Şəfəqə Doğru » Manşet » Azərbaycanda böyrək xəstələrinin sayı artıb və gəncləşib

Azərbaycanda böyrək xəstələrinin sayı artıb və gəncləşib

Azərbaycanda böyrək xəstələrinin sayı artıb və gəncləşib

Adil Qeybulla: "Bu, oturaq həyat tərzi, içməli su və ərzaq problemi ilə sıx bağlıdır”

 


Azərbaycanda bir sıra xəstəliklər sürətlə artır və gəncləşir. Bunlardan biri də böyrək xəstəlikləridir. Hər 100 min insandan təxminən 50-si böyrəklə bağlı problem yaşayır. Bu xəstələrin təxminən yarısı hemodializ müalicəsi qəbul edir. 

Ölkəmizdə 8-i Bakı, 25-i regionlarda olmaqla, 33 hemodializ mərkəzi var. 2634 xəstə dövlət hesabına hemodializə cəlb olunur. 2006-cı ildə Azərbaycanda 238 nəfər hemodializ xəstəsi var idisə, bu gün həmin xəstələrin sayı 2634 nəfərdir. Bu, təxminən 10 dəfə artım deməkdir.

Respublika Uroloji Xəstəxanasının böyrək nəqli şöbəsinin müdiri Şahlar Nəsirov sentyabrın 7-də böyrək xəstəliklərinə həsr olunmuş tədbirdə çıxış edərək böyrək xəstəliyinin gəncləşdiyini deyib: "İl ərzində uşaq urologiyası şöbəsinə 2100-dən çox xəstə müraciət edib. Bu gün Azərbaycanda 100-dən çox xəstə böyrək köçürülməsindən ötrü növbə gözləyir. ”Bu xəstəxanada ildə 1200-ə yaxın cərrahiyyə əməliyyatı edilir. Ötən il 500 uşaq əməliyyat olunub. İl ərzində uşaq urologiyası şöbəsinə 2100-dən çox xəstə müraciət edib".
Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə bildirib ki, böyrək xəstəlikləri anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə xəstəliklər irsən keçir.

Ölkədə böyrək ağrıları kəskinləşən xəstələrin sayı 10 minə yaxındır. Onların 3100-ü böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub. Onlar arasında 15 yaşına qədər 6 uşaq var. Ən kiçik uşaq isə 6 yaşındadır".

Hazırda Azərbaycanda böyrək köçürülən xəstələrin sayının 732 nəfər olduğu deyilir. Dövlət onların dərmanla təmin olunmasını öz üzərinə götürüb.

Maraqlıdır, böyrək xəstəliklərinin bu qədər artmasına səbəb nədir; qida, su, nəmişlik, yoxsa başqa səbəblər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla yalnız böyrək deyil, bütün xəstəliklərdə artım olduğunu dedi: "Əslində böyrək xəstələrinin artması oturaq həyat tərzi, içməli su, ərzaq problemi ilə sıx bağlıdır. Bu gün xəstəliklərin böyük əksəriyyəti qidalanma tərzi, hətta hipodinamiya ilə bağlıdır. İnsanlar çox qida qəbul edib, az hərəkət edirlər. Bədəndə enerjinin yanma prosesi getmir və daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans müəyyən müddətdən sonra maddələr mübadiləsinin pozulmasına, müxtəlif orqanların çökməsinə, böyrək daşına səbəb olur. Böyrəklərin özü də uzun müddət oturaq həyat, tərzi, qeyri-aktiv həyat, hipodinamiya durğunluğunun əmələ gəlməsinə səbəb olur. Mayelərin axan yerində olan durğunluq çöküntünün, daşların, iltihab prosesinin əmələ gəlməsinə şərait yaradır. Böyrək xəstəliyinin əmələ gəlmə səbəbləri adətən bundan ibarətdir. Ona görə də insanlar az qida qəbul etməli, çox hərəkət etməli, aktiv olmalıdırlar. Nə qədər ki, bunlara riayət olunmayacaq, xəstəliklərə səbəb olacaq”.