Suyun qiyməti yaxın günlərdə yenidən qalxa bilər.
Martın 10-da "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov mətbuat konfransında yaxın zamanda suyun qiymətinin qalxıb-qalxmayacağı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir.
"Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər" o, qeyd edib.
Shafaqadogru.com bildirir ki, cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Etibar Məmmədovun fikirləri ilə razılaşmayıb.
O bildirib ki, Azərbaycanda suyun tarifləri Avropadakı həmin kommunal üzrə tariflərlə bərabər tutulması qeyri-mümkündür:
“İlk növbədə Azərbaycan və Avropa ölkələrində suyun maye dəyəri eyni deyil. Çünki Avropada su xidmətləri sektorunda çalışan işçilərin əməkhaqqısı Azərbaycanda həmin sektorda işləyən şəxslərin maaşından qat-qat yüksəkdir. Eyni zamanda istehlak qabiliyyəti aspektindən baxmağa çalışanda, daha yaxşı olar ki, suyun qiymətində artımı orta və minimum əməkhaqqının xüsusi çəkisi ilə müqayisə edilsin. Müqayisə aparılsın ki, Azərbaycanda və Avropanın hər hansı ölkəsində vətəndaş aldığı orta və ya minimum aylıq əməkhaqqının nə qədər hissəsini suya ödəyir. Yalnız bu çərçivədə müqayisələrin aparılması bizi düzgün analiz etməyə sövq edə bilər".
Suyun təmin edilməsində təbii resurslardan səmərəli istifadə məsələsinə toxunan Rəşad Həsənov vurğulayıb ki, ölkəmizdə suyun istifadə edilməsində eko-standartlara əməl olunmur:
“Avropada sudan istifadə ilə bağlı qaydalar çox sərtdir. Azərbaycanda demək olar ki, suyun istifadə edilməsində standartlara əməl olunmur. Avropanın inkişaf etmiş ölkələrində suyun keyfiyyəti ilə Azərbaycanda əhaliyə təqdim olunan suyun keyfiyyəti arasında ciddi fərq var. Bizdə əhaliyə verilən suyun yüzdə beşi xlorludur. Sudan çox qum gəlir. Suyun təmizlənməsi və filterdən keçirilməsi çox xərc tələb edir.
Bununla bərabər, Azərbaycanda həmin sektora qoyunlan investisiyaların düzgün xəcrlənməsində şəffaflıq təmin olunmur. Melorasiya və Su Təsərrüfatı İdarəsinin fəaliyyəti demək olar ki, bərbaddır. Bu qurum böyük vəsaitləri səmərəsiz şəkildə istifadə edir. Suyun səmərəli istifadə edilməsi, həmçinin su qıtlığının aradan qaldırılması istiqamətlərində bir sıra münasib və uyğun metodlar tətbiq edilməlidir.
Xatırladım ki, iki il bundan əvvəl suyun qiyməti iki dəfə artırılıb. Amma pensiyada, təqaüddə və maaşlarda bu kimi artımlar müşahidə edilməyib”.