Böyük Britaniyada aparılan tədqiqata əsasən, koronavirus keçirmiş adamların 34 %-də müxtəlif dərəcələrdə psixi ya da nevrotik problem yarandığı
müşahidə edilmişdir. Bu problemin səbəbi virusun özüdürmü, yoxsa virusdan irəli
gələn digər stress qaynaqlarıdırmı bu hələ də qaranlıq qalır.
Fransanın "Elm və gələcək”
jurnalının yaydığı məlumata əsasən, britaniyalı ekspertlərin gəldiyi nəticə
belədir ki, xəstəliyin keçirilmə ağırlığından asılı olaraq insanın aldığı xəsarət
də dəyişir. Bəzi adamlarda (çoxluq belədir) bu adi həyacanlılıq ("anksiyete") sindromu kimi,
bəzilərində isə ağlını itirmək qədər ağır şəkildə özünü göstərir (1%-dən az
sayda adamda görünüb). Araşdırma 230000 adamın xəstəlikdən sonrakı 6 ay boyunca aparılan
müşahidələrinə söykənir. Həmin ekspertlər qeyd edirlər ki, virusun beyindəki neyronlara hücum etdiyini göstərən məlumatlar vardır. Bu da birbaşa
şüur və qavrama bacarıqlarına mənfi təsir edə bilər. Analizin dəqiqliyini
dərinləşdirmək üçün ekspertlər heç Covid19 keçirməyən, Covid-ə bənzər tənəffüs
xəstəlikləri keçirmiş olan və bir də Covid19 keçirmiş olan adamları ayrı-ayrı
təhlil ediblər.
Nəzərlə almaq lazımdır ki, ötən bir ildə insanların psixi halına başqa amillər də təsir etmişdir. Onlar virusla əlaqəli olsa da, virusun öz gücünə yaratdığı xəsarətlər deyildir. Məsələn, pandemiya ucbatından iş yerlərinin bağlanması, evdən çıxma qadağaları, xəstəlik ətrafında dolaşan
söz-söhbətlər də insanın nevrotik və psixoloji vəziyyətinə təsir edir.
Odur ki, bu mənfi müşahidələri birbaşa virusun özünə bağlamaq hələ ki, ehtiyatsız bir yanaşma
olardı.