"Toy mərasimləri haqqında qanunun qəbulu uzun müddətdir müzakirə mövzusu olsa da, hələ ki belə bir sənəd qəbul olunmayıb. Toy adət-ənənələrini xalqımız yüz illər boyu yaşadıb, ancaq toy mərasimlərinin tənzimlənməsi ilə bağlı Milli Məclisdə qanunun qəbul edilməsi bu gün vacibdir".
Shafaqadogru.com bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, hazırda dünyada ciddi maliyyə böhranı mövcuddur və əlbəttə ki, bu vəziyyət Azərbaycana da təsir edir: "Xüsusən də belə bir məqamda insanların israfçılığa yol verməsi doğru deyil. Lakin çox vaxt bu, onlardan asılı olmur. Süni yaradılan problemlər ucbatından insanlar qənaət edə bilmir və son nəticədə ziyana düşürlər".
M.İbrahimqızı deyib ki, şadlıq evlərinin sahibləri mafiya, qrup yaradıblar: "Bu toy mafiyaları sadə insanlara imkan vermirlər ki, insanlar öz büdcələrinə uyğun menyu seçsinlər. Şadlıq evləri öz qiymətlərini diktə edir, süni şəkildə qiymətləri artırırlar. Bu, mədəni yolla vətəndaşları soymaqdır. Menyu vətəndaşların imkanlarına uyğun tərtib edilməlidir. Bu səbəblərdən parlamentdə toy mərasimləri ilə bağlı qanun layihəsi hazırlanmalıdır. Bu məsələdə qanun öz sözünü deməlidir".