Şəfəqə Doğru » Manşet » XALQA QƏNİM KƏSİLMİŞ MƏMUR ÖVLADLARI

XALQA QƏNİM KƏSİLMİŞ MƏMUR ÖVLADLARI

XALQA QƏNİM KƏSİLMİŞ MƏMUR ÖVLADLARI
Hərəsinin arxasında onillikərin sərvət sınağında "bişmiş" bir məmur qüdrəti dayanıb...

Ötən əsrin əvvəllərində Bakını lərzə gətirən "qoçu döyüşləri"nin zamanla transferinə bənzəyən müasirləşmiş lotuluq qudurğan məmur övladlarının sanki gündəlik həyat normasına çevrilib. "Avtoşluq"la bahalı "inomarkaların" birindən düşüb o birinə minən, gənc qızların əhrimənı rolunda əsil-nəcabətinin belə işlətmədiyi min cür "günah" oyunlarından çıxan harın məmur balalarının həyasızlığı elə bunlarla məhdudlaşmış olsaydı, dərd yarıydı. İndi elə bir vəziyyət yaranıb ki, belə cinayətlər adi bir şey sayılır. Mən bu gəncləri qınamıram. Onları düzgün tərbiyə etməyənlər, əxlaqsız davranışlarına sədd çəkməyənlər, pul, var-dövlət və sərvət bolluğunda əzizləyərək ərköyünləşdirənlər qınaq obyektinə çevrilməliydi.Shafaqadogru.com  memur.az-a istinadən xəbər verir ki, paytaxtımızı artıq başına götürmüş belə müdhiş mənzərələri seyr etdikdə, adamın az qala ağlı başından çıxır. Doğrudanmı bizim cəmiyyətimizdə belə qudurğanların qarşısına bir daş diyirlədən tapılmır? Niyə də tapılsın? Axı, zəmanəmizin yeni formalaşmış fəlsəfəsinə görə pullu adamların günahı qanun keşikçiləri tərəfindən olduqca rahat şəkildə bağışlanır. Bir də görürsən ki, "qalenvagenlə" adam vurub öldürən rəis oğlunun sorağı cəzaçəkmə müəssisəsində deyil, haradansa, xarici ölkədən gəlir."Papası" bir müddətə bu gədəni xaricə göndərib. Ara sakitləşdikdən sonra qayıdacaq. Bəs bu məmura nə olub, sanki "qayişniklərin" əlindən zəncir çeynəyir? Sən demə, hərəkətin təhlükəsizliyi qaydalarını pozduğuna görə bu məmurun oğlunu yol polisi saxlayıb cərimələyib. Nəticədə isə, yol polisinin özünü günahkar çıxardıb vəzifədən bayıra atıblar. İndi tində məhəllə uşaqlarına qaynayıb qarışıb, tum çırtlayır... Bütün bunlar demək olar ki, gündəlik həyatda rast gəldiyimiz hadisələrdəndir. Bir fərqlə ki, bu hadisələrin "qəhrəmanları" lap amerikan kinolarındakı kimi, məğlubiyyətin, cəzanın nə olduğunu bilmirlər. Bir məqamı da nəzərdən qaçırmayaq. Fikir verin, görün ölkədə nə qədər nazir və nə qədər icra başçısı var. Başa düşmək olmur, doğrudanmı, bu məmur balaları istədiklərini edə bilərlər? Özü də hərəsinin arxasında onillikərin sərvət sınağında təbii ki, "bişmiş" bir məmur qüdrəti dayanıb. Axtarsan, bəzi nazir və icra başçılarının övladları tutduğu vəzifənin funksiyasından belə bixəbərdir. Bəzilərinin isə normal protokol tərtibatından belə anlayışı yoxdur. Bunlar dövlət və dövlətçilik qarşısında hansı xidmət göstərə biləcəklər. Rəis ki, vəzifə pillələrində xidmətin nə olduğunu bilmədi, sınaqlardan, bərkdən-boşdan çıxmadı, ondan vəzifəyə adekvat kadr çıxa bilməz. Bu nazir və başçıların oğullarının isə payına rəislik göydəndüşmə bir "lotereya" bileti, ya da "papa", nə bilim, "general dayı" hədiyyəsi rolunu oynayır. Xeyr, əzizim. Belə getməz. Dövlət məmuru vəzifə pilləsinidə bişməli, təcrübə qazanmalıdır. Axı bu ölkə mozambik deyil! İlk baxışdan "yaman günün yarağı" rolunu oynayan belə rəisləri vəzifə kreslosunda otrutmağın yalnız bir məqsədə-şəbəkələşmiş korrupsiya sisteminə işlədiyi qənaətinə gəlmək olar. Haqqın mizan-tərəzisi də bunların qüdrətinə "bəçeşm" deməkdədir...Təəssüf ki, bu cür ədalətsizliklər cəmiyyətin sıravi üzvlərində də bir haqlı çaşqınlığa səbəb olur. Bəzən adama elə gəlir ki, Azərbaycan xalqı şəbəkələşmiş məmur orkestrinin çalğılarına"şiling" atmaq kimi acı taleyi ilə artıq barışıb. Məncə, belə deyil. Nazirlərin və icra başçılarının rəisləşmiş övladlarını qanunçuluğu ayaqlamağa, əxlaqsızlıq və mədəniyyətsizliyə, özbaşınalığa təhrik edən amillər aradan qaldırıldıqca, xalqına qənim kəsilmiş məmurlar, eynən də azğınlaşmış rəislər zamanın axarında sovrulub gedəcəklər.