Şəfəqə Doğru » Manşet » Putini Tehrana aparan səbəb - O, Rəisini nəyə razı salmağa çalışacaq?

Putini Tehrana aparan səbəb - O, Rəisini nəyə razı salmağa çalışacaq?

Putini Tehrana aparan səbəb - O, Rəisini nəyə razı salmağa çalışacaq?

Rusiya Prezidenti Vladimir Putin gələn həftə İran və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi planını müzakirə etmək üçün Tehrana səfər edəcək. Onun iranlı həmkarı İbrahim Rəisi ilə təkbətək görüş keçirəcəyi gözlənilir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, görüş liderlərin daha vacib məqamlar barədə fikir mübadiləsi aparmaları və razılığa gəlmələri üçün fürsətdir:

 

"Bundan əvvəl region ölkələrinin XİN başçılarının qarşılıqlı səfərləri, müzakirələri olmuşdu. Həmin görüşlərdən sonra liderlər arasında təmasların da olacağı gözlənilən idi.  Kreml sivil dünyadan təcrid olunur, bir çox dövlətlər Rusiyanı "iqnor edir”. Moskvanın nəinki müttəfiqləri, hətta onunla "yola gedən” dövlətlər belə, barmaqla sayıla biləcək qədər azdır. Onlardan biri də İrandır. Rusiya heç olmasa, bir neçə dövlətin, o cümlədən İranın onun yanında olduğundan, "arxadan zərbə” vurmayacağından əmin olmaq istəyir. Putinlə Rəisinin müzakirə edəcəyi bir neçə əsas məsələ var. Bunlardan birincisi, şübhəsiz ki, Şərqi Avropada davam edən müharibədir. Tehran hələlik proseslərə mümkün qədər neytral yanaşmağa çalışır. Yəqin ki, müharibə bir az da uzansa, daha konkret mövqe sərgiləməyə məcbur olacaq. Doğrudur, Moskva ilə Tehranın mövqeyi bəzi məsələlərdə də üst-üstə düşmür, lakin nəzərə almaq lazımdır ki, Rusiya ilə İranı bir-birinə bağlayan tarixi əlaqələr var. Bu iki dövlət zaman- zaman "paslaşmağı” da bacarırlar”.

 

 
 
 

Müsahibimizin sözlərinə görə, İran Rusiyadan sonra Qərbin növbəti hədəflərindən biri olduğunu başa düşür:

 

"Bu müharibədə Rusiyanın uduzmağı İrana sərf etmir. Tehran açıq-aydın Moskvanı dəstəkləyəcəyi təqdirdə isə Qərbin sərt sanksiyaların ilə üzləşəcəyini bilir. Bu səbəbdən də hələlik "yaxasını kənara çəkib". Lakin bu, uzun müddət davam edə bilməz. Yəqin ki, prezidentlər bu mövzu ətrafında ətraflı danışacaqlar. Həmçinin prezidentlər regiondakı mövcud durum barədə də müzakirələr aparacaq. Bu kontekstdə tərəflərin xüsusilə Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması barədə fikir mübadiləsi aparmaları mümkündür.  Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesisinin Tehranın ürəyincə olacağını düşünmürəm. Odur ki, Rusiya və İran liderləri arasında bu prosesə mane olmaqla bağlı hansı gizli danışıqların baş tutacağı istisna deyil. Rəisi ilə Putinin regionun ehtimal olunan gələcək siyasi mənzərələrindən biri olan altılıq platforması barədə fikir mübadiləsi aparmaları da mümkündür”.

 

Günay Rəsulqızı