Üzü yanmış, pis görkəmdə olan aparıcı nə qədər gözəl danışsa da, onu efirə buraxmazlar”
Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, nasir Xeyrəddin Qoca, diktor Əli Məhəmmədoğlunun aparıcılarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. X.Qoca bildirib ki, aparıcıların kök olmaları azmış kimi, dilimizi səlis bilən aparıcılarımız da olduqca azdır:
"Diktor Əli Məhəmmədoğlu nə deyibsə, düz deyib! Hərçənd kök, arıq aparıcılar fikrini müzakirə etmək olar. Əlbəttə, televiziyada görkəmin böyük əhəmiyyəti var. Üzü yanmış, pis görkəmdə olan aparıcı nə qədər gözəl danışsa da, onu efirə buraxmazlar. 250 kilo çəkisi olanı da efirə buraxmaq mümkün deyil. Bir az köklərə isə "dözmək" olar. Diktor sadəcə demək istəyir ki, aparıcının görkəmi, baxımlılığı olsa yaxşıdır. Doğru deyir! Qaldı aparıcıların danışığına, dilimizi-bilib-bilməmələrinə, Azərbaycan dilini səlis bilən aparıcılar olduqca azdır, onları barmaqla saymaq olar. Ümumiyyətlə, millətimizin çox hissəsi kimi aparıcılar da Azərbaycan dilini bilmirlər, odur ki, danışıqlarında savadsızlığa yol verirlər. Danışarkən sözləri, fikirləri düzgün çatdıra bilmirlər, vurğuları yerində işlətmirlər, vergülün, nöqtənin harada işlədilməsindən xəbərləri yoxdur. Bu da onların savadsızlıqlarından xəbər verir”.
X.Qoca bildirib ki, bir çox kanallarda aparıcılar laqqırtı vururlar:
"Hələ bunları bir kənara qoyaq, özəl kanallarda aparıcı əvəzinə bir qadının hər dəqiqə laqqırtı vurması, yanında iki gənc oğlanın əttökən zarafatları dinləyiciləri, tamaşaçıları çox qıcıqlandırır! Onların danışıqları küçə adamlarının danışığından heç nə ilə fərqlənmir! Bir saatlıq, saat yarımlıq veriliş boyu bir dənə mənalı, məntiqli cümlə söyləmirlər! Elə bil, tinbaşı, restoran uşaqlarıdır! Adam onlara qulaq asmağa iyrənir! Bir bunlara deyən yoxdur ki, axı siz efirdəsiniz, sizdən qat-qat ağıllı, savadlı adamlar, ağbirçəklər, ağsaqqalar sizi dinləyir! Onların içərisində məktəblilər, kiçik yaşlı uşaqlar da var. Onlar sizdən nə öyrənsinlər? Siz səhv bir söz işlədəndə azyaşlılar elə bilirlər həmin söz elə deyilməlidir. Fikir versəniz görərsiniz ki, bir məsələ haqqında əksəriyyət eyni fikir söyləyir. Müstəqil fikir söyləyən tapılmır. Uşaqlar da efirlərdə böyüklər kimi danışırlar! Çünki kimsə onlara hazır yazı verib əzbərlətdirir. Hətta dövlət rəhbərləri rayonlara gedəndə hamı eyni danışır! Elə bilirlər belə olmalıdır, çünki efirlərdə belə görüb, belə eşidiblər! Bunları deməkdə məqsədim odur ki, televiziyalarımız, efirlərımiz xalqı maarifləndirmək, savadlandırmaq əvəzinə, bunların əksini edir. Belə davam etməməlidir! Belə olmamalıdır! Daha yazmaqdan, deməkdən yorulmuşuq! Necə deyərlər, "dəyirman öz işindədir..."”