"Son iki-üç ayda bura 15-20 yeni "qul” qoşulub. Çoxu da vaxtilə hardasa işi olmuş, amma ixtisara düşmüş adamlardır”. Bunu Qaynarinfo.Az-ın əməkdaşına Bakının 3-cü mikrarayon dairəsi yaxınlığındakı "qul bazarı”nın daimi "sakinlərindən” biri deyib.
Adının çəkilməsini istəməyən həmsöhbətimiz deyib ki, bu "qul bazarı”na üz tutanların sayı az qala hər gün artır. "Hazırda 3-cü mikrarayon "kruqundan” "Papanin” hospitalı istiqamətində körpünün altı "qullarla” doludur. Sayımız artır, amma iş yox. Şəxsən özüm son dörd gündə bir qəpiyin yiyəsi deyiləm. İki uşağım məktəbə gedir. Pal-paltarlarını yenə sağ olsunlar, qohum-qonşunun uşaqlarının köhnələri ilə birtəhər həll elədik. Amma ürəyimdə vicdan əzabı çəkirəm. Mənim balalarım da başqalarınkı kimi, təzəsini geyinmək istəyir. Söz vermişəm ki, bir-iki ay idarə eləyin, yenilərini alacam. Ancaq o vaxtacan da ümidim yoxdur. Həm özümü aldadıram, həm də uşaqları. İmkan yoxdur, neyləyim, qarınlarını zorla doyururam”, - həmsöhbətimiz doluxsunubmuş kimi deyir.
"Elə vaxt olur, günlərlə bir qəpiyin yiyəsi olmuruq. Amma əlacımız nədi? Kefimizdən dayanmamışıq ki, burda... 5-10 manat qazanadək hər cür əziyyət çəkirik. Bəzən "xozeyindən” ağır söz eşidib dözməli oluruq. Neyləyək, məcburuq”, - bunu isə 35-40 yaşlarında başqa bir həmsöhbətimiz bildirir.
"Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı körpünün altında yerləşən "qul bazarı” da son aylarda xeyli yeni "sakin” qəbul edib. "Onsuz da günlərlə iş tapa bilmirik. Bura son vaxtlar xeyli böyüyüb. Böyüdükcə isə iş tapmaq daha çətinləşir”, bunu oranın "sakinlərindən” biri deyib.
O da adının çəkilməsini istəməyib. Səbəbi isə ilgincdir: "Bir dəfə internetdən (xəbər saytlarından birini nəzərdə tutur - red.) gəlib bizi çəkdilər, biz də ürəyimizi boşaltdıq. İnternetdə bu haqda yazandan sonra polislər bizi yaman incitdilər. Neçə ildi işsizəm. İndi burdan birtəhər evimə çörək aparıram. Adımı yazıb məni zibilə salmayın”.
Bu "qul bazarı”nın başqa bir "sakini” isə aralarında ali təhsili olanların da varlığından bəhs edir: "Vallah, elələri gəlir bura, onlara baxıb deyirəm mənə şükür. Cavan oğlan var. Müəllimliyi qurtarıb, gəlib burda iş axtarır. Deyirlər filan qədər yeni iş yeri açmışıq. Hanı bəs? Mənim xoşuma gəlir, hər səhər 6-7-dən gəlib burda durum? İş yeri açırlarsa. Göstərsinlər, mən də gedim işləyim. Məşğulluq İdarəsinə getdim bir dəfə, dörd-beş ay olar. Bir idarəyə göndərdilər, getdim, dedilər, 160 manat maaşdır. Bununla dolanmaq olar? Heç yolpulum eləmir. O pulla uşaqların qarnını doyurum, yoxsa kirayə pulu verim?!”
Zabrat qəsəbəsindəki "qul bazarı”nı müşahidə edən əməkdaşımız da son vaxtlar ora yığışanların sayında artım olduğunu müşahidə edib. Belə görünür, Azərbaycandakı sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, 21-ci əsrdə bir ölkəyə əsla yaraşmayan "qul bazarları”ı da genişlənəcək.
Halbuki hələ 8 il əvvəl – 2008-ci ildə bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda "qul bazarları”nın yığışdırılması təklifini irəli sürəcək. Bunu o vaxt əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov demişdi. Həmin zamanki nazir müavininin sözlərinə görə, bu layihənin reallaşdırılması üçün vaxt tələb olunur.
Aradan 8 il keçib və başda paytaxt Bakı olmaqla, ölkə boyu "qul bazarları” nəinki ləğv edilməyib, əksinə, onlar hər gün daha çox insanın ailəsini dolandırmaq üçün son ümid yerinə çevrilir.