"İranın bu hərəkətlərinə kifayət qədər sərt qarşılıq verildi, mollalar yerində oturduldu”.
Bu fikirləri İranın Azərbaycana yönəlik aqressiv davranışlarının daha nə qədər davam edə biləcəyinə toxunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
BAP sədri hesab edir ki, bir müddətdən sonra mövcud gərginliyin azaldığı müşahidə ediləcək:
"İranın mollaları ağılsızlıqları üzündən həm özlərini dərin bataqlığa salıblar, həm də bizim başımızı lazımsız işlərlə qatıblar. Təəssüf ki, reallığı nəzərə ala bilməyən İran rəsmiləri yersiz ritorikalarını daha da sərtləşdirməkdədirlər.
Amma hesab edirəm ki, bunun da bir həddi var və müəyyən zamandan sonra ara sakitləşəcək. Hamıya aydındır ki, vəziyyətin gərginləşməsi nə İrana sərf edir, nə də Azərbaycana.
Sadəcə bu arada İran regiondakı vəziyyətlə bağlı öz narazılığını, düşüncələrini çox isterik formada ortaya qoydu. Özü də görür ki, bu hərəkətləri ilə Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələrlə münasibətlərini korlayır.
Amma İran xarici işlər nazirinin Moskvaya səfəri, həmçinin Ermənistan xarici işlər nazirinin Tehrana gəlişi göstərir ki, İran hələ ki bu isterikadan çıxa bilmir.
Fikrimcə, İranın bu hərəkətlərinə kifayət qədər sərt qarşılıq verildi, mollalar yerində oturduldu. O baxımdan, belə düşünürəm ki, bir müddətdən sonra mövcud gərginliyin azaldığını müşahidə edəcəyik. İranın başqa variantı yoxdur”.