.

Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan briqada 2019-cu ilin aprelində, qondarma "soyqırım”ın ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni briqadası Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşmüşdü.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda detalları açıqlamışdı...

*****

Lakin ən müasir silahlar və döyüş sistemləri ilə təchiz edilmiş və dünyanın 54-cü ordusu sırasında yer almış Azərbaycanın nizami ordusu qarşısında hansısa muzdlu-terrorçuların, 3-5 drama aldadılan "könüllülərin” duruş gətirəcəyi əlbəttə ki, müzakirə mövzusu belə ola bilməz. Bunu yerli analitiklər də əcnəbi təhlilçilər də təsdiqləyir. Yekdil rəy belədir ki, Rusiya neytral qalarsa, Azərbaycan qısa zamanda öz ərazi bütövlüyünü bərpa edər.

"Minsk Qrupunun həmsədrləri ya beynəlxalq hüquq əsasında addım atsınlar, ya da bizi - Azərbaycanı və Ermənistanı tək buraxsınlar”.

Bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Onun sözlərinə görə, əgər işğalçı və Azərbaycan təkbətək olsa, bunun fəsadlarından heç bir qonşu ölkə əziyyət çəkməyəcək. Yəni ki, bölgədə tezliklə işğalçı Ermənistanın da mənfəət götürəcəyi daimi sülh-sabitlik bərqərar olacaq, inkişaf-inteqrasiya təmin ediləcək.

"Yox, əgər bizi təkbətək qoymasalar, o zaman aləm qarışacaq”, - deyə politoloq əlavə edib.

Şübhə yox ki, yeni Qarabağ savaşına Rusiyanın işğalçı tərəfdən müdaxiləsi avtomatik surətdə NATO üzvü Türkiyənin də işə qarışmasına gətirəcək - buradan hamı çıxan bütün ciddi nəticələrlə birgə. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş ölkə rəsmilərinin verdikləri bəyanatlar, etdikləri xəbərdarlıqlar buna şəkk-şübhə yeri saxlamır.

Əslində Rusiya Türkiyə ilə razılaşmaq zorundadır. Əks təqdirdə, həqiqətən də aləm qarışacaq...
"Yeni Müsavat”