“Xankəndidə separatçıların “həmrəylik və müqavimət” adlandırdıqları mitinqdə bir çox çağırışlar, tələblər olub. Amma, Rusiya diversantı Ruben Vardanyanın mitinqdə “qan olacaq” sösləri yalnız mitinqə toplaşanlara deyil, həm də bizə ünvanlanıb. Yəni, Vardanyan müharibə hazırlığına başlayır”.
Shafaqadogu.com “AzPolitika.info”ya istinadla xəbər verir ki, bunu təhlükəsizlik məsələri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında yaranmış vəziyyəti şərh edərkən belə deyib. Onun sözlərinə görə, Vardanyanın məlum çıxışında sülhdən başqa hər şey var.
O, separatçı milyarderdən sittat gətirərək bildirir ki, Vardanyan Qarabağda ermənilərin üç yolu olduğunu deyib.
"Azərbaycana inteqrasiya, çıxıb getmək və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də vermişəm, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə boyun əyməyəcəyəm. .. Çətin olacaq, qan olacaq, tər olacaq. Amma biz özümüzə, nə etdiyimizə və niyə etdiyimizə inamlı olmalıyıq” -deyə, Rusiyanın göndərdiyi separatçı bildirib.
Ekspert vurğulayır ki, onun boyun əymədiyi Azərbaycanın tələbi sülh tələbidir, birgəyaşayış tələbidir, amma Kremlin emissarınının bir tələbi var- döyüşmək, qan tökmək.
İ.İsmayıl hesab edir ki, Vardanyanın məhz 25 dekabra “müqavimət” mitinqi çağırması təsadüfi deyil: “Xatırladaq ki, 31 oktyabrda Soçidə keçirilmiş üçtərəfli görüşdən bir gün əvvəl də Vardanyan Xankəndidə etiraz mitinqi təşkil etməklə Azərbaycana təzyiq nümayiş etdirdi. O vaxt da, bu gün də keçirilmiş mitinqlər yalnız Vardanyanın başının altından çıxmamışdı. Soçi görüşünün ruhu bunu sübut etdi. Sabah da Sankt-Petrburqda MDB dövlət başçılarının qeyri-formal görüşü olacaq. Görüş ərəfəsində erməni mətbuatında xəbər yayıldı ki, bir qrup Xankəndi sakinləri sülhməramlılarla görüşüb və yolun açılmasını tələb ediblər. Sülhməramlılar da onlara bildirib ki, dekabrın 26-da Laçın yolu tam açılacaq. Məlumatda o da qeyd edilib ki, Sankt-Peterburqda şəxsən Vladimir Putin öz adından və mümkündür ki, MDB üzv ölkələri adından Yeni il ərəfəsində Laçın yolundakı aksiyaya son qoyulması ilə bağlı Azərbaycana müraciət etsin. Mətbuata ötürülmüş belə bir müraciət-variantın baş verməsi mümkündür. Azərbaycanın bu müraciətə reaksiyasının mənfi olacağı, yəni razılaşmayacağı daha çox inandırıcıdır. Humanizm prinsipləri adı altında belə bir razılaşma olarsa, bütün Ermənistan, Xankəndi bunu humanist addım kimi deyil, Azərbaycan üzərində qələbə kimi dəyərləndirib car çəkəcəklər ki, “Azərbaycan Artsax xalqının basqılarına tab gətirmədi” və nəticədə yolu açmağa məcbur edildi”.
Təhlilçi hesab edir ki, biz Ermənistana, separatçı rejimə, diaspora, Xankəndi ermənilərinə, nəhayət şəxsən Ruben Vardanyana belə bir fürsəti verə bilmərik.
Onun sözlərinə görə, Sankt Petrburq görüşündən əvvəl “müqavimət” mitinqini məhz o məqsədlə təşkil ediblər ki, guya biz bunların təzyiqi ilə geri çəkiləcəyik.
“Buna qəti şəkildə imkan vermək olmaz!”,- o vurğuylayıb
İ.İsmayıl deyir ki, hər zaman özlərini “əzabkeş millət” obrazında təqdim etməyi sevən və bununla fəxr edən ermənilər “müqavimət mitinqində” də dünyaya müraciət qəbul edib, yenə də ənənələrinə sadiq olduqlarını nümayiş etdiriblər: “Bu dəfə müraciətə Moskvadan gələn tezis də əlavə edilib: ”artsax” öz imkanlarını və Rusiya Federasiyasının sülhməramli missiyasinin imkanlarını birləşdirərək öz xalqının təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün səylərini davam etdirəcək”. Düşmən bununla bir daha 1988-ci ildəki iddialarından-Azərbaycandan torpaq qoparmaq iddialarından əl çəkmədiyini açıq şəkildə nümayiş etdirib. Zatən, müraciətlərinin son cümləsində “1988-ci ildə olduğu kimi yenidən başlamalıyıq”çağırışı da ermənilərin məğlubiyyətdən sonra da islah olmadıqlarını sübut edir”.
Ekspert qeyd edir ki, hansı yolla, kimlərdən hansı şəkildə istifadə etmələrindən asılı olmayaraq separatçılar Xankəndi meydanına bir xeyli adam toplaya bilmişdilər.
Onun sözlərinə görə, düşmən havadarlarının və onların emissarlarının verdikləri ümid və vədlər heç də qulaqardına vurulmayıb. İşimizi, siyasətimizi reallığa əsasən qurmalıyıq, istək və arzularımıza görə yox.
“İstəyimiz, marağımız dövlətimizin ərazi bütövlüyüdür, bu yolda Azərbaycan üç mindən çox şəhid verib, qan töküb torpaq azad edib. Vardanyan qan istəyirsə, onu da alacaq! Separatçı rejimin aqressiv siyasətinə bu günlərdə daha kəskin cavab vermək zəruri tələb həddinə çatıb...”, - təhliçi əlavə edib.
İlham İsmayıl hesab edir ki, ilk addım kimi dövlət sərhədində Azərbaycanın sərhəd nəzarət məntəqəsi yeni ilin ilk günündən qurulmalıdır.
“Ermənilər çətin olsa da, gizlicə Xankəndinin arxasındakı Kərkicahan yolundan istifadə edirlər. Ona görə də sərhədin özündə nəzarətimiz yaradılmalıdır”, - o vurğulayıb.