"Hazırda gömrükdə vəziyyət elə qarışıqdır ki, bəzən iş adamlarına rəsmi gömrük rüsumundansa rüşvət vermək daha çox sərf edir”. Bu sözləri Savash.org-a iqtisadçı ekspert Natiq Cəfərli ölkədəki bahalaşmaya münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, indi 18 faiz ƏDV-dən başqa iş adamları gömrük rüsumu da ödəyir:
"Rüsumlar isə çox fərqlidir; bəzi mallarda aşağıdır, bəzilərində isə yüksəkdir. Ona görə də gömrükdə bütün sahələrdə leqallaşma olsa təbii ki, bəzi sahələrdə bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Ancaq bəzi materiallarda isə bahalaşmaya səbəb olacaq.Azərbaycan bazarlarının xarakterik xüsusiyyətlərindən biri də odur ki, bahalaşma üçün kiçik bir səbəb olanda qiymətlər dərhal qaldırılır. Lakin malların ucuzlaşması üçün iqtisadi əsas yarananda biz eyni operativ davranışların şahidi olmuruq.”
Azərbaycan bazarının bu xarakterini dəyərləndirən iqtisadçı ekspert bildirdi ki, satıcıların bu davranışı haqlı olmasa da, anlaşılandır: "Mən satıcılara haqq qazandırmıram, lakin onların bu davranışını başa düşmək olar. Ölkədəki vəziyyət budur ki, manatın taleyi bəlli deyil. Manatın yenidən dəyərdən düşməsi ehtimalının yüksək olduğu bir şəraitdə iş adamları gəlirlərini sığortalamağa çalışırlar və risk marjını da qiymətin üzərinə qoyurlar. Gələcəkdə baş verəcək devalvasiyadan bu yolla qorunmağa çalışırlar. Mən demirəm ki, bu doğrudur. Ancaq biznesin davranış qaydalarına uyğundur”.
N.Cəfərli onu da əlavə edib ki, iş adamlarının bazarın tələblərinə cavab verməməsinin ən önəmli səbəbi rəqabətli mühitin olmamasıdır: "Ona görə bazarda qiymətlərdə çox ciddi pərakəndəlik var. Satıcılar köhnə malları da yeni qiymətlərlə satmağa çalışırlar. Burada qanun pozuntusu və ya hər hansı kriminal yoxdur. İş adamları, sadəcə, gələcəkdə olacaq itkilərinin sığortalanması haqqında düşünürlər. Ciddi rəqabətli mühit olsa, iş adamlarının bu davranış qaydası da dəyişəcək. Rəqabətdə qalib gəlmək istəyən iş adamları qiymət siyasətini daha çevik edəcəklər və bazarın tələblərinə uyğunlaşdıracaqlar.”