Türkiyə olaraq dost və qardaş Niger xalqının yanında olmağa davam edəcəyik.
Shafaqadogru.com TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən deyib.
"İndiyədək Nigerdəki problemin həllinə hələ də nail olunmayıb. Hazırda xarici işlər nazirliyimizlə buradakı problemin həll yollarını düşünürük. Ümid edirəm ki, dost və qardaş ölkə Niger ən qısa zamanda konstitusiya quruluşuna və demokratik idarəçiliyə nail olacaq. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerə hərbi müdaxilə qərarını doğru hesab etmirəm. Bu qərardan sonra Mali və Burkina Faso da Nigerə belə bir hərbi müdaxilənin onlara qarşı müharibə olduğu barədə xəbərdarlıq ediblər",- deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, Nigerə hərbi müdaxilə bir çox Afrika ölkələrinə qeyri-sabitliyin yayılması demək olardı:
"Ümid edirəm ki, Nigerdə sosial sülh və sabitlik tezliklə bərpa olunacaq, Niger xalqı ən qısa zamanda demokratiya qazanacaq və seçkilərə gedəcək. Türkiyə olaraq dost və qardaş Niger xalqının yanında olmağa davam edəcəyik".
Qeyd edək ki, iyulun sonlarında Niger Prezident Qvardiyasının hərbi qrupu qiyam qaldıraraq prezident Məhəmməd Bazumu istefaya göndərdiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb. /trend/