Şəfəqə Doğru » Manşet » Həbs edilən Vidadi Muradov vəzifəsindən kənarlaşdırıldı

Həbs edilən Vidadi Muradov vəzifəsindən kənarlaşdırıldı

Həbs  edilən Vidadi Muradov vəzifəsindən kənarlaşdırıldı

Prezident İlham Əliyev "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Vidadi Aydın oğlu Muradov "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”.

Xatırladaq ki, Baş Prokurorluğun dünən yaydığı məlumata görə, "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində ona cinayət işi açılıb.
Məlum olub ki. V.Muradov "Azərxalça”ya məxsus bir neçə milyon manatı talan edərək mənimsəyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

V.Muradov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda "Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.