Ekspert: "Bu, həm də mənzil bazarında müəyyən canlanmaya gətirəcək”
Azərbaycanda tikiləcək sosial mənzillərin şərtləri ictimaiyyətə açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev AzTV-yə müsahibəsində bu mənzilləri əldə etmənin yollarını açıqlayıb.
Nuriyev vurğulayıb ki, ilkin mərhələdə 1850 mənzil tikiləcək və onlar bazar qiymətindən daha ucuz təklif olunacaq: "Sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur. Çalışacağıq ki, uzunmüddətli ödəniş sistemində bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın”. S.Nuriyev deyib ki, evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək. Agentlik rəhbəri həmçinin qeyd edib ki, hazırda Yasamal rayonundan başqa Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır.
Sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq. Vətəndaşların mənzillərin alması üçün elektron müraciətlərə mayın 1-dən başlayacaq. Kağız formasında ASAN Xidmət vasitəsilə müraciətlər qeydə alınacaq.
Mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov "Yeni Müsavat”a açıqlamasında bu qərarı müsbət addım kimi qiymətləndirdi: "Bu qərarın olması müsbət haldır və icra olunarsa mənzil bazarında müəyyən canlanmaya gətirəcək. Lakin qiymətlər mənə bir qədər şübhəli görünür. Burada qiymətlər tikintinin maya dəyərindən aşağıdır. Hazırki binalarda mənzilin bir kvadratmetri minimum 200 manata tikilir, ən aşağısı da 250 manata təmir olunur. Bu isə 450 manat edir. Belə çıxır ki, dövlət öz ziyanına mənzil tikintisi aparır. Bu mənzillər minimum maya dəyərinə satılmalıdır. İstənilən halda bu qərar mənzil bazarında təklif bolluğu yaradır. Nəzərə alsaq ki, bu evlər 3 ildən sonra bazarda satış obyekti ola bilər. Deməli, bazarda təklifin artmasına səbəb olur. Həmçinin bu aztəmninatlı ailələrin mənzil probleminin həllinə yönəlmiş bir layihədir və alqışlanmalı addımdır. Digər bir tərəfdən isə məşğulluq yaradır və tikinti materialları bazarında da canlanmaya səbəb olur”.
Ekspert bu məsələdə İpoteka Fondunun da iştirakının vacibliyini qeyd etdi və bununla bağlı şərtlərin də açıqlanmasını vacib saydı: "Bu mənzillərin satışı iki formada həyata keçirilir. Birincisi, nağd pulla almaq olar, ikincisi İpoteka Fondunun 4 faizli kreditlərindən yararlanmaq olar. Şərtlər normaldır. Bu prosesdə İpotek Fondunun da iştirakı vacibdir və nəzərə alınır. Güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olanların siyahısı da İpoteka Fondunun şərtləri ilə eynidir. Lakin bu, o demək deyil ki, o siyahıdakı sosial qruplara uyğun gəlməyənlər sosial evlərdən ala bilməyəcək. Sadəcə fərq ondadır ki, həmin koteqoriyaya daxil olmayan insanlar mənzilləri güzəştli şərtlərlə yox, normal şərtlərlə alacaqlar”.